Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Son hadisə Azərbaycan-Rusiya münasibətlərini poza bilməz”

Qırğızıstandakı Azərbaycan diasporunun rəhbəri Nüsrət Məmmədovun “Bizim Yol”a müsahibəsinin davamını təqdim edirik:
 
– Bəzi təhlilçilər iddia edirlər ki, bu məsələ xüsusilə Rusiya ilə münasibətlərdə mənfi izlər buraxacaq. Siz necə düşünürsünüz?
 
– Əvvəla qeyd edim ki, Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası ilə Azərbaycan hökuməti bütün dünyaya “Azərbaycan ərazisinə icazəsiz gələn istənilən şəxsi belə bir aqibət gözləyir” mesajinı verdi. Blogger Aleksandr Lapşindən başqa işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etmiş və ya bundan sonra edəcək şəxslərin əməllərinə də hüquqi müstəvidə qiymət verilməlidir, onlar da İnterpol xətti ilə axtarılaraq məsuliyyətə cəlb edilməsi yaxşı olardı. 
 
Hər kəs Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır. Azərbaycanın qanunları var. Bu ölkə işğal altında olan Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Azərbaycan dövlətinin vəzifələrindən biri Dağlıq Qarabağa gedən əcnəbilərin qanunsuz səfərlərinin qarşısını almaqdır. Hesab edirəm ki, Lapşinlə bağlı baş verən hadisə Dağlıq Qarabağa səfər edənlərə və etmək istəyənlərə dərs olacaq və bu regiona gedənlərin sayı kəskin azalacaq. 
 
A.Lapşin olayının Moskva ilə Bakı arasındakı münasibətlərə təsir edib-etməyəcəyi məsələsinə  gəlincə,  iki ölkə arasındakı münasibətlər hal-hazırda yüksək səviyyədədir. İnanmıram ki, bu hadisə ikitərəfli münasibətlərə təsir etsin. Əgər Lapşin Azərbaycan həbsxanasında axıra kimi cəzasını çəksə, bu, bəlkə də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Mən belə düşünürəm ki, ona hökm oxunandan sonra ya əfv olunacaq, ya da cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşı olduğu Rusiyaya təhvil veriləcək. Azərbaycanın bu addımı isə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq. 
 
– Ümumiyyətlə, bu hadisə Azərbaycanın başqa dövlətlərlə münasibətlərində hansısa yeni mərhələ yarada bilər?
 
– Əslində, Azərbaycan bütün beynəlxalq fəaliyyətini və başqa dövlətlərlə münasibətlərini hüquq çərçivəsində qurur. Biz heç vaxt heç kimin haqqına girmirik və kimsənin də bizim haqqımıza girməsinə izn vermərik. Bu mənada Lapşin hadisəsinin beynəlxalq siyasətimizdə ciddi nələrə səbəb olacağını düşünmürəm. Zatən bütün dünya Azərbaycanın hər bir addımını beynəlxalq hüquq və anlaşma çərçivəsində atdığını bilir. Təbii ki, Lapşin məsələsində də rəsmi Bakının davranışı xarici dövlətlər tərəfindən təqdir olunacaq.
 
– Nüsrət müəllim, bir az xaricdəki Azərbaycan diasporunun vəziyyətindən danışaq. Diaspor təşkilatlarımızın durumu necədir? 
 
– Əvvəla qeyd edim ki, hazırda bəzi xarici ölkələrdəki diaspor təşkilatlarımızla həmin ölkələrdəki səfirliklərimizin arasında soyuqluq var. Bəzi hallarda səfirliklərin fəaliyyəti diasporları qane etmir və bundan Azərbaycan Prezidentinə şikayətlər olunur. Hesab edirəm ki, xarici ölkələrdəki Azərbaycanın diaspor təşkilatları gücləndirilməlidir. Dövlət ən azından diaspor təşkilatlarına mənəvi dəstək göstərməlidir ki, diasporumuz inkişaf eləsin. Azərbaycanlılarımız arasında elm, mədəniyyət xadimlərinin, böyük iş adamlarının sayı çoxalsın. Bunun Azərbaycana, yalnız xeyri olacaq. Səfirliklərimiz olduqları ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə intriqaya girməməli, əksinə onlara dəstək olmalıdır.
 
Təqdirəlayiq haldır ki, Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanın səfirliklərində ticarət nümayəndəlikləri açılıb. Hələ çox əvvəllər də bütün yazılarımda qeyd etmişdim ki, Azərbaycanın səfirliklərində yerlərdəki diasporlarla işi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri aparmalıdır. Buna qərar verilsə, hər kəs qazanar, ən birinci də Dövlətimiz. 
 
– Xaricdəki diaspor təşkilatlarımız, ölkəmizin dünyada tanınması, beynəlxalq nüfuzunun güclənməsi və qarşılıqlı əlaqələrin sıxlaşması baxımından hansı addımları atmalıdır?
 
– Beynəlxalq və xarici təşkilatlarla əlaqələr qurub Azərbaycanın mədəniyyəti, adət-ənənələri, zəngin tarixi irsimizin dünyaya çatdırılması istiqamətində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının əvəzsiz rolu olmalıdır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, təşkilat və qurumlarının müntəzəm olaraq təşkil etdiyi bu kimi tədbirlər Azərbaycan mədəniyyəti barədə dünya ölkələrində dəqiq, obyektiv təəssürat yaradır. 
 
– Sizin rəhbərlik etdiyiniz diaspor təşkilatı hansı fəaliyyətləri göstərir?
 
– Hər şeydən öncə, Qırğızıstanda fəaliyyət göstərən və mənim rəhbəri olduğum Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etməliyəm. Məlumat üçün deyim ki, Fond müntəzəm olaraq öz şəxsi vəsaiti hesabına Azərbaycanın yazıçı və şairlərinin, tanınmış qələm adamlarının kitablarını rus və qırğız dillərinə tərcümə edərək, onların Qırğızıstanda pulsuz yayımını təşkil edir. 
 
Rəhbərlik etdiyim təşkilata gəlincə, biz öz prinsiplərimizə sadiq qalaraq kitablar tərcümə etdirib onların nəşrinə nail oluruq. İndiyə qədər 85 kitab tərcümə və nəşr olunaraq pulsuz paylanıb. Qarşıdakı müddətdə də daha bir neçə kitabın tərcümə edilərək nəşr olunması və pulsuz paylanması nəzərdə tutulur. Məqsədimiz mədəniyyətimizi, tariximizi təbliğ etməkdir. Əgər dünyadakı Azərbaycan diaspor təşkilatlarının hərəsi 5 kitabı yaşadıqları dövlətlərin dilinə tərcümə etdirib onların nəşrinə nail olsa və pulsuz yayımını təşkil etsə, Azərbaycan həqiqətlərini ani bir vaxtda dünyaya çatdırmış olarıq. Bu da Prezidentimiz İlham Əliyevin Dünya Azərbaycanlılarının Dördüncü Qurultayında etdiyi tövsiyələri layiqli yerinə yetirməyimiz deməkdir.
 
– Bundan sonrakı hədəfləriniz nədən ibarətdir?
 
– Diqqətinizə çatdırım ki, hazırda tərcüməsi olunub nəşrə hazırlanan kitablar da var. Bunlardan biri – Kanıbəy İmanəliyevin müəllifi olduğu “Qırğızlar (vətən haqqında söz)” kitabı Azərbaycan dilində nəşr olunacaq. Artıq kitab hazırdır. Kitabı Azərbaycan dilinə Fondun sifarişi ilə Münisə Dadaşqızı tərcümə edib. Həmçinin Beqaliyevin “1916-cı il qırğız üsyanı” kitabı Azərbaycan dilində işıq üzü görəcək. Qeyd edilən kitab da artıq hazırdır. Kitabı Azərbaycan dilinə Fondun sifarişi ilə Münisə Dadaşqızı tərcümə edib.
 
Bundan başqa ingilis, rus, türk və qırğız dillərində ali məktəblər üçün dərs vəsaiti olan “Manas” monoqrafiyası hər dildə, ayrıca kitab şəklində hazırlanıb. Türk dilindən qırğız dilinə tərcümə edilmiş “Osmanlı İmperiyası və Türk Cümhuriyyəti” kitabı da artıq hazırdır. Kitab türk dilindən qırğız dilinə Fondun sifarişi ilə Ömürzakov tərəfindən tərcümə olunub. Rus tarixçi alimi Oleq Kuznetsovun “Transmilli erməni terroru” kitabı, Bəxtiyar Tuncayın müəllifi olduğu “Qafqaz albanlarının əlyazma irsi” kitabının 2 cildi rus dilində hazırlanıb. Eyni zamanda qırğız dilində Azərbaycan xalq nağılları hazırlanıb. Kitabı qırğız dilinə Fondun sifarişi ilə Mukan Asanaliyev tərcümə edib. Həmçinin yazıçı-publisist Yunus Oğuzun “Şah arvadı və cadugər” kitabı qırğız dilində, millət vəkili Musa Qasımlının “Anadolu və Cənubi Qafqaz 1724-1920 illərdə tarixi ədalətin axtarışında” kitabı rus dilində və Rəsul Rzanın seçilmiş əsərlərinin ikicildliyinin 1 cildi qırğız dilində (Mukan Asanaliyev və Bakıt Junusaliyevin tərcüməsində), yazıçı Varisin “Bir ovuc torpaq” və başqa kitablar hazırlanıb.
Rəhbəri olduğum Fond təkcə Azərbaycan müəlliflərinin deyil, həm də qazax və qırğız müəlliflərin əsərlərini tərcümə və nəşr etdirib onların pulsuz yayımını təşkil edir. Misal üçün tanınmış qazax şairi Muxtar Şaxanovun “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi” əsəri Azərbaycan dilinə, S. Beqaliyevin “1916 cı il-qırğız üsyanı”, K. İmanaliyevin “Qırğızıstan”, Qırğızıstan xalq şairi Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanı isə türk dilinə tərcümə etdirilib. Tərcümə etdirəcəyimiz kitabların seçimində xalqlarımızın mədəni əlaqələrinin inkişafında oynayacağı rol əsas götürülür.
 
Qırğızıstan Respublikası Prezidenti yanında dövlət dili komissiyasının sədri, Qırğızıstanın xalq şairi Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanının türk dilinə tərcümə edilməsində isə məqsədimiz İslamın sülhsevər, tolerant bir din olduğunu oxuculara çatdırmaqdır. Bildiyiniz kimi İslam dini adı altında bəzi sektalar yaradılır və terrorla məşğul olurlar. Beləliklə də İslam dininin terrorçu bir din olmasını beyinlərə yeritməyə çalışırlar. E. Ermatovun qələmə aldığı Məhəmməd Peyğəmbərin həyatından bəhs edən bu dastanda İslam dininin nə qədər gözəl din olduğu nəzərə çarpır. Düşünürəm ki, Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanı dünya ədəbiyyatında öz layiqli yerini tapacaq.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir