Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Şuşanın bütün küçələri monitorinq edildi: Hökumətə hesabat təqdim olunacaq

“Şuşaya səfərimiz çərçivəsində vəzifəmiz şəhərdəki tarixi və mədəniyyət abidələrinin yerini müəyyənləşdirmək və onların hansının bərpa-konservasiya işlərinə ehtiyacı olduğunu öyrənmək idi”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı şəhərdə səfərdə olan Faiq İsmayılov deyib.

O bildirib ki, şəhərin bütün küçələrində monitorinq keçirilib:

“Yeni aşkar etdiyimiz abidələr də oldu. Şuşada 210 tarixi mədəniyyət abidəsi dövlət qeydiyyatındadır. Həmin abidələrin də yenidən şəkillərini çəkdik. Ermənilər tərəfindən Şuşada iki karvansaray təmir olunub. Onlar barədə “bərpa olunub” ifadəsini işlədə bilmərik. Çünki orada dəmir konstruksiyalardan, dəmir şiferlərdən istifadə olunub. Abidələrin bərpası zamanı onlardan istifadə edilməməlidir. Şuşada 20 faiz abidə öz mövcudluğunu qoruyub saxlayıb. Ancaq istifadəyə yararsızdırlar. Biz hələ onların təmir etdiyi abidələrimizin üzərində uzun müddət çalışmalı olacağıq. 20 faiz abidələrimiz isə tamamilə məhv edilib, yerləri də bilinmir. Həmin abidələrin yerində isə müxtəlif binalar və s. tikiblər. 40 faiz abidələrimizin isə hərəsinin divarından bir hissə qalıb. Şuşadakı abidələrimiz çox acınacaqlı vəziyyətdədir”.

F.İsmayılov həmçinin qeyd edib ki, hazırda həmin abidələrin bərpa-konservasiya məsələləri müzakirə edilir:

“Bununla bağlı bu həftənin çərşənbə gününə qədər hesabatımızı bitirməliyik və dekabrın 23-ü hesabatı hökumətə təqdim etməliyik”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …