Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 Azərbaycan vətəndaşının oktyabrın 6-da ölkəyə repatriasiyası həyata keçirilib.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb. Əvvəlcə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyənin ərazisindən tranzit keçidi təmin edilib. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası üzrə işçi qrupa daxil olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri” və uçuş biletləri ilə təmin edilib. Oktyabrın 6-da nümayəndə heyətinin müşayiəti ilə həmin vətəndaşların Ankara-Bakı reysi ilə repatriasiyası həyata keçirilib. Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, indiyədək İraqdan 290, Suriyadan 103 olmaqla ümumilikdə 393 uşaq və qadının ölkəmizə repatriasiyası təşkil edilib. Bu işdə Azərbaycanın aidiyyəti dövlət qurumları birgə və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərib. Prosesin reallaşmasında Türkiyənin yardımı xüsusilə vurğulanmalıdır.