Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və qardaş Türkiyədə birmənalı qarşılanmayıb. Şeyxi bu çıxışına görə ittiham edənlər Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssüfünü ifadə edib.
Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri- M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb: “Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş” deyə o sosial şəbəkədə yazıb.
Hacı Allahşükür Paşazadə ona ünvanlanan ittihamlara cavab verib.
Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım. Onun cümləsində belə bir fikir var idi ki, İran Erməsintana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb. Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram.Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm, bunu hardan götürmüsən. Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm.
Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm , ömrümü düzgün yaşamışam. Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər. İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu. Türkiyə bizim həm də yaxın qardaşımız dostumuz, həmişə bizim yanımızda opan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orda 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır. İranın lap belə səhvi olsa belə onunla düşmənçilik etməməliyik. Elə adamlar var, onlar maraqlıdır ki, İranı Ermənistana tərəf itələyək. Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq”.
Şeyxin açıqlamasından görünür ki, o, Azərbaycana münasibətdə İranla, Türkiyənin rolunu eyniləşdirmək istəyir. Bu məntiqi nə dərəcədə əsaslı saymaq olar?
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə ilə Azərbaycanın münasibətlərinin çox yaxın olduğu bir dönəmdə Şeyxin belə performansı maraqlı görünür: “Heç xoş olan deyil. Xüsusilə seçilən ifadələr bir dini liderin statusuna uyğun deyil. “Qucaqda oturmadım, nə onun adamıyam, nə bunun” kimi fikirlər doğrudan da təəccüb doğurur. Məgər leksikonda başqa söz yoxdur? Bir də Azərbaycan vətəndaşı olan Şeyx niyə hansısa dövlətin adamı olmalıdır? İranla Türkiyənin son proseslərdəki rolunu eyniləşdirmək olmaz. Türkiyə birmənalı olaraq bizim yanımızda oldu. Sanki bizimlə çiyin-çiyinə döyüşdü. İranla bağlı isə xoş olmayan sözlər eşitdik. Şeyx deyir ki, mən siyasətdən yox, Allahdan danışıram. Onda İslam ölkəsi olan və bizi birmənalı dəstəkləyən Pakistanın adını niyə çəkmir? İranın bizimlə qonşu olduğunu bilirik və heç kim həmin ölkə ilə münasibətin gərginləşməsinin tərəfdarı da deyil. Ancaq gərək Şeyx kimi nüfuzlu adam bizim vətəndaşlarımızın hesabına qazanılan qələbəyə Xamneyini də şərik etməsin. Ümumiyyətlə yaxşı olar ki, Şeyx siyasi proseslərə qarışmasın. Çünki Azərbaycan dünyəvi ölkədir. Bizdə din dövlətdən ayrıdır. Dini siyasətə alət edəndə Şeyxin dediyi kimi , ortaya təfriqə düşür. Əslində Şeyxin səsləndirdiyi fikirlər yanlış siyasi mahiyyət daşıdığı üçün ona belə etirazlar edilir”.
Məhəmmədəli QƏRİBLİ