Cümə , 13 Dekabr 2024
Drone Cameras

Xalqın inamı, dövlətin etimadı doğrulanda…

Emin HƏSƏNLİ

Fevralın 13-də Səfərbərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları üçün olduqca əlamətdar gündür. Həmin gün Dövlət Xidmətinin fəaliyyətinin 5 ili tamam olur. 

Səfərbərlik Xidmətinin yaranması ordu quruculuğunda aparılan islahatların məntiqi mərhələsi, mühüm tərkib hissəsi idi. Təbii ki, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesi onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında yeni və daha yüksək mərhələyə keçmişdi. Bu mənada, Azərbaycanda ordu quruculuğunun yüksələn xətlə inkişaf etməsi sözügedən istiqamətdə daha bir addımın atılmasını zərurətə çevirmişdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması məhz belə bir uğurlu addım oldu. Müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun olaraq qurulması məqsədi ilə 2012-ci ilin fevralın 13-də prezident İlham Əliyevin fərmanına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, eləcə də Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı ləğv edilərək onların bazasında sözügedən Dövlət Xidməti yaradıldı. Geridə qalan bu illər ərzində Səfərbərlik Xidməti həyata keçirdiyi uğurlu fəaliyyəti ilə ictimaiyyətin müsbət mənada diqqətini çəkməyi, vətəndaşların rəğbətini qazanmağı bacarıb.

Düz 5 il əvvəl fəaliyyətə başlayan qurumun həyata keçirdiyi işlər nəticəsində sonrakı müddət Azərbaycanda səfərbərbərlik və hərbi xidmətə çağırış üzrə sistemli, mükəmməl və ardıcıl işlər görülməsi ilə yadda qalıb. Xüsusən də gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi məktəb müəllimləri ilə işin aparılması, orta məktəb şagirdlərinin xidmətə hazırlanması yönündə nümunəvi fəaliyyət göstərilib. Artıq əsgərlik yaşı çatan gənclər həm internet, həm də SMS vasitəsilə öncədən hansı hərbi hissədə qulluq edəcəyini asanlıqla öyrənə bilirlər. Son dövrlər ehtiyatda olan zabitlər məktəblərdə hərbi hazırlığın tədrisi üzrə işə götürülür. Diqqətəlayiq haldır ki, bu sahədə döyüş bölgələrində xidmət keçmiş ehtiyatda olan zabitlərə, müharibə veteranlarına üstünlük verilir. Çünki onların təcrübəsi gənc nəslin yüksək səviyyədə hazırlıq işi üçün daha çox faydalıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti çərçivəsində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”nin apardığı işlər xüsusi qeyd edilməlidir. Atıcılıq-snayper kursları, ordu üçün paraşütçülərin, aşpazların  hazırlığı bu işlərin səmərəli nəticələridir. Mətbuatla, QHT-lərlə işin yüksək səviyyədə qurulması, gənclərin hərbi xidmətə yolasalınma və qarşılanma mərasimlərinin bayram əhval-ruhiyyəsində keçirilməsi xüsusi vurğulanmalıdır. Bütün bunlar ictimaiyyətdə, xüsusilə də yeni nəsildə yüksək hərbi vətənpərvərlik ovqatı yaradır.

2015-ci ildən başlayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti respublikanın rayon və şəhərlərində “Vətənin müdafiəsinə hazıram” adlı silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdə müharibə veteranları və əlilləri, şəhid ailələri, orta məktəb müəllimləri, əlaçı şagirdlər mükafatlandırılır, vətənpərvərlik məzmunlu çıxışlar dinlənilir. Əsas məqsəd orta məktəb şagirdlərinin hərbi xidmətə hazırlığını düzgün təşkil etmək, onlarda vətənpərvərlik hissini daha da gücləndirməkdir. Eyni zamanda, bu məqsədlə, orta məktəb şagirdləri tez-tez hərbi hissə və akademiyalara aparılıb praktiki olaraq hərbi xidmət prosesi ilə tanış edilir, zabitlik peşəsinə istiqamətləndirilirlər. Gənclər və İdman Nazirliyinin hazırlayıb təsdiq etdiyi Əsasnaməyə müvafiq təşkil olunan “Şahin” və “Cəsurlar” respublika hərbi idman oyunları da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gerçəkləşdirdiyi əhəmiyyətli tədbirlərdəndir.

Dövlət Xidmətinin şəhər və rayon idarələrində müntəzəm şəkildə şəhid ailələri ilə görüşlər keçirilir. Hərbi yönümlü ictimai təşkilatlarla yüksək səviyyədə qurulan əməkdaşlığın nəticəsidir ki, müharibə veteranları, qazilər həmin tədbirlərdə aktiv iştirak edir, gənc nəsildə vətənə olan bağlılıq, doğma torpaqlara olan məhəbbət, sevgi hissinin daha da artmasına təkan verirlər. Silahlı Qüvvələrimizin son aprel döyüşləri ərəfəsində Xidmət rəisi general-leytenant Arzu Rəhimovun tapşırığı ilə bir qrup hərbiyönümlü QHT rəhbərlərinin cəbhə bölgəsinə səfərlərinin təşkil olunması da bu baxımdan böyük əhəmiyyət kəsb edən addım oldu. Cəbhədə qızğın döyüşlər getdiyi bir vaxtda Ağdamda, Füzulidə, Tərtərdə, Göygöldə və digər bölgələrimizdə sakinlərlə, o cümlədən, Qarabağ veteran və əlilləri, həmin döyüşlər zamanı sağlamlığını itirmiş insanlarla görüşlərin keçirilməsi, şəhidlərin yas mərasimlərinin təşkili olduqca vacib və məqsədyönlü işlərdir. Hiss edirdik ki, Xidmətin təşəbbüsü və dəstəyi sayəsində bizim orada ardıcıl iştirakımız vətəndaşlarımızda dövlətimizə, Silahlı Qüvvələrə olan inamı, etibarı daha da yüksəldir. Təmas xətti yaxınlığında yerləşən kənd və qəsəbələrdə yaşayan vətəndaşlar bu münasibətdən bir daha belə nəticə çıxarırdılar ki, Azərbaycan ordusu onların təhlükəsizliyini təmin etmək üçün var gücü ilə çalışır və bütün ölkə onlarla birgədir. Qeyd etdiyim kimi, bu addımlar məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü sayəsində gerçəkləşdi.

Dövlət Xidmətinin fəaliyyətində şəffaflıq prinsipi ən əsas yer tutur. Əsgərlərin bölgü məsələlərində ədalət prinsipi başlıca meyar hesab olunur. Cəsarətlə deyə bilərik ki, Azərbaycanda idarəçiliklə bağlı şəffaflığın təmin olunması baxımından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də xüsusi etimad yaranıb.

Bir müddət əvvəl keçirilən, 10 mindən artıq hərbi qulluqçunun cəlb edildiyi təlimlər bütün parametrlər üzrə uğurla təşkil edilmişdi və öz müsbət nəticələrini verdi. Sevindirici haldır ki, ehtiyatda olan hərbi qulluqçular təyin olunan hərbi hissələrə operativ şəkildə çatdırıldı və təlimlər yüksək səviyyədə baş tutdu. Bu həm Azərbaycan gəncliyində vətənpərvərlik ruhunun yüksəkliyindən, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlığından xəbər verirdi.

Sadaladıqlarımızı, eləcə də bunun kimi bir çox mühüm işləri diqqətə aldıqda əminliklə deyə bilərik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu illər ərzində üzərinə düşən şərəfli missiyanı layiqincə yerinə yetirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi etimadı doğruldan Dövlət Xidməti, eyni zamanda, xalqın inamına layiq fəaliyyət nümayiş etdirib. Ölkə rəhbərinin bugünlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 illiyi ilə bağlı qurumun bir qrup əməkdaşının təltif edilməsi haqqında imzaladığı sərəncam da bunun ali səviyyədə təsdiqidir.

2016-cı ilin aprel döyüşləri Cəbrayılın Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına yol açdı. Heç şübhəsiz, yaxın gələcəkdə işğal altındakı digər torpaqlarımız da düşmən tapdağından azad olunacaq və didərgin insanlarımızın yurd həsrətinə son qoyulacaq. Ona görə də inamla deyə bilərik ki, bu prosesdə müstəsna rolu olan dövlət qurumlarından biri kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin növbəti ildönümlərini Şuşa, Ağdam, Xankəndi, Kəlbəcər və işğaldan qurtulacaq başqa tarixi torpaqlarımızda qeyd edəcəyik.

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir