Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Bizdə siyasi partiyaların heç birinin alternativ proqramı yoxdur”

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların sayı kifayət qədər olsa da, təəssüf ki, onların mütləq əksəriyyətinin məramı, məqsədi, platforması, tutduğu yol aydın deyil. Məsələn, indiyə qədər ölkəmizdə fəaliyyət göstərən heç bir siyasi partiyanın özünün mədəniyyət, sosial, iqtisadi, təhsil, turizm və sair sahələr üzrə təklifi, proqramı olmayıb.

Maraqlıdır ki, bizim hakimiyyət iddiasında olan siyasi partiyalarımız hökumətin bu kimi sahələrlə bağlı təklif etdiyi layihələrin alternativlərini hazırlayıb ortaya çıxarmırlar. Halbuki, onların özlərinin dil məsələsindən tutmuş, turizmə qədər bütün sahələri əhatə edən təkliflər paketi, xüsusi layihələri olmalıdır. Xarici ölkələrin təcrübəsinə baxsaq görərik ki, bütün siyasi partiyaların hökumətin hazırladığı layihələrə alternativ variantları, təklifləri olur. Bizdə isə bu yoxdur, siyasi partiyaların proqramsiz, layihəsiz hakimiyyətə iddialari var.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar niyə bu sahədə axsayırlar, nə üçün onların alternativ layihələri olmur?

  • “Hakimiyyətə iddiası yerə-göyə sığışmayan siyasi partiyaların…”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bu mövzu olduqca aktualdır. “Bu məsələ olduqca aktualdır, dəfələrlə bu mövzuya toxunmuşam. Siyasi partiya deyəndə bu, hakimiyyətə iddialıdır və özünü hakimiyyətdə, parlamentdə görür. Həmin siyasi təşkilatların mədəniyyət, sosial, iqtisadi, təhsil, turizm və digər sahələr üzrə fəaliyyət proqramları olmalıdır. Belə deyək, hökumətin proqramlarına, layihələrinə alternativ, daha çox xalqa fayda verəcək, dövlətin inkişafına səbəb olacaq layihələri olmalıdır. Çox təəssüflər olsun ki, bizdə siyasi partiyaların heç birinin alternativ proqramı yoxdur. Hamısında vəziyyət eynidir. Hətta hakimiyyətə ən iddialı olan partiyaların özündə də bu yoxdur. Halbuki, onlar özlərini hakimiyyətdə görürlər və iddia edirlər ki, hakimiyyətə gəlib “xalqı ağ günə çıxaracaq bir qüvvədir”lər. Hakimiyyətə iddiası yerə-göyə sığışmayan siyasi partiyaların heç olmasa biri, tutalım, mədəniyyət, sosial və sair sahə üzrə hökumətin proqramlarına alternativ bir proqram ortaya qoysunlar. Bu siyasi partiyaların heç bir sahə üzrə alternativ proqramı yoxdur. Halbuki, hər bir siyasi partiyanın özünün “kölgə kabineti” olmalıdır. Belə deyək ki, siyasi partiya hakimiyyətə iddialıdırsa, onun bu və ya digər sahələr üzrə namizədləri, həmin partiyanın tanınmış, peşəkar hüquqşünası, mədəniyyət, səhiyyə, sosial, turizm, iqtisadiyyat, hərbi və sair sahədə ekspertləri olmalıdır. Bunlar yoxdur. Hansı siyasi partiyada bunlar varsa, desin var, amma yoxdur. Ancaq ümumi ifadələrlə, ümumi yanaşmalarla çıxış edirlər, tənqidi də ümumi edirlər. Belə tənqidçi mövqe tutan siyasi partiyanın özünün konkret sahələr üzrə alternativ proqram və layihələri olmalıdır, amma yoxdur. Hökumətin həyata keçirdiyi layihəni tənqid etmək asandır, amma həmin layihəni tənqid etmək əvəzinə, ondan daha mükəmməlini hazırlayıb ortaya qoymaq lazımdır. Biz bu illər ərzində bir dənə də olsun belə layihə görməmişik”.

S.Adıgözəllinin sözlərinə görə, müəyyən siyasi parlamentlər olub ki, parlament seçkilərində öz namizədləri ilə çıxış ediblər, bu və ya digər dairədən 70-80 şəxsin namizədliyinin irəli sürüldüyünü görürsən.

S.Adıgözəllinin bildirdiyinə görə, siyasi partiyaların millət vəkili səviyyəsində qanunverici orqan olan parlamentdə sosial siyasət, iqtisadiyyat, maliyyə, mədəniyyət, turizm, səhiyyə, hüquq, vergi, loqistika və sair sahələrdə inkişafın təmin edilməsi üçün beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanacaq qanunvericiliyin ərsəyə gətirilməsində iştirak edə biləcək səviyyədə olan mütəxəssisləri, ekspertləri varmı? “Yoxdursa, onda bunların nəyi siyasi partiyadır? Hətta bəziləri partiyasındakı “böyük aparat”dan danışır və iddia edir ki, mənim partiyamın “böyük aparat”ı, rəyasət heyəti və sair var. Kimlərdir bunlar? Bəzən görürsən ki, qoltuğuna bir  “papka” verib, bir adamı hansısa bir partiyanın rayon təşkilatına “sədr” göndəriblər, adını da qoyurlar partiyanın filan rayon təşkilatının “sədri”. Həmin “sədr”in isə heç o rayonun səhiyyəsi, mədəniyyəti, təhsili və sairi haqda məlumatı yoxdur, onun sosial-iqtisadi yapısı nədir, hansı layihələr həyata keçirilməlidir, heç bunlardan xəbəri yoxdur. Bu gün özlərinə “aparıcı” partiya sədri deyənlər var. Onlar bir dəfə də olsun Azərbaycanın bütün bölgələrinə ayaqlarını qoyublarmı? Halbuki, rayonları, kəndləri qarış-qarış gəzməlidirlər ki, oralarda nə etmək, həmin bölgə üzrə hansı layihələr həyata keçirmək lazım olduğunu bilsinlər” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …