Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Təhsil xərci 19 dəfə artıb, keyfiyyəti isə: – “Pul ayrılanda elə bilirik ki, ancaq müəllimə verilməlidir”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksəkixtisaslı kadrların yetişdirilməsidir. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb”.

Bunu Baş nazir Əli Əsədov deyib. Qeyd edək ki, ötən müddət ərzində təhsilin inkişafı məqsədilə bir sıra addımlar atılıb və bunlardan biri kimi “2023-cü il dövlət büdcəsi haqqında” Qanunda təhsilə 4,4 milyard manat vəsait ayrılıb. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil ocaqlarının tikintisi, yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib.

Təhsilin inkişafı istiqamətində infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir ki, bu baxımdan son 20 ildə paytaxtda və regionlarda 3 630 məktəb tiklib və ya əsaslı təmir olunub.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində nazirliyin sifarişi əsasında 23, Heydər Əliyev Fondunun sifarişi əsasında isə 19 təhsil müəssisəsi tikilib istifadəyə verilib. Beləliklə, bu gün təhsil sahəsində yeni infrastruktur yaradılır, məktəblər texniki avadanlıqla təchiz edilir. Bununla yanaşı hazırda bu sahədə mövcud olan bir sıra problemlərin təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyi bildirilir.

Ötən dövr ərzində təhsilə ayrılan xərclər 19 dəfə artdığı halda təhsilin keyfiyyətində bu rəqəmi görmək niyə mümkün olmur?

Boyukmillet.com xəbər verir ki, təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, Baş nazirin fikirləri faktdır, ancaq ölkədə çox zaman təhsilin keyfiyyətinin aşağı olmasını müəllimin əmək haqqı ilə izah edirlər:

“Son zamanlar bizim bir çox müəllimlərin əmək haqqı 1000 manatdan yuxarıdır. Biz hazırda sosial siyasət yürüdürük. Büdcəmiz artdıqca sosial xərclər artır, hissə-hissə artımlar gedir. Fikrimcə, əmək haqqının artımını təhsilin keyfiyyəti ilə əlaqələndirmək doğru deyil. Çünki təhsilin keyfiyyətinə yanaşmamız düzgün deyil. Son islahatlardan biri kimi milli kurikulumları qəbul etmişik. Orada birbaşa izah olunur ki, ənənəvi təhsil proqramları bilikyönümlü idi, ancaq kurikulum şəxsiyyətyönümlüdür.

Yəni səriştəyə əsaslanan şəxsiyyətyönlü vətəndaş yetişdirməkdir. Ona görə də hələ təhsilə olan baxışlarımızı dəyişməmişik. Bu gün təhsilin keyfiyyətini onunla izah edirik ki, neçə nəfər 700, yaxud 600 bal topladı, neçə nəfər ali məktəbə qəbul oldu, eləcə də neçə nəfər Prezident təqaüdünə layiq görüldü. Məsələn, bizdə elə il olub ki, 25 nəfər 700 bal toplayıb, növbəti il bu say 3 nəfər olub. Yaxud elə il olub ki, 1 nəfər belə 700 bal toplamayıb. Bu, əsas verirmi ki, təhsilin keyfiyyətinin aşağı olduğunu deyək? Təhsilin keyfiyyəti nə 1-5 ildə aşağı düşə, nə də yuxarı qalxa bilər. Təhsilin keyfiyyəti sosial kateqoriyadır”.

Ekspert hesab edir ki, təhsilin keyfiyyətinə yanaşma dəyişməyincə, bu barədə söz demək olmaz:

“Heç bir rəsmi təhsil qanunvericiliyində orta məktəbin ali məktəbə tələbə hazırlamaq vəzifəsi qoyulmayıb. Bu gün bizim əsas vəzifəmiz şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdır. 44 günlük Vətən müharibəsindəki qələbəmiz, növbəti zəfərlərimiz sübut edir ki, biz vətəndaş yetişdirmək sahəsində müəyyən işlər görmüşük. Bilik ümumi vəzifənin tərkib hissəsidir. Bu gün təhsil dövlətin prioritet siyasətlərindən biridir. 2013-cü ildə ölkə başçısı tərəfindən təsdiq olunan “Təhsil Sahəsində Dövlət Strategiyası”nda 5 hədəf müəyyənləşib ki, onlardan biri müəllim nüfuzunun yüksəldilməsidir.

Müəllim nüfuzunun yüksəldilməsi üçün əmək haqqının yüksəldilməsi kimi bütün variantlara əl atılır. İldən-ilə əmək haqlarında artım müşahidə edilir. Hazırda sertifikasiya keçirilir və müəllimlərin peşə səviyyəsi müəyyənləşir. Yüksək bal toplayanların da əmək haqqında müəyyən artımlar olur. Ölkənin büdcəsi, sosial xərclər artdıqca, müəllimlərin əmək haqqında artım gözlənilir”.

Həmsöhbətimizin sözlərinə görə, ümumiyyətlə, hərbidən sonra dövlət büdcəsindən ən çox vəsait təhsilə ayrılır:

“Bu vəsait yalnız müəllimlərin əmək haqqı üçün nəzərdə tutulmur, burada strukturlar, texniki təchizat da yer alır. Bu gün Qarabağ ərazisində nə qədər məktəblər, bağçalar, universitet tikilməsi nəzərdə tutulur. Yəni infrastruktur məsələsi də xeyli vəsait tələb edir. Çox təəssüf ki, büdcədən çox vəsait ayrılanda elə hesab edirik ki, ancaq müəllimlərin əmək haqqı üçün nəzərdə tutulur.

Bundan başqa, dövlət ali təhsil müəssisələrində ödənişsiz qəbul yerlərinin sayı ildən-ilə artır. İşğaldan azad edilən ərazilərin bərpası təmin olunur və yəqin ki, bundan sonra yenidən bütün diqqət təhsilin keyfiyyətinin yüksəldilməsi üçün layihələrə, qərarların qəbuluna gətirib çıxaracaq”.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …