Artıq on beş gündür ki, Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəalların etiraz aksiyası davam edir.
Aksiyanın ilk günündən bölgəyə ezam olunan, prosesi yaxından işıqlandıran tanınmış jurnalist, İctimai TV əməkdaşı Şöhrət Eyvazov QHT.az Adalet.az saytına istinadən suallarına cavab verib.
– Əziz həmkar, hazırda erməni saytları, erməni teleqram kanalları azərbaycanlı ekofəalların etiraz aksiyasının dağılacağını tirajlayır. Bu nə qədər doğrudur?
– Ermənilər öyrənib yalan danışmağa…Aksiyanın dağılacağı, yekunlaşacağı haqqında xəbərlər yayırlar. Hazırda diqqəti Xankəndi –Laçın yolunda olan soydaşlarımıza bildirirəm ki, bu da növbəti erməni yalanıdır, inanmayın.
-Əvvəlki şərtlərdə, tələblərdə dəyişiklik, yumuşalma yoxdur ki?
– Əlbəttə ki, yoxdur! Əvvəl şərtlər necə qoyulmuşdursa, eləcə də qüvvədədir və bu şərtlər yerinə yetirilməyincə, bu tələblər həyata keçməyincə , ekoloji aksiyanın iştirakçıları burdan getmək, aksiyanı dağıtmaq istəmirlər. Həmsöhbətimiz olan ekoetirazçılar birmənalı olaraq tələblər qəbul edənə qədər davam etdirmək əzmində olduqlarını deyirlər.
-Bu gün əhval –ruhiyyə necədir, etirazçılar yorulmayıblar ki?
– Bura elə bir yerdi ki, soyuğa, şaxtaya, saatlarla ayaq üstə qalmağa baxmayaraq adam burda yorulmur, üşümür! Çünki, vətən təəssübkeşliyi əsas amacdır! Aksiya hər gün bir az genişlənir, daha möhkəm və davamlı vüsət alır. Elə bu gün də bir canlanma hiss olunur. Bir qrup, əsasən də, son günlərdə daha çox müxtəlif təşkilatların könüllü gəncləri üstünlük təşkil edir və onlar da əvvəlki şüarları ekoloji terrora son qoyulması ilə bağlı şüarları səsləndirir, plakatları nümayiş elətdirirlər.
– Bilidiyiniz kimi, Xankəndidə də etiraz mitinqi başlayıb. Erməni mediası mitinqi canlı yayım edir. Biz də izləyirik. Xankəndidəki mitinqə yığılanların üz ifadəsi, mimikası sanki onların meydana zorla yığılmasından xəbər verir. Çox könülsüz şəkildə şüar səsləndirirlər…
– Mediya nümayəndəsi olaraq bilirsiniz ki, Ermənistandan dəstək ala bilməyən, separatçı qüvvəsi tükənmək üzrə olan Arayik Arutyunyan və Ruben Vardanyan cütlüyü əhalini mitinqə zorla çıxarır. Hətta mitinqə çıxmaq istəməyənləri, hədələməkdən, döydürməkdən də çəkinmirlər. Bu isə Qarabağın erməni əhalisində təşviş , həyəcan, düşkünlük yaradır. Amma bizimkilər-aksiya iştirakçılarının hər biri könüllü şəkildə burdadırlar və Xankəndidə zorla topladılmış uşaqlar, qocalar, tələbələr, işçilərdən fərqli olaraq bura gələn hər kəs vətən eşqi ilə, öz ürəyinin səsi ilə burdadılar! Bayaq qeyd etdiyim kimi, aksiya başa çatana qədər də burda olacaqlarını bildirirlər.
– Ətraflı məlumata görə, təşəkkür edirik! Uğur olsun!
Əntiqə Rəşid