Ermənistan yalnız ərazilərimizi işğal etməmişdi, həm də işğal etdiyi Azərbaycan ərazilərində mülki binalara, yaşayış evlərinə, sahibkar subyektlərinə ciddi zərər vurub, onları dağıdaraq yerlə yeksan edib. Bir sözlə, Ermənistan bu ərazilərimizdə vaxtilə mövcud olan bütün infrastrukturu dağıdıb, məhv edib.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusu tərəfindən ərazilərimiz işğaldan azad edilib.
Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində müvafiq Sərəncam imzalanıb.
Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyilə Dövlət Komissiyası yaradılıb.
Həmçinin, bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb.
Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən, əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sərəncamda, həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi tapşırığı da verilib.
Məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən, əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir.
Burada, eyni zamanda, şəxsi, məkan və zaman informasiyaları, 10 ədədək foto və 3 dəqiqəlik video, qiymətləndirmənin məbləği və digər bu kimi məlumatlar da öz əksini tapacaq.
Şübhəsiz ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirə salınmadan davam etdirilir.
Noyabrın 14-də Prezident İlham Əliyev tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalanıb.
Bu Sərəncamla təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb.
Maliyyələşmənin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıq da verilib.
Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin edəcəklər.
Qeyd edək ki, bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir.
Evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhali məişət əşyalarına görə 6000 manat və əlavə olaraq hər bir ailə üzvü şəxsi əşyalarına görə 1500 manat maddi yardım alacaq.
Qismən ziyan dəymiş evlər üzrə isə ailə üzvlərinin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım veriləcək.
Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən, əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanacaq.
Bütün bu tədbirlərin nəzərdə tutulmuş müddətlərdə, tez bir zamanda həyata keçiriləcəyi bildirilir.
- “…heç bir vətəndaş dövlətin qayğı siyasətindən kənarda qalmır”
İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırma Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşından qayğı və diqqətini əsirgəməyib, bununla bağlı böyük siyasət aparıb. “Cənab Prezidentin bu istiqamətdə verdiyi sərəncamlar, təbii ki, Ermənistanın təcavüzündən zərər çəkmiş vətəndaşlarımıza, sahibkarlara növbəti böyük dəstəyinin, diqqət və qayğısının təzahürüdür. Bu məsələ ilə ayrıca məşğul olan işçi qruplarının yaradılması da təqdirəlayiq haldır, bu işçi qrupları fəaliyyətləri dövründə ortaya çoxlu fakt çıxaracaqlar. Dövlət başçısı hər zaman vətəndaşlarımızı düşünür, onların sosial rifah halının yüksəldilməsi, yaşayış, mənzil-məişət şəraitinin təmin edilməsi istiqamətində misilsiz işlər görür. Biz müharibədən zəfərlə çıxmışıq, torpaqlarımızı işğaldan azad etmişik. İndi o torpaqlarımızda görəcəyimiz çox mühüm işlər var. Azad olunan ərazilərimizin, kənd və şəhərlərimizin bərpa olunması istiqamətində işlər görüləcək.
Müharibənin gedişi zamanı düşmən tərəfindən evinə, mülkünə, obyektlərinə zərər vurulmuş vətəndaşlarımız ölkə başçsısının diqqət və qayğısı ilə əhatə olunub. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində onların evləri dağıdılıb, təsərrüfatları məhv edilib, mal-qarasına ciddi ziyan dəyib. Dövlət tərəfindən onların bu cür qayğı ilə əhatə olunması, onlara yüksək məbləğdə kompensasiya verilməsi qərara alınması onu göstərir ki, heç bir vətəndaş dövlətin qayğı siyasətindən kənarda qalmır. Azərbaycan dövləti bir an belə öz vətəndaşını diqqətdən kənarda saxlamır. Biz müharibədən çıxmışıq və yaralarımızı sarıyırıq. Dövlət vətəndaşlar üçün həlli vacib olan məsələlərin həllini həyata keçirir. Bu baxımdan, müharibə dönəmində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində hərtərəfli itkilər verən vətəndaşlarımız bu gün həssas qruplardır. Dövlət zərər çəkmiş vətəndaşlarımızın malına-mülkünə, evinə, obyektinə dəymiş zərərin aradan qaldırılması üçün davamlı işlər görür, təxirəsalınmaz tədbirlər həyata keçirir. Hesab edirəm ki, Ermənistanın müharibə dövründə bizim mülki əhaliyə vurduğu zərərin hesablanması, qiymətləndirilməsi istiqamətində başlanan proses də çox müsbətdir. Yaradılan 11 İşçi Qrupunun üzvləri təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanı araşdıracaq və Prezidentin sərəncamına əsasən, hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması həyata keçiriləcək. Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın yaxın vaxtlarda dövlətimiz tərəfindən həmin vətəndaşlarımıza kompensasiya şəklində ödənilməsi onlara böyük dövlət dəstəyinin bariz nümunəsidir. Prezidentin imzaladığı bu yardım sənədlərinin böyük tarixi sosial-siyasi əhəmiyyəti var” – deyə S.Adıgözəlli vurğuladı.
İradə SARIYEVA