Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “İmkanlı şəxslər tanıyıram ki, “Yeni ulduz” yarışmasında iştirak edən gənc qızlara ev, maşın alıblar”

Məmurların, deputatların xanım müğənnilərə, aktrisalara, modellərə mənzil, maşın, bağ evi hədiyyə etməsi barədə tez-tez eşidirik. Bu barədə həm sosial şəbəkələrdə danışılır, həm mediada iddalar yer alır, həm də bəzi müğənnilər, şou-biznesçilər bu xəbəri ağızlarından qaçırırlar ki, bəs filankəs filankəsə ev alıb, maşın bağışlayıb, bağ evi tikdirir və sair. Tez-tez ayrı-ayrı nazirlərin, məmurların, deputatların adlarının şou-biznesçilərlə hallandığının, yaxud hallandırıldığının şahidi oluruq. Bu günlərdə sosial şəbəkələrdə başqa diqqət çəkən bir iddiada yayıldı. İddialara görə, “Kristal Abşeron” MTK-nın sahibi, “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyev “Pişik Günel” kimi tanınan müğənni Günel Ələkbərovaya mənzil hədiyyə edib. Bu barədə A.Vəliyev hələlik heç bir açıqlama verməyib və bu səbəbdən də iddianın həqiqət olub-olmadığını deyə bilmərik. O da istisna olunmur ki, bəlkə də bu məlumatın heç bir əsası yoxdur, onu kimlərsə öz maraqlarına uyğun tirajlayır. Bu kimi xəbərlərin doğru olub-olmadığı bir yana, diqqət çəkən məqam odur ki, məmurların, deputatların cəmiyyətin daha ehtiyaclı təbəqələrinə ev aldığı, onları himayəyə götürdüyü haqda heç bir informasiya dolaşmır, əsas iddia olunanlar isə müğənnilərə, şou-biznesçilərə ev almaqlarıdır.

Deputat A.Vəliyev hələ ki, barəsində yayılan iddialara reaksiya verməsə də, “Pişik” Günel ləqəbi ilə tanınan Günel Ələkbərova deyilənlərin yalan olduğunu açıqlayıb. Müğənni “TikTok” hesabında bununla bağlı danışaraq, yayılan məlumatların yanlış olduğunu bildirib:“Saytlara qalsa, mən milyonçuyam. Belə də əgər mənə ev verilibsə, ünvanı deyin, gedim baxım görüm necə evdi? Bəlkə də 8 Marta mənə sürpriz hazırlayırdılar, jurnalistlər bu sürprizi pozdu. Hazırda Biləcəridə yerləşən “Kristal Abşeron”da yaşayıram, ancaq bu evi heç kim mənə hədiyyə etməyib, özüm almışam. 24 min manat da borcum qalıb, ipoteka ilə ödəyirəm. O deputat kişi kimdirsə, özünü mənim adımla reklam etmək istəyir. Təzminat davası açacağam, ona aldıracam evi. Özü də iki dənə! Adıma söz çıxardır”.

Bu, “Pişik” Günelin mediada yayılan fikirləridir.

Maraqlıdır ki, indiyə qədər hansısa bir deputatın, MTK sahibinin hansısa qazi və şəhid ailəsinə, imkansız adamlara əl tutduğu, mənzil hədiyyə etdiyi haqda məlumatlar dolaşmayıb. İndiyə qədər deyilmir ki, filan deputat filan qazini müalicə etdirib.

“İş adamları, deputatlar, məmurlar özləri  bilər kimə nə bağışlayırlar, amma onlar unutmamalıdır ki, bu, xalqda qıcıq yaradır”

Məsələni şərh edən İSBAM sədri Samir Adıgözəlli baki-xeber.com-a bildirdi ki, hansısa bir iş adamı da, məmur da, deputat da müğənniyə, sənət adamına ev hədiyyə edə bilər, bu heç vaxt qəbahət sayılmamalıdır. “İş adamı, MTK sahibi, deputat, məmur sənət adamına ev hədiyyə edə bilər. Burada mənfi bir şey yoxdur. Amma baxır kimə. Məsələn, evi olmayan, böyük istedadı olan əsl sənət adamına ev bağışlanarsa bu çox normal hal olar. Yəni filan sənətkar evsiz idi və ona bir MTK rəhbəri, məmur, deputat ev bağışladı.  Bizdə isə, təəssüflər olsun ki, bu parametrlərlərə yanaşılmır və səsi, sənəti, hər hansı bir çəkisi olmayan şou-biznesçilərə bahalı evlər, maşınlar hədiyyə olunur. Çox təəssüf ki, belədir. İş adamları, deputatlar, məmurlar özləri  bilər kimə nə bağışlayırlar, amma onlar unutmamalıdır ki, bu, xalqda qıcıq yaradır. Kimsə hansısa müğənniyə ev bağışlayıbsa, bunu niyə ictimailəşdirirlər? Anlaya bilmirəm. Söhbət təkcə bu deputatın hansısa müğənniyə ev bağışlamağından getmir, ola bilsin, heç belə bir hadisə baş verməyib də. Çünki hələ adı çəkilən deputatın açıqlaması yoxdur. Amma konkret bir neçə imkanlı şəxs tanıyıram ki, müğənnilərə ev alıb verib. Yəqin ki, “Yeni ulduz” yarışması yadınızdadır. Həmin yarışmada iştirak edən qızlara ev, maşın bağışlayanlar olub. İmkanlı şəxslər tanıyıram ki, “Yeni ulduz” yarışmasında iştirak edən gənc qızlara ev, maşın alıblar. Mən bunu heç bir əndazəyə sığışdırmamışam. Ümumiyyətlə, cəmiyyətdə bəzi məmurların, deputatların, MTK sahiblərinin bu kimi davranışları ciddi tənqid edilir”.

S.Adıgözəlli qeyd etdi ki, şəhid ailələrinin, qazilərin, veteranların qayğısını dövlət təkbaşına çəkməli deyil, buna iş adamları, imkanlı şəxslər, sahibkarlar, MTK sahibləri də ciddi dəstək verməlidirlər. “Bu məmurlar, MTK sahibləri, deputatlar dövlətin yanında olub qazilərə, şəhid ailələrinə, veteranlara, aztəmiantlı ailələrə dayaq durmalıdırlar. Biz illər boyu diaspora işi ilə məşğul olmuşuq, Qarabağ məsələsi ilə bağlı mübarizədə iştirak etmişik, amma bir nəfər də olsun imkanlı şəxs ideoloji işə, Azərbaycanın təbliğatına  bir manat da olsun pul verməyib. Halbuki, dəfələrlə müraciət etmişik, “yox” deyiblər. Xarici ölkələrdə Azərbaycanın haqq işinin təbliğ edilməsinə pul verməyən məmurun, iş adamının, imkanlı şəxsin sabah hansısa şou-biznesçilərə, müğənnilərə pul xərclədiklərini, maşın, ev aldıqlarını eşidirik. Sonra deyirlər ki, yalandır. Guya bunların adlarını ləkələmək üçün bu işdə hallandırırlar. Təəssüflər olsun ki, bizdə eyş-işrətə, keyfə fantastik məbləğdə pul xərcləyən imkanlı şəxslər, iş adamları, məmurlar Azərbaycanın ədalətli mövqeyinin təbliğinə pul xərcləmirlər. Bilirsiz, bu gün hansısa məmurun, iş adamının bir müğənniyə ev bağışladığı, maşın aldığı haqda xəbər yayılırsa, insanlar artıq bunu adi qarşılayır”-deyə S.Adıgözəlli qeyd etdi.

Leyla QARAXANLI

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …