Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə sistemli, ardıcıl islahatlar aparılır. Təkcə Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, az bir zaman ərzində bu islahatlar özünü doğrultdu, ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına xidmət etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri, politoloq Samir Adıgözəlli bildirib.
O qeyd edib ki, bütün bu addımlar konkret proqrama əsaslanaraq həyata keçirilir. Prezident İlham Əliyev 2018-ci ilin prezident seçkilərindən sonra Milli Məclisdə and içmə mərasimində çıxışı zamanı islahatların anonsunu vermişdi. Xalqımız da atılan bu addımları yeniliyə, inkişafa xidmət edən islahatlar kimi yüksək qiymətləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ciddi müzakirə olunur. Çünki insanlar islahatların nəticəsini görür. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının, dövlətlə vətəndaş arasında səmimiyyətin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
“2019-cu ildə hamının məmnunluğuna səbəb olan sosial paket həyata keçirildi, digər tərəfdən kadr islahatları aparılır. Bütün bunlar əlbəttə ki, insanların məmnunluğuna səbəb olur”, -deyən mərkəz rəhbəri Prezident tərəfindən həyata keçirilən islahatların sistemli və əhatəli xarakter aldığını vurğulayıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlara parlamentində qoşulması ölkədə həmdə yeni bir ənənənin, siyasi mədəniyyətin əsasını qoydu. Təkcə icra strukturlarında deyil, qanunvericilik sahəsində də islahatlara ehtiyac olduğunu göstərdi. İnanıram ki, yeni seçiləcək parlament də prezidentin həyata keçirdiyi islahatların ruhuna böyük töhfə verəcək.