Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Bu taledən digərləri də ibrət götürməlidir”

“Azərbaycanda ona cinayət işinin açılması ilə bağlı kifayət qədər ciddi əsaslar mövcuddur”

“YouTube”da və digər sosial şəbəkələrdə  Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına xoş olmayan və hörmətsiz ifadələr işlətməklə məşhurlaşan videobloqer Elvin İsayev Sankt-Peterburqda saxlanılıb.

Bu barədə məlumatı  E.İsayevin vəkili Məhəmməd Həsənov  verib.

Onun sözlərinə görə, avqustun 25-də E.İsayevə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülüb.

Məhkəmə bu işə baxmalıdır. Müvafiq qurumlar avqustun 25-də bloqeri Rusiya vətəndaşlığından məhrum edib. O, son 20 ildə Rusiya vətəndaşı olub.

Vəkil qeyd edib ki, E.İsayevin ailəsi onunla birlikdə Rusiyadadır. Məhkəmənin E.İsayevin Azərbaycana ekstradisiya olunması barədə qərar çıxaracağı gözlənilir.

Hələlik Azərbaycan tərəfi Elvin İsayevə qarşı hansısa iddiasının olub-olmadığı barədə açıqlama verməyib. Qeyd edək ki, Elvin İsayevin həbsinə ölkənin ən radikal müxalif kəsimi də sevinir. Onun müdafiəsilə isə yalnız  xaricdə mühacir kimi yaşayan azsaylı adamlar qoşulur. Elvin İsayevin yaydığı videoları izləyənlər bilir ki, o həm də separatçılığı təbliğ edirdi.  Özünün talış əsilli olduğunu əsas gətirərək, Azərbaycanda həmin millətin nümayəndələrinə güya ayrıseçkiliyin qoyulduğuna dair yalnış  təbliğat aparırdı.  Elvin İsayevin son vaxtlar Britaniyadan canlı yayımlar edən Qurban Məmədovla da sıx əlaqələrinin olması müşahidə edilirdi. Hətta məlumatlı şəxslər bildirirdi ki, Elvin İsayev Qurban Məmmədovun internet televiziyası üçün  Rusiyada əsas vəsait toplayan şəxslərdən biri olub. Elvin İsayevin bu aqibəti başqaları üçün hansı mənanı ifadə edə bilər?

Dünya Azərbaycanlıları Konqresi mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Elvin İsayevin fəaliyyətini yaxından izləyib: “Onun həbsinin motivləri hələ ki, bura ilə bağlı deyil. Ancaq hesab edirəm ki, Azərbaycanda ona cinayət işinin açılması ilə bağlı kifayət qədər ciddi əsaslar mövcuddur. O, birbaşa separatizmi təbliğ edirdi. Həm hakimiyyəti ən pis formada söyürdü, həm də ölkənin konstitusion quruluşuna xələl gətirə biləcək təbliğat aparırdı. Bütün bunlar Azərbaycan qanunvericiliyinə zidd olan fəaliyyətdi və hüquqi məsuliyyət yaradır. Bu bir dərs olmalıdır ki, siyasi mübarizəni  etika çərçivələrdə aparmaq lazımdır. Tənqid olar, ancaq ölkənin dəyərləri və simvollarını təhqir etmək qəbul edilə bilməz. Bəziləri belə təbliğat aparır ki, güya Elvini Azərbaycanın tapşırığı əsasında Rusiyada saxlayıblar. Mən buna inanmıram. Çünki belə olsaydı, Azərbaycan hakimiyyəti xeyli əvvəl bunu edərdi. Elvin İsayev uzun müddətdir ki, blogerilik edir. Onun müdafiəçilərinin arqumenti bundan ibarətdir ki,  Azərbaycan hakimiyyətini sərt tənqid etdiyi üçün  bu aqibətlə üzləşməli olub. Ən maraqlısı budur ki, elə hakimiyyəti ən sərt şəkildə tənqid edənlər Elvinin həbsini alqışlayırlar. Onun çox təhlükəli, dövlətçiliyimiz üçün zərərli məxluq olduğunu bəyan edirlər. Müdafiə tərəfi çalışır ki, onun ekstradisiyası 3-cü ölkəyə olsun, yəni Azərbaycana yox. Ancaq bu mümkün deyil, çünki Elvin İsayev Rusiyanın miqrasiya qanunlarını pozaraq orda vətəndaşlıq əldə edib. Bu da o anlama gəlir ki, onu Rusiyaya hardan gəlibsə ora ekstradisya edəcəklər. Hətta öz vəkilləri də məsələnin bu vəziyyətdə olduğuna dair açıqlamalar veriblər. Bunlar bilmirlər ki, geniş auditoriyaya çıxıb tanınanda insan həm də yaşadığı ölkənin əlaqədar qurumlarının nəzarətinə düşümüş olur? Gərək özünün nəyi varsa qanuni ola ki, başqalarına da irad tuta biləsən. Bu baxımdan da Elvin İsayevin həbsində heç bir siyasi motiv görmürəm. Hüquqi prosedura uyğun şəkildə bura ekstradisiya ediləndən sonra öz əməllərinə də cavab verməli olacaq. Bu taledən digərləri də ibrət götürməlidir. Heç vaxt vətənlə ədəsizcəsinə mübarizə aparmaq olmaz”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …