Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Tanınmış iş adamı Azərbaycandakı islahatlardan yazdı: “Qarabağ probleminin həllindən daha vacibdir”

Xeyriyyəçi iş adamı, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Prezidenti, “Avropa Azərbaycan Konqresi”nin birinci vitse-prezidenti Fizuli Məmmədov məqalə ilə çıxış edib və öz yazısını musavat.com saytına yollayıb. Həmin məqaləni geniş oxucu kütləsinə təqdim edirik:

 

****

 

Tarixi yaddaş və vətənpərvərlik ideyalarından məhrum edilmiş xalq öz müstəqil, milli dövlətinin təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verə bilməz, həmçinin özünün təhlükəsizliyinə, firavan gələcəyinə əmin ola bilməz. Biz məhz vətənpərvərlik hissini milli ideyaya çevirməliyik. Bunun üçün hər bir ailədə yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə ciddi ehtiyac var. Körpə yaşlarından ailə mühitində, sonra uşaq bağçası və məktəbdə bu proses ardıcıl şəkildə həyata keçirilməlidir. Artıq 18 yaşına çatmış hər bir azərbaycanlı ölkəsinin əsl vətənpərvər övladı kimi formalaşmalı və özünün sonrakı təhsilini, iş həyatını uşaq yaşlarında aldığı vətənpərvərlik tərbiyəsi əsasında və ruhunda qurmalıdır.

 

Məndən tez-tez soruşurlar – Azərbaycan nə vaxt işğal olunmuş torpaqlarını azad edib nəhayət öz ərazi bütövlüyünü bərpa edə biləcək? Mən səmimi insanam, Vətən və vətənpərvərlik haqqında mücərrəd, bəlağətli sözlər, bayağı ifadələr işlətməyi xoşlamıram. Ona görə də belə cavab verirəm: “Biz yalnız o zaman torpaqlarımızı erməni işğalçılarından azad edə bilərik ki, uşaqlıqdan cəsur, qəhrəman, rəşadətli qalib-döyüşçü olmaq arzusu ilə böyüyən azərbaycanlıların yeni nəsli yetişmiş olsun. Yalnız körpə yaşlarından düşməni torpaqlarımızdan qovmaq fikri ilə böyüyən azərbaycanlıların yeni nəsli Azərbaycanın ərazi bütövlüyünü bərpa edə biləcək”. Mənim bu sözlərim bəlkə kiminsə xoşuna gəlməyə bilər, lakin bu obyektiv reallıqdır, biz bununla hesablaşmalı və yaşamalıyıq.

 

Vətənpərvərlik tərbiyəsinin insanlarda qıcıq oyatmaması üçün bu təbliğat hakimiyyəti tərifləyən, iqtidar komandasını daim mədh edən siyasətdən ayırmalıdır. Vətənpərvərlik ideyası xalqın ruhundan doğmalı, zamanın tələbinə uyğun əlavələrlə daim təkmilləşdirməlidir. Əsl vətənpərvərlik şablon ifadələr, bəlağətli sözlərlə deyil, real işlərdə ifadə olunmalıdır.

 

Böyüməkdə olan gənc nəsildə Azərbaycan döyüşçüsünün heyranlıq, qürur doğuran qalib obrazını yaratmaq çox vacibdir. Azərbaycan kütləvi informasiya vasitələrinin, ilk növbədə, vətənpərvərlik təbliğatını tamamilə arxa plana atan televiziya kanallarının işini yenidən qurmaq lazımdır. Telekanallarda şou-biznes təmsilçilərinin iştirakı ilə təşkil olunan aşağı səviyyəli, vulqar, bayağı proqramlara son qoymağın vaxtı gəlib çatıb. Belə verilişlər xalqımızın mənəvi, əxlaqi və mədəni ənənələrinə tam ziddir. İstər telekanallar, istərsə də, çap və elektron media öz auditoriyasında pula pərəstiş və ucuz populyarlıq ideyasını deyil, vətənpərvərlik kultunu yaratmalıdır. Azərbaycanlılar, xüsusən də, yetişən gənc nəsil, nəyin bahasına olursa-olsun varlanmaq və məşhurlaşmaq fikri ilə yaşamamalıdır. Bu “nəyin bahasına olursa-olsun” düşüncəsi müstəqil Azərbaycanın gələcəyi üçün məhvedici, fəlakətli nəticələrə gətirib çıxara bilər.

 

Çox təəssüflər olsun ki, bizim KİV vətənpərvərlik mövzusuna yalnız ölkəmizin matəm günləri ilə bağlı olduğu tarixlərdə diqqət yetirir – 20 Yanvar, Xocalı, 31 Mart soyqırımlarının ildönümlərində, Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan qoşunları tərəfindən işğal tarixlərində və s. Özü də hazırlanan verilişlər, yazılan məqalələr yalnız primitivliyi ilə seçilir. Qalan günlərdə tarixi yaddaşımız sanki Azərbaycan xalqının hafizəsindən silinir və vətənpərvərlik mövzusu yenidən arxa plana keçir. Belə davam etdikcə gənc nəslinin əsl vətənpərvərlik ruhunda tərbiyəsi son dərəcə çətin məsələdir.

 

Vətənpərvərlik təbliğatının milli kökləri, dəyərləri, eyni zamanda yaxın tarixdə yaşayan milli qəhrəman obrazları olmalıdır. Gənclərin tərbiyəsində kosmopolitizmə qətiyyən yol vermək olmaz. Qədim və çağdaş tariximizin qəhrəmanları – Babək, Şah İsmayıl Xətai, Cavad Xan, Səttar Xan, Mübariz İbrahimov və onun kimi Qarabağ cəbhəsində rəşadət göstərən igidlərimizin həyatı, mübarizəsi gənc nəsil üçün nümunəyə çevrilməlidir.

 

Azərbaycanın əsl vətənpərvər övladı olmaq üçün, heç də hərbçi olmaq vacib deyil. Biz, tutduğumuz vəzifədən asılı olmayaraq, ictimai-siyasi həyatın müxtəlif sahələrində öz real işlərimizlə vətənpərvərliyimizi göstərməliyik. Diqqətlə təhlil etsək, görərik ki, müasir Azərbaycanın bir çox problemlərinin səbəbi bizim soydaşlarımızda elementar vətənpərvərlik hissinin olmaması ilə bağlıdır.

 

Mən hesab edirəm ki, vətənpərvərlik hissi ilə tərbiyə olunan dövlət məmuru və ya polis işçisi, öz həmvətənlərinə qarşı süni problemlər yaratmaz və bu problemlərin həlli üçün onlardan pul tələb etməz. Özünü vətənpərvər hesab edən azərbaycanlı bir-birini alçaldan, təhqir edən, ana-bacıları, həyat yoldaşları və qız övladlarının ünvanına əxlaqsız sözlər söyləyən, siyasi opponentlərlə ədəbsiz rəftar edən indiki təhqir müharibəsində iştirak edə bilməz. Məgər, Azərbaycanın əsl vətənpərvər övladı öz opponentinin atasının məzarını çox alçaldıcı formada təhqir edə bilərmi?! Axı, bizim xalqımız üçün valideyn, Vətən anlayışı müqəddəs sayılır və uca tutulur. Təəssüf hissi ilə deməliyik ki, vətənpərvərlik hissinin olmaması bu cür arzuolunmaz davranışlara, cəmiyyətdə münasibətlər sisteminin pozulmasına gətirib çıxarır. Öz opponentlərinə qarşı nifrətin əsirinə çevrilən insanların qəzəbi cəmiyyətdə parçalanma, nifaq, ədavət yaratmaqdan başqa heç nəyə xidmət edə bilməz.

 

Mən iqtidar komandasının bu çirkin informasiya müharibəsinə müdaxiləsini düzgün saymıram. Onlar qarşılıqlı düşmənçilik və təhqir kampaniyasında iştirak etməməli, öz müdaxilələrilə onları daha da qızışdırmamalıdırlar. Çox təəssüflər olsun ki, Milli Məclisin bəzi deputatları, hətta ağsaqqal statusunda olanlar da bu xoşagəlməz oyuna cəlb olunublar. Bu davranışlar iqtidar komandasında xeyirdən çox zərər verir, onun imicinə böyük ziyan vurur.

 

Ölkəmiz üçün önəmli məsələlərdən biri də parlament tərkibinin gəncləşdirilməsidir. Azərbaycanın sürətli inkişafı üçün kadrların yeniləşməsi çox vacibdir. Bütün dövlət strukturlarına keyfiyyətli təhsil sistemində müasir biliklərə yiyələnmiş təşəbbüskar, enerjili, ambisiyalı, iddialı, mütərəqqi əhval-ruhiyyəli gənclər gəlməlidir. Köhnə kadrlar öz geridə qalmış və mühafizəkar düşüncə tərzi ilə ölkənin inkişafını ləngidir. Ona görə də rotasiya sistemi – müntəzəm şəkildə kadr tərkibinin yeniləşdirilməsi və cavanlaşması Azərbaycan qanunvericiliyində təsbit edilməlidir. Respublikanın kadr siyasətinə “yeni qan” vermədən ölkə iqtisadiyyatının yenidən qurulması və qeyri-neft sektorunun inkişaf etdirilməsi mümkün deyil.

 

Azərbaycan iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq və xarici amillərin iqtisadiyyata təsirini minimum dərəcədə aşağı salmaqdan ötrü Azərbaycan qısa müddət ərzində texnoloji sıçrayış etməlidir. Müasir Avropanın, ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və digər gəlişmiş ölkələrin inkişaf təcrübəsi göstərir ki, rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması üçün, ilk növbədə, müasir tipli yüksək texnologiyalar istehsal edilməlidir. Sözsüz ki, köhnə kadrlarla belə texniki tərəqqiyə nail olmaq mümkün deyil.

 

Bundan başqa, kadrların yeniləşməsi prosesini həyata keçirmədən, biz köhnə bürokratik aparatdan və səmərəli fəaliyyəti olmayan məmurlardan xilas ola bilməyəcəyik. Məhz köhnə kadrlar korrupsiyanın genişlənməsi üçün əlverişli mühit yaradır. Buna əmin olmaq üçün qonşu Gürcüstanın təcrübəsinə nəzər salmaq kifayətdir. Mixail Saakaşvilinin prezidentliyi dövründə hakimiyyətə gəlmiş gənc insanlar uğurlu islahatlar həyata keçirə bildilər və bu islahatların nəticəsində, Gürcüstan, demək olar ki, korrupsiyaya qalib gəldi. Artıq Gürcüstanda nə polisə, nə məmura rüşvət təklif edilmir. Çünki, buna görə insanlar real həbs təhlükəsi ilə üzləşə bilərlər.

 

Dövlət idarəetmə sistemində və iqtisadiyyat sahəsində uğurlu islahatlara nail olmaq üçün Azərbaycanda kadrların yeniləşdirilməsi prosesinin həyata keçirilməsi vacibdir. 65-70 yaş həddinə çatan insanlar istefaya göndərilməli, onların yerini 35-40 yaşından yuxarı olmayan gənc kadrlar tutmalıdır. Öz vəzifələrini, demək olar ki, “özəlləşdirən” və onu qanunsuz gəlir mənbəyinə çevirən indiki köhnə kadrlarla Azərbaycan öz inkişafında ciddi uğurlara nail ola bilməz.

 

Əhali arasında vətənpərvərlik ruhunun yüksəldilməsi üçün kadrların yeniləşməsi prosesi önəmlidir. Bu gün bir çox gənc azərbaycanlılar ali təhsil almalarına baxmayaraq vətəndə normal iş tapa bilmədikləri üçün incik halda ölkədən gedirlər. Azərbaycandan gedənlərin bir çoxu miqrasiya etdiyi ölkələrdə uzun müddətə, ya da həmişəlik məskunlaşmağı qərara alırlar. Axı, bu insanlar ölkəsinin gerçək sərvətidir. Niyə onların potensialı vəzifə hərisi olan yaşlı nəslə görə başqa toplumların inkişafına xərclənməlidir?

 

Çox kədərlidir ki, heç də az sayda olmayan azərbaycanlı övladlarımız yaşadıqları ölkənin vətəndaşlığını almaq, rahat məskunlaşmaq üçün həmin ölkədə vətəndaşlığı olan müxtəlif millətlərin nümayəndələri ilə ailə qurmalı olurlar. Zaman keçdikcə onların Azərbaycanla əlaqələri kəsilir, qarışıq nikahlardan doğulan uşaqlar üçün Azərbaycan tarixi, mədəniyyəti, ənənələri ilə yad məmləkətə çevrilir. Ölkəni işsizlik üzündən tərk edən gənclərin sayı isə ildən-ilə artır. Müxtəlif qaynaqlar 4 milyona yaxın Azərbaycan vətəndaşının əməkçi miqrant kimi ölkədən getdiyini bildirir. Onların 2,5 milyonu Rusiyaya, 1 milyondan çoxu Avropaya, qalanları isə Türkiyə, ABŞ və digər MDB ölkələrinə səpələnib.

 

Soydaşlarımızın çoxu ölkəni imkansızlıqdan, incik tərk etdiyi üçün onlarda vətənpərvərlik hissinin yüksək olacağını düşünmək yersizdir. Azərbaycan hökuməti bu problemlə ciddi məşğul olmalı, soydaşlarımızın vətənə qaytarılması üçün əlverişli mühit yaratmalı, azad iqtisadi mühit formalaşdırmaqla həmin insanların öz potensiallarını üzə çıxarmasına şərait yaratmalıdır. Yalnız belə şəkildə Azərbaycan cəmiyyətinin gələcək parçalanmasının qarşısını almaq, bugünlər yüksələn xətlə davam edən təhqir müharibəsini dayandırmaq mümkündür.

 

Vətənpərvərliyə gedən yol xalqın birliyi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə sıx bağlıdır. Rüşvətxor məmurlar və onların yaxın qohumlarının çox dəbdəbəli yaşadığını görən yarıac insanlara vətənpərvərlik ruhunu aşılamaq mümkün olmayacaq. Vətənpərvərlik tərbiyəsinin əsasında möhkəm iqtisadi təməl olmalıdır. Dövlət yalnız vətənpərvərliyin təbliğatı ilə deyil, həm də onun tərkib hissəsi olan maliyyələşdirmənin təmin edilməsi ilə də məşğul olmalıdır. Məsələn, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və Azərbaycan ordusunun hərbçiləri növbədənkənar mənzillə, müavinətlər və digər sosial zəmanətlə təmin edilməlidirlər. Bu kateqoriyadan olan insanların sosial problemlərinin çözümünü dövlət bütünlüklə üzərinə götürməlidir.

 

Məmurlarının dəbdəbəli həyatlarının fonunda əhalinin ciddi hissəsinin yoxsulluq səviyyəsində yaşaması vətənpərvərlik üçün vacib olan milli barış mühitini əngəlləyir. Bu şəraitdə xalq kütlələri arasında vətənpərvərlik təbliğatından ciddi nəticələr gözləmək yersizdir. İnsanların ağlına və ürəklərinə hakim olmaq üçün vətənpərvərlik ideologiyası cəmiyyətin bütün üzvləri üçün haqq-ədalətlə və bərabər imkanlarla əsaslandırılmalıdır. Ölkənin təhlükəsizliyi və sabitliyi, onun ərazi bütövlüyünün qorunması, dövlətin və cəmiyyətin vətənpərvərlik ideyalarına, Vətənin müdafiəçilərinə olan münasibətdən xeyli dərəcədə asılıdır. Ən qədim dövrlərdə o dövlətlər güclü hesab edilirdi ki, orada döyüşçülərə və vətən müdafiəçilərinə ehtiramla, sayğı və hörmətlə yanaşılır, bununla bərabər, onlar ölkənin bütün sosial imtiyazlarından da istifadə edirdilər.

 

Vətənpərvərlik tərbiyəsinin məzmununa da xüsusi diqqət yetirmək lazımdır. Onu reallıqdan ayırmaq yanlış yanaşmadır. Biz hər bir azərbaycanlı döyüşçünün həyatını qiymətləndirməli, müqəddəs Azərbaycan torpağı üçün canını fəda edən qəhrəmanların yaşam öyküsünü öyrənməliyik. Biz həm hərbiçilərimizi, həm də torpaqlarımızı eyni dərəcədə qorumalı və müdafiə etməliyik. Azərbaycan əsgərinin həyatı bizim üçün Vətən torpağı qədər əziz, toxunulmaz olmalıdır.

 

Azərbaycanın hərbi gücünün artırılması, daha professional kadrların hazırlanması ilə müşayiət olunmalıdır. Biz müharibə zamanı insan itkilərinin sayını minimuma endirməyi bacarmalıyıq. Ona görə də Azərbaycan mediasında geniş yayılan “Şəhid olmaq istəyirəm”, yaxud “O, Azərbaycan uğrunda ölməyi və şəhid olmağı arzulayırdı” fikirlərindən birmənalı imtina edilməlidir. Azərbaycan döyüşçüləri savaşa ölmək, yox öldürmək düşüncəsi ilə atılmalıdırlar.

 

Mən “şəhid” sözünün əhəmiyyətini azaltmaq, onun fəxri və müqəddəs anlayış olduğu dəyəri kiçiltmək fikrində deyiləm. Amma, uşaqlıqdan övladlarımızı Vətən uğrunda ölmək hissi ilə tərbiyə etməməli, əksinə, Azərbaycanın düşmənlərini məhv edərək, onlara qalib gəlmək ruhunda tərbiyə etməli, onlara parlaq qələbədən sonra doğma torpaqda xoşbəxt və firavan yaşamaq əhval-ruhiyyəsi aşılamalıyıq. Ölüm yalnız düşmənin qisməti olmalıdır. Azərbaycan əsgərinin ürəyi həmişə şərəflə döyüşmək, şərəflə qələbə qazanmaq və gözəl yaşamaq istəyi ilə döyünməlidir.

 

Əgər biz vətənpərvərlik tərbiyəsini düzgün istiqamətdə aparsaq, onda əsas məqsədimizə nail ola biləcəyik: işğal olunmuş torpaqlarımızı azad edib, milyonlarla azərbaycanlı miqrantların vətənə dönməsini təmin edəcək və milli vətənpərvərlik ideyası ətrafında xalqımızı daha da sıx birləşdirəcəyik.

Reallıqda milli birliyə nail olmaq üçün Azərbaycanda irimiqyaslı siyasi, iqtisadi və kadr islahatları keçirilməlidir. Bu islahatlar sərt, qətiyyətli, ancaq, çox ədalətli olmalıdır. Xalq artıq çoxdan belə islahatların yolunu gözləyir. Biz, Azərbaycan diasporunun nümayəndələri, çox ümid edirik ki, aprelin 11-də keçirilmiş prezident seçkiləri zamanı yenidən xalqın etimad mandatını almış Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdən sonra tarixi islahatlar həyata keçirməyə başlayacaq, böyük amnistiya elan edəcək və bu, qızıl amnistiya kimi tarixə düşəcək. Bu qızıl amnistiya çərçivəsində ağır cinayətlər törətməmiş bütün insanlar azadlığa buraxıla bilər. İlk növbədə, Azərbaycan müxalifətinin siyasi məhbuslar adlandırdığı jurnalistləri və digər şəxsləri əfv etmək lazımdır.

Cəmiyyətin parçalanmasının və radikallaşmasının qarşısını almaq üçün milli barışığın əldə edilməsinə ciddi ehtiyac yaranıb. İrimiqyaslı, sərt və qətiyyətli islahatlar və böyük amnistiya bu yolda böyük uğurun başlanğıcı ola bilər. Azərbaycan Xalq Cümhuriyyətinin 100-illiyi ərəfəsində belə bir addım cəmiyyətin öz potensialını yenidən Azərbaycanın inkişafı üçün səfərbər etməsi üçün vəsilə olar.

Bu gün islahatlar, ilk növbədə, kadr islahatlarının aparılması Qarabağ münaqişəsinin həllindən daha vacibdir. Çünki, Azərbaycanın taleyi bu islahatlardan asılıdır. Biz dövlət orqanlarını səriştəsiz, rüşvətxor kadrlardan təmizləməsək, hakimiyyətin idarə heyətini gənc nəslə həvalə etməsək, ölkədə iqtisadiyyatın çiçəklənməsinə və ictimai-siyasi sabitliyin qorunmasına nail olmaq çətin olacaq. Bəzi məmurların özbaşınalığı və korrupsiya halları cəmiyyətdə gərginliyi gücləndirir, bu da açıq vətəndaş qarşıdurmasına, regionlarda “rəngli inqilab” cəhdlərinə və separatizmə gətirib çıxara bilər. Onda müstəqil Azərbaycanın özünün varlığı təhlükə altında qala bilər. İndiki şəraitdə yalnız irimiqyaslı islahatlar və geniş ədalətli amnistiya Azərbaycan dövlətçiliyini möhkəmləndirə bilər və onun ərazi bütövlüyünü bərpa etməyə imkan verər.

Füzuli Məmmədov

“Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Prezidenti, “Avropa Azərbaycan Konqresi”nin Birinci vitse-prezidenti

(Musavat.com)

 

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir