Bu gün – 9 Noyabr Azərbaycanın Milli, Dövlət Bayrağı günüdür. Lakin artıq 28-ci ildir ki, Vətənimizin mənzərəli, məhsuldar torpaqlara malik bölgələrindən biri olan Xocavənd rayonu erməni işğalı altındadır…
Düşmən qüvvələrin məkrli hiylə və təxribatları sayəsində ermənilərin nəzarətinə verilən günədək Xocavənddəki Azərbaycan oğul-qizları torpaqları var-gücləri ilə qorumağa çalışıblar. 1988-ci ildən başlayaraq nəinki Xocavənd gəncləri, eyni zamanda həmin dövrdə bu rayonu himayəyə götürmüş Lənkəran rayonundan gələn vətənpərvər oğullar da erməni təcavüzünə qarşı mübarizəyə atılıblar. Hətta rayon ərazisində Azərbaycanın hələ o zaman çoxlarına bəlli olmayan üçrəngli bayrağına heç bir digər bölgədə görünməmiş, üzərinə Azərbaycanın müstəqil demokratik dövlətçiliyinin banisi M.Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamı yazılmış abidə qurulub. Həmin abidə ermənilər tərəfindən partladılsa da, onun əvəzinə daha uca bir abidə ucaldılıb…
Moderator.az əməkdaşi sözügedən bayraq abidə haqqında məlumatı Miq.az saytının rəhbəri Aqil Alışovun “Səngər” “Facebook” səhifəsindən əldə edib və abidənin qurulmasında fəal iştirak etmiş Qarabağ qazisi Aslan Quliyevlə əlaqə yaradıb. Həmsöhbətimiz Xocavənd rayonunun Muğanlı kəndində həm ermənilər, həm də sovet-rus hərbçiləri üçün gözdağına çevrilmiş bu abidənin qurulması barədə danışıb.
Aslan Quliyev işğaldan öncə Xocavənd rayonu ərazisində ilk könüllü özünümüdafiə dəstələrindən birinin əsas yaradıcılarından olub. Hələ 1988-ci ildən sovet imperiyasına qarşı azadlıq mübarizəsində və erməni separatçılarına qarşı müqavimət hərəkatında fəal iştirak edib.
A.Quliyev qeyd etdiyimiz kimi, həmin dövrdə Xocavənd rayonunun himayəçisi olan Lənkəran rayonundan gələn milli azadlıq hərəkatı, o cümlədən yenicə formalaşan Azərbaycan Xalq Cəbhəsi fəallarının bəhs edilən bayraq abidəsinin qurulmasının təşəbbüskarı olduqlarını bildirib. O vaxtlar, hələ sovet dövlətinin, kommunist partiyasının, DTK-nın, eləcə də ölkəmizdə və xüsusən Qarabağ və ətraf bölgələrdə dislokasiya olunmuş sovet qoşunlarının kifayət qədər gücə malik olduqları günlərdə Azərbaycanın müstəqilliyini, yəni SSRİ-dən ayrılmasını ifadə edən bir bayrağa abidə qoyulması kifayət qədər riskli bir addım idi. Buna rəğmən, Xocavənd və Lənkəranın say-seçmə oğul-qızlarının, o cümlədən hazırda Xocavənd rayonunun İcra Hakimiyyəti başçısı olan Eyvaz Hüseynovun da iştirakıyla Muğanlı kəndində belə biir abidə ərsəyə gəlib.
Aslan Quliyevin sözlərinə görə, bir müddət sonra bayraq abidəsi qonşu kəndlərdəki erməni terrorçuları tərəfindən partladılıb. Buna baxmayaraq yenə də Lənkəran fəallarının ciddi dəstəyi nəticəsində abidə daha uca formada – 12 metr hündürlüyündə bərpa edilib. Tikinti materialları böyük çətinliklə müxtəlif rayonlardan, eləcə də Lənkərandan gətirilib… “Xocavəndin erməni kəndlərinin əhatəsində olan Muğanlı kəndindəki bu üçrəngli Azərbaycan bayrağı abidəsi həm sovet imperiyasının ordusu, həm də erməni separatçıları və terrorçuları üçün bir göz dağına çevrilmişdi. Bu abidə Azərbaycanın milli azadlıq hərəkatında digər bölgələrimiz üçün də bir nümunə idi. Təəssüf ki, bizim mümkün vasitələrlə müqavimət göstərməyimizə rəğmən ermənilər Rusiya və digər xarici güclərin fəal dəstəyi sayəsində torpaqlarımızı, eləcə də Xocavənd rayon mərkəzini və Muğanlı kəndini də işğal etdilər… İnanaq ki, tezliklə xalqımızın, dövlətimizin, ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad ediləcək və hazırda Nərgiztəpədə dalğalanan Azərbaycan bayrağı Xocavənddə də, Muğanlıda da, digər rayon və kəndlərimizdə də dalğalanacaq…”- deyə Aslan Quliyev ümidsiz olmadığını ifadə edib.
“Çox gözəl xatirədir. Aslan Quliyev də öz xatirələrində bu haqda qeyd edib. Gördüyünüz bu abidə gözəl xatirədir. Diqqətlə baxın, bu abidə Xocavənd rayonunun Muganlı kəndindən 2-3 kilometr məsafədə, Ağdam-Füzuli magistral yolunun üzərində inşa edilmişdi. Bu abidəni o zamanlar bu yoldan keçən hər kəs yəqin ki, yaxşı xatırlayır. Abidənin üzərində ÜÇRƏNGLİ BAYRAĞIMIZ var idi və ordan keçən ermənilərin də, rusların da gözlərinə ox kimi batırdı…”
“Facebook” sosial şəbəkəsindəki “Səngər” səhifəsi xəbər verir ki, bu ifadə Babək Hüseynl adlı sosial istifadəçinin səhifəsində yayılan abidə fotosuna Əli Əsgərov adlı bir nəfərin yazdığı rəydə qeyd olunub:
“Həmin dövr Sovet hakimiyyətinin asıb-kəsən vaxtları idi və üçrəngli bayrağı Dağlıq Qarabağda ucaltmaq, belə bir abidə hazırlamaq o qədər də asan məsələ deyildi. Çünki buralar Azərbaycan ərazisi olsa da, erməni-sovet hakimiyyəti daha güclü hiss olunurdu. Abidənin əhəmiyyətini anladığımız üçün hər axşam ora post qoyulurdu. Qorunmasına baxmayaraq 1989-cu ildə yayın ortalarında abidə ermənilər və ruslar tərəfindən partladıldı.
Elə həmin gün Lənkərandan böyük bir könüllülər KARVANI gəlmişdi. Partlayış baş verən gecənin səhərisi kəndin bütün kişiləri və lənkəranlı könüllürlə birlikdə Ağdam-Füzuli yolunu bağladıq. Yoldan keçən erməni maşınları canlarını qurtarmağa şalışırdılar. Eyvaz Hüseynov komendaturaya məlumat vermək üçün Rəhmanın “QAZ-53” maşını ilə Xocavəndə getdi. Elə bu zaman yolla gələn, içərisində üç erməni olan traktor aradan çıxmağa çalışdı və yoldan çıxaraq dağa dırmaşmağa başladı. Təbii ki, traktorda olan üç dığa qaça bilmədi. Onlar tutularaq Lənkərandan gələn tentli “KAMaz”-ın yük yerinə qoyuldu və girovlarımızla dəyişdirilmək üçün Ağdama aparıldı…
Həqiqətən də partladılmış abidənin yerində qısa müddət ərzində daha möhtəşəm abidə ucaldıldı. Dostlarımıza can sağlığı, ölənlərə Allahdan rəhmət diləyirəm…”
Allah Haqq, Vətən, Bayraq uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət eləsin!..Üçrəngli bayrağımızın bir gün Xocavənddə, Muğanlıda, Xankəndidə, Şuşada, işğal altındakı bütün torpaqlarımızda dalğalanacağına, bu bayrağa yeni abidələr ucaldılacağına ümidimizi qətiyyən itirməyək!..