Türkiyədə ölkənin cənubunda baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanlar üçün 7 günlük ümummilli matəm elan edilib.
Boyukmillet.com bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyədə 7 günlük matəm elan olunub”, – Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, matəm elan olunması ilə əlaqədar olaraq, bütün Türkiyə ərazisində və ölkənin xaricdəki nümayəndəliklərində dövlət bayraqları fevralın 12-si bazar günü gün batana qədər yarıya endiriləcək.
Təbii fəlakət nəticəsində ölənlərin sayı 1651 nəfərə çatıb, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bir müddət əvvəl bildirib.
Onun sözlərinə görə, daha 11 119 nəfər yaralanıb.
Türkiyə Hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Araşdırılması İdarəsinin (AFAD) məlumatına görə, Türkiyənin cənub-şərqində sutka ərzində maqnitudası 7-dən çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04:17-də – 7,7 bal və saat 13:24 – 7,6 bal).
Agentliyin məlumatına görə, Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay əyalətlərində 2834 bina dağıdılıb.
Türkiyə hökuməti zəlzələlərdən qorxaraq əhalini evlərinə qayıtmamağa çağırıb.
Xatırladaq ki, Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində episentri olan 7,4 bal gücündə zəlzələ nəticəsində son məlumatlara görə, ölkənin on vilayətində 1 541 nəfər ölüb, ən azı 9 733 nəfər yaralanıb.