“Əziz dostlar, 2009-cu ilin yanvar ayında təsis olunan, ötən 10 ildən çox müddətdə ortabab bir partiyaya çevrilə, üstəlik, təsisçilər komandasını belə qoruyub saxlaya bilməyən “Real” adlı dərnəyin sədri İlqar Məmmədov bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevə xitabən hətərən-pətərən danışdı. Gözləyirdim ki, bu qeyri-ciddi siyasətçinin cavabını hakimiyyətin dəstəyini qazanaraq artıq 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə qatılmış “təzə” namizədlər versinlər, ancaq heç birinin cınqırı çıxmadı. Ancaq onun belə yekə-yekə danışmağı prezident İlham Əliyevin prinsipial tərəfdarlarından biri olaraq mənim tərəfimdən cavabsız buraxıla bilməz”.
Boyukmillet.com-un xəbərinə görə, bunu sosioloq Taleh Şahsuvarlı deyib. O, “Real” Partiyasının sədri İlqar Məmmədovu seçki kampaniyasında “qarğı at” çapmaqda ittiham edib və Azərbaycanda mövcud olan 125 seçki dairəsinin hər birində ona qalib gələ biləcəyini vurğulaylb. Taleh Şahsuvarlı yazıb:
“Əvvəla, bu adamın dedikləri absurddur, cəfəngiyyatdır. Niyə?
Bəli, YAP-ın rəsmi siyahısından namizədliyi irəli sürülmüş şəxslərin heç də hamısı deputat seçilməyəcək.
Bəli, Milli Məclisdə təmsil olunmuş və namizədliyi irəli sürülmüş istər YAP üzvlərinin, istərsə də bitərəflərin heç də hamısı seçkilərdə qalib gəlməyəcək.
Ancaq seçki elə bir prosesdir ki, burada namizəd gizləmək mümkün deyil. Çünki namizədlər qeydə alınmalı, təşviqat aparmalıdırlar, adları səsvermə büllüteninə yazılmalıdırlar. Məsələn, ucqar rayonların birindən mənim şəxsən tanıdığım və qalib gələcəyinə əmin olduğum bir namizəd seçkiyə qatılıb. Bitərəfdir və namizədliyi barədə mediada məlumat yoxdur. Təşviqat kampaniyası başlayanda mənim də şəxsən dəstək verəcəyim şəkildə möhtəşəm bir propoqanda apacaq, bu işləri bilən, yüksək təcrübəyə malik adamdır. İndi nə edir? Qapı-qapı imza toplayır. Əgər imza toplayan və rəqabət qabiliyyəti yüksək olan bu cür namizədlərdən xəbər tuta bilmirsə, bu o deməkdir ki, İlqar Məmmədovun yerlərdə dayaqları yoxdur, təşkilatı zaydır, seçkilərdə qarğı at çapır…
Nəhayət, Azərbaycanda 125 dairə var. İlqar Məmmədov o dairələrin hansından istəyirsə, namizədliyini versin, tam səmimiyyətlə deyirəm, həmin seçki bölgəsində heç bir administrativ dəstəyə arxalanmadan, ən ədalətli seçki şərtlərinə uyğun şəkildə onunla yarışmağa, qalib gəlməyə, xalqın dilindən və ruhundan uzaq bu “5-ci kolon” nümayəndəsini qutuya gömməyə hazıram. Haydı, İlqar Məmmədov, açıqla dairəni!”