Azərbaycan Yazıçılar Birliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə N.Nərimanov adına Mədəniyyət Mərkəzində şair, yazıçı-publisist, tərcüməçi Süleyman Hüseynovun 70 illik yubileyi münasibəti ilə ədəbi-bədii gecə keçirildi.
Tədbir istedadlı yazıçı Hafiz İmamnəzərlinin ssenarisi əsasında hazırlanan səhnəciklə başlayıb.
Sonra Azərbaycan Respublikasının Əməkdar artisti Cəlal Məmmədov Süleyman Hüseynov yaradıcılğı haqqında məlumat verib.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi şair Dayandur Sevgin, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Bakı Slavyan Universitetinin dosenti Fikriyyə Muradova, “Exo Sumqayıt” qəzetinin baş redaktoru Eyruz Məmmədov, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli, Daşkənd “Sredazsvetmetenerqo” Səhmdar Cəmiyyətinin baş direktoru Mixail Kostetski, Tacikistanın sabiq müdafiə sənayesi naziri, millət vəkili Qnaforxo Muxiddinov yubliyarı təbrik edib ona xoş arzularını çatdırdılar.
Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə Səfərova və Oktay Mehdiyev Süleyman Hüseynovun Qarabağ mövzusuna həsr etdiyi “And” romanından bir parça nümayiş etdiriblər.
Azərbaycan Respublikasının əməkdar artisti Nahidə Orucova, Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə Səfərova, İzaməddin Bağırov, Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvləri Cavidan Mirzəzadə, Aynur Kərimova, 42 saylı məktəbin şagirdi Nisə Cəllili, Xəzər rayonu, Binə qəsəbəsi, 218 saylı tam orta məktəbin şagirdi Mədinə Hümbətovanın ifasında şairin şeirləri səsləndirilib.
Azərbaycan Aşıqlar Birliyinin üzvü Əfsanənin ifa etdiyi saz havası məclisə xüsusi bir ovqat bəxş edib.
Sonda söz yubliyara verilib. O, tədbirin təkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.