Sosial şəbəkələrdə bu gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) 20-ə yaxın koronavirus xəstəsinin vəfat etdiyi barədə məlumat yayılıb. İddia olunur ki, orada olan şəxslər 20 meyitin xəstəxanadan çıxarıldığının şahidi olublar.
Boyukmillet.az bildirir ki, axeber.az məsələni dəqiqləşdirmək üçün xəstəxananın baş həkimi Ədalət Dadaşovla əlaqə saxlayıb. Ə. Dadaşov açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, dünən xəstəxanada 3 nəfər koronavirusdan dünyasını dəyişib: “Necə ola bilər ki, 20 insan vəfat etsin, amma bunu gizlədək?! Bu, doğru deyil. Biz bəzən vəziyyəti yüngül və ya orta-ağır olan xəstələri “Atletlər kəndi” ərazisinə göndəririk. Bildiyiniz kimi, burada yalnız ağır xəstələr müalicə olunur. Ola bilər ki, həmin informasiyanı yayan şəxslər də “Atletlər kəndi”nə aparılan xəstələri görüb və səhv anlayıblar”.
Xatırladaq ki, ötən gün Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.
Qeyd edək ki, son məlumatlara görə, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.