Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımız itkin düşmüş hesab olunur.
Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edən Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib. Dövlət başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var.
Prezident ABŞ dövlət katibinə fakt göstərib ki, bizim başqa kütləvi məzarlıqların yerindən də xəbərimiz var. Əlbıttə, bu, Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətlərin ifşa edilməsidir. ABŞ indiki halda nə etməlidir ki, Ermənistan kütləvi məzarlıqların yeri barədə dəqiq məlumat versin?
- “…öz təsir imkanlarını ortaya qoymalı və Ermənistanı buna məcbur etməlidir”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın kütləvi məzarlıqların yerini açıqlaması üçün ABŞ-ın kiçik bir eyhamı kifayətdir. S.Adıgözəlli hesab edir ki, ABŞ Ermənistandan bu istiqamətdə addım atmasını tələb etməlidir. İSBAM sədrinin sözlərinə görə, ABŞ Minsk qrupunun həmsədri kimi 30 il müddətində bu problemin aktuallaşması və həll edilməsi istiqamətində təşəbbüslər göstərməli idi, təəssüf ki, digər keçmiş həmsədr ölkələr kimi, o da bu istiqamətdə ortaya İradə qoymayıb.
“ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng vurması, onlar arasında telefon danışığı çox əhəmiyyətli məqamdır. Bu məsələnin, xüsusilə sülh yolunda danışıqlarda, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bir sıra məqamlarda rolu ola bilər. Bu öz yerində. Konkret məsələyə gəlincə, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyinin məlum olmaması ciddi narahatlıq doğurur. Azərbaycan tərəfi mütəmadi olaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı Ermənistana suallar ünvanlayıb, amma konkret cavab almayıb. Bilirik ki, torpaqlarımız azad edildikdən sonra Xocavənd rayonunun Edilli kəndi ərazisində və başqa yerlərdə kütləvi məzarlıqlar aşkarlanıb. Ermənilər xüsusi amansızlıqla qətlə yetirdikləri vətəndaşlarımızı bu məzarlarda basdırıblar.
Prezident də açıqlayıb ki, kütləvi məzarlıqlarla bağlı əlimizdə müəyyən məlumatlar var. Prezident tərəfindən səsləndirilən təkzibolunmaz faktlar ABŞ üçün çox vacib informasiyalardır. ABŞ dövlət katibi Azərbaycan Prezidentinin verdiyi bu vacib informasiyanı əsas götürüb ölkəsi tərəfindən Ermənistan qarşısında konkret tələb qoyulmasına nail olmalıdır. Ümumiyyətlə, ABŞ bu fakta ciddi yanaşmalıdır. Edilli ilə yanaşı Xocalı rayonun Fərrux kəndində də kütləvi məzarlıq aşkar edildi. Məsələ burasındadır ki, 4 minə yaxın vətəndaşımızın qətlə yetirilərək ayrı-ayrı yerlərdə kütləvi olaraq basdırdırılması fakt olsa da, təəssüf ki, hələ də beynəlxalq qurumlar bu fakta münasibət bildirməyib”.
S.Adıgözəlli vurğuladı ki, Ermənistanın əsrlərlə xüsusi amansızlıqla davranması da faktdır və bu barədə kifayət qədər informasiyalar, şahid ifadələri və sair var. Qızıl Xaç Komitəsinin də bu barədə məlumata malik olduğunu deyən S.Adıgözəllinin sözlərinə görə, Ermənistanın xüsusilə də dinc vətəndaşları hədəfə alması və onlara qarşı qəddarlıqla davranması, onları necə amansızlıqla öldürməsi faktı danılmazdır və bu aşkarlanan məzarlıqlardan çıxan qalıqlar üzərində əks olunub. “Bütün faktlar ortadadır. Bunlar son 30 ildə baş verən hadisələrdir və erməni vandalizminin göstəricisidir. Hesab edirəm ki, ABŞ hökumətinin Ermənistana təsir imkanları böyükdür. Ermənilərin toplu məzar cinayətləri barədə ABŞ bir daha rəsmən məlumatlandırılıb. ABŞ bu məsələnin həllində və erməni cinayətlərinin ifşa edilməsi istiqamətində Azərbaycana dəstək olmalıdır. Blinken Ermənistan qarşısında konkret tələb qoymalıdır ki, azərbaycanlılara aid toplu məzarlıqların yerini açıqlasın. Ermənistanın müharibə cinayətləri, insanlıq əleyhinə işlətdiyi cinayətlər bütünlüklə ifşa edilməlidir ki, bu ona dərs olsun. Əlbəttə, Azərbaycan vətəndaşlarının toplu halında basdırıldığı kütləvi məzarlıqların yerinin açıqlanmasında ABŞ-ın rolu ola bilər. Məncə, ABŞ öz təsir imkanlarını ortaya qoymalı və Ermənistanı buna məcbur etməlidir”.
Adıgözəlli vurğuladı ki, azərbaycanlılara qarşı bu cinayətləri törədənlər, vətəndaşlarımızla amansız davrananlar, bir sözlə, Ermənistanın bütün müharibə caniləri beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır, onlar cəzalarını aldıqdan sonra ədalət bərpa olunacaq.
İradə SARIYEVA