Şənbə , 27 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Bayramov “təqsirsizəm” deyib, ola bilsin, Qarayevin hansı addım atacağını gözləyir, ona görə də hələ susmağa üstünlük verir”

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Mətbuatın yazdığına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Bayramov ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə sabiq nazir müavininə sərbəst ifadə verməyi təklif edib. R.Bayramovun vəkili vəsatətlə çıxış edərək bildirib ki, müvəkkili hazırda ifadə vermək istəmir: “Rafiq Bayramov şahidlər məhkəmədə ifadə verib bitirəndən sonra ifadə vermək istəyir”.

R.Bayramov da vəkilin vəsatətinin təmin edilməsini xahiş edib. Hakim vəsatəti təmin edib. Proses iyunun 8-ə təyin olunub.

Qeyd edək ki, mədəniyyət nazirinin müavini olmuş Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əmələ yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında R.Bayramov və Z.Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində R.Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əməkhaqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin R.Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə R.Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev bu həbs işindən kənarda qaldı və  bildiyimiz qədər, heç ifadə verməyə də çağırılmayib.

R.Bayaramov mühüm nə deyə bilər ki, onu indi demək istəməyib? Sabiq nazir müavininin ifadə verməkdən imtina etməsi nə ilə bağlı ola bilər?

  • “Sabiq nazir müavininin hələ ki, ifadə verməkdən imtina etməsinin altında çox mətləb dayana bilər”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, keçən il Mədəniyyət Nazirliyində keçirilən əməliyyat nəticəsində baş verən həbslər zamanı sabiq nazirin kənarda qalması hələ də cəmiyyət tərəfindən sualla qarşılanır: “Birincisi, nazirlikdə keçirilən əməliyyat nəticəsində nazir müavini də daxil olmaqla bir neçə məmur həbs edildi. Nazir müavini, xidmət rəisi həbs edilsə də, həmin dövrdə mədəniyyət naziri olan Əbülfəs Qarayev istintaqdan kənarda qaldı. Məlumdur ki, R.Bayramovun və digərlərinin əməllərinə məhkəmə qiymət verəcək, onların cinayətkar olub-olmadıqlarını məhkəmə müəyyən edəcək. Biz bir söz deyə bilmərik, amma ortada iddialar, ittihamlar, prokurorluğun apardığı araşdırmalar var. Bayramov məhkəmdə özünü günahsız sayıb və ifadə verməkdən imtina edib. Sabiq nazir müavininin hələ ki, ifadə verməkdən imtina etməsinin altında çox mətləb dayana bilər. Çox ehtimal ki, o, siqnal gözləyir, yəni Ə.Qarayevin onu xilas edib-etməyəcəyinə görə hərəkət etmək istəyir. Bəlkə düşünür ki, sabiq mədəniyyət naziri ifadə verməyibsə, onun ifadə verməyi tezdir. Bayramov “təqsirsizəm” deyib, ola bilsin, Qarayevin hansı addım atacağını gözləyir, ona görə də hələ susmağa üstünlük verir” – deyə ekspert qeyd etdi.

İradə SARIYEV

Check Also

İstanbulun ən gözəl məkanı: Galataport

MAPIC 2023 Mükafatlarında “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” olaraq tanınan Galataport, Karaköyün İstanbulun cazibə mərkəzi …