Cümə , 22 Noyabr 2024
Drone Cameras

Talış kəndində minaya düşən şəxs iki dəfə cərimələnib – Nazirlik

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi şəxslərin nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.  

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, dünən Tərtər rayon sakini Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd etmiş  və bu zaman düşdüyü minanın partlaması nəticəsində ölüb:

“Cari ilin yanvar və fevral ayları ərzində mərhum Bəxtiyar Mahmudov və qardaşı Şəhriyar iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb. Belə ki, məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunub, mərhum Bəxtiyar isə cərimə edilib. Üçüncü dəfə, yəni fevralın 18-də Bəxtiyar Mahmudovun işğldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib”.

Rəsmi qurum vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırır.

***

Fevralın 18-də saat 18 radələrində vətəndaşlar Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasovun “Niva” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində tank əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Turkustan.info-ya verilən məlumata görə, aparılmış istintaqla qeyd edilən şəxslərin işğaldan azad olunmuş əraziyə gələrək avtomobildən enmələri, Bəxtiyar Mahmudovun avtomobilin ön hissəsinə keçərək minaya düşməsi müəyyən edilib:

“Prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə meyit fraqmentləri aşkar edilib. Həmin fraqmentlərin Bəxtiyar Mahmudova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib. Eyni zamanda hadisənin şahidi olmuş Elşən Abbasov dindirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma),  120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb”.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …