Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Tarixdə iz buraxanlar: Məmməd Səid Ordubadi

Məmməd Səid Ordubadi 24 mart 1872-ci ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. Atası Hacıağa Fəqir bəy, anası Nənəqız xanımdır. Məmməd Səid atasının maddi ehtiyac içində yaşadığını, buna görə də “Fəqir” təxəllüsünü seçdiyini qeyd edir.

Məmməd Səid Ordubadi ilk təhsilini məhəllə mollaxanasında axund Şərəbanidən alıb, sonra bir müddət şair Mirzə Baxışın məktəbində, 1890-cı ildə isə böyük maarifpərvər M.T.Sidqinin Ordubadda açdığı yeni üsullu “Ulduz” məktəbində oxuyub. Məmməd Səid bu məktəbdə müəllimindən elmlə yanaşı, ictimai hadisələr barədə də məlumatlar alır, dünyagörüşü inkişaf edir və yaradıcılığa həmin vaxtdan başlayır. Öz dövrünə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi müəllim Ordubadinin maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynayıb.

Məmməd Səid Ordubadi ana dilində yazdığı şeirləri “Səid Ordubadi”, yəni “Xoşbəxt ordubadlı” təxəllüsü ilə yazırdı. O, ədəbi yaradıcılığa 14 yaşından başlayıb. Müəllimləri onda şeirə, yaradıcılığa olan meyli və həvəsi daha da gücləndiriblər. Bu barədə o öz xatirələrində belə yazır: “Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Bir zamanlar anam da buna mane olurdu. Çünki atamın seir sənətindən necə fəlakətlər çəkdiyi onun yadında idi. Fəqət məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi”. Onun xatirələrində daha sonra oxuyuruq: “Şeirlərim “Şərqi-rus” qəzetində çıxdığı vaxt fabrik sahibi Rzayev qəzeti fabrikdə mənə göstərib dedi: “Çox şadam ki, Ordubaddan da qəzetə yazan vardır”. Fəqət fabrik sahibinin bu razılığına baxmayaraq, mən axşam işdən çıxdıqda ustabaşı Nağı mənə yaxınlaşıb: “Sabah get haqq-hesabını kontordan al!”– deyərək mənim işdən qovulduğumu xəbər verdi”. Yəni Ordubadinin “Yaşa insanca, insanlar tək azad ol əsarətdən” ideyası rəhbərlik tərəfindən qəbul edilməyib. Buna baxmayaraq, Səid “Şərqi-rus” qəzetində şeirlərinin dərc olunmasını özü üçün müvəffəqiyyət hesab edir və şeir yazmağa daha da həvəsləndiyini yazır.

Gənc Səid bu illərdə mütaliəyə böyük həvəs göstərib və yaradıcılığını davam etdirib. Şeirləri “Şərqi-rus” qəzetində çap olunduqdan sonra onun şeirə və yazıçılığa olan marağı gündən-günə artıb. Nəticədə o, 1904-cü ildə “Qəflət” adlı əsərini yazıb. Bu əsər 1906-cı ilin yanvar ayında Tiflisdə “Qeyrət” mətbəəsində nəşr olunub.

1907-ci ildə Məmməd Səid Ordubadi Tiflisdə “Qeyrət” mətbəəsində “Vətən və hürriyyət” adlı ikinci kitabçasını nəşr etdirib. Buradakı şeirlər ideya-məzmun baxımından “Qəflət”in davamı olsa da, müasirlik ruhu daha qüvvətli duyulurdu. Şair xalqın, Vətənin düşdüyü məhrumiyyətlərdən kədərlənir, bu vəziyyətdən çıxış yolları axtarırdı. Onun qənaətinə görə, xalqın xoşbəxtliyi, Vətənin nicatı ancaq hürriyyətə can atmaqda, bu yolda birgə səy göstərməkdə, elmdə, maarifdədir. “Vətənimizə bir neçə söz”, “Loğmanın vəsiyyəti” və başqa şeirlərində müəllif vətəninin gözəl təbiətini təsvir etməklə yanaşı, əsrlər boyu yadellilərin bu torpağa sahib olmaq arzusundan, xalqa olmazın əzab-əziyyət verməsindən yazır, cəhalət pəncəsində əzilən xalqını mübarizəyə səsləyir və bütün bunların xalqın birliyi ilə aradan qaldırılmasına əminlik hissini ifadə edir. Bu şeirlər Məmməd Səid Ordubadinin poeziyasının mərhələsindən xəbər verir, Vətənin taleyinin onun yaradıcılıq amalına çevrildiyini təsdiq edir. Təsadüfi deyil ki, ədibin özü də xatirələrində bu illərdə vətənpərvərlik ideyasına bağlı olduğunu etiraf edir.

Bəli, “Vətən və hürriyyət” əsəri məhz Vətən sevgisi ilə qələmə alınmışdı. O ki qaldı ədibin “millətçilik, məzhəb, din işləri”nə bağlılığı və sonralar bunun sönməsinə, bizcə bu etiraf yanlış mövqedən yozulub. Ədibin bu fikirlərinə istinad edib, təbii ki, onu panislamist kimi qələmə verməyə çalışıblar. Əslində, “Vətən və Hürriyyət”də Cavad xanla bağlı məsələlər diqqəti cəlb edir. Gəncə hakimi Cavad xanın şəxsiyyəti, onun öz xalqına, Azərbaycan torpağına olan böyük məhəbbəti, bu yolda həyatını qurban verməsi həyəcanla təsvir olunur. Cavad xanın həyat yoldaşı Bəyim xanım dəfn mərasiminə toplaşanlar qarşısında etdiyi nitqində belə deyib: “Vətən, xalq yolunda azadlıq mübarizəsi aparanları tarix unutmur. Hürriyyət, azadlıq xalqın olumu, ölümüdür. Onsuz yaşamaq, onsuz milli mənliyi saxlamaq qeyri-mümkündür. Ata-baba yoludur bu yol. Uluların bizə nəsihətidir Vətən uğrunda mübariz olmaq…” Bu da bir həqiqətdir ki, tədqiqatçılarımız “Vətən və hürriyyət”də Cavad xan haqqında yazılan şeiri yada salmayıb, yalnız əsərə panislamist damğası vurmaqla işlərini bitmiş hesab ediblər. Əslində, bu şeir Azərbaycan poeziyasına yeni mövzu və mübariz ruh gətirib, Məmməd Səid Ordubadinin istedadlı bir şair mövqeyini təsdiq edib, ona böyük nüfüz qazandırıb.

Məmməd Səid Ordubadinin yaradıcılığında baş verən dönüş, realizmin güclənməsi, tənqidi motivlərin qabarıq nəzərə çarpması, azadlıq ideyalarının açıq təbliği şairin dünyagörüşündəki inkişafla bağlı idi. Bu yeniləşmənin əks-sədası artdıqca ona qarşı tədbirlər də çoxalıb. Ordubadda onun evində axtarış aparılması da təsadüfi deyildi. Təqiblərdən xilas olmaq üçün Məmməd Səid 1907-ci ildə Culfaya köçmək məcburiyyətində qalıb. Culfa Ordubaddan daha get-gəlli bir şəhər idi. Culfa dəmir yolu Təbrizə qədər uzadıldığından, buradan Rusiya və Avropaya get-gəl artmışdı. Məmməd Səid Culfadan tez-tez Təbrizə gedir, inqilabi hərəkatın gedişi ilə tanış olur, Səttar xanla görüşür, oraya inqilabi ədəbiyyat aparırdı. Ədib ictimai fəaliyyətilə yanaşı, bədii yaradıcılığını da davam etdirirdi.

Məmməd Səid Ordubadi yazdığı felyeton və satiraları ilə geniş şöhrət qazanır. O, bəzi şeirlərində “Gül-bülbül” poeziyasına qarşı çıxır, böyük sələfi M.F.Axundzadə kimi o da epiqonçuluğu kəskin tənqid edirdi. Onun şeirləri həm açıq imza ilə, həm də “Həmdəmxəyal”, “Bəhayi”, “Məsa”, “Divanə”, “Ruhi-reyhan” və s. kimi gizli imzalarla çap olunurdu. Onun bu illərdəki yaradıcılığında satirik ruh üstünlük təşkil edirdi, Şərq despotizminin iflası və qadın hüquqsuzluğunun tənqidi əsas mövzulardan idi.

Məmməd Səid Ordubadinin yaradıcılığında mühüm bir qolunu felyetonlar təşkil edir. Ədib “Molla Nəsrəddin” jurnalında dərc olunan felyetonlarında dövrün bir sıra mühüm ictimai problemlərinə toxunur, gerilik və nadanlığı, zülm və ədalətsizliyi, beynəlxalq imperializmi amansız tənqid atəşinə tuturdu.

Məmməd Səid Ordubadi Culfada olarkən dram janrında bir neçə əsər yazıb. “Bağı-şah, yaxud Tehran faciəsi” Ordubadinin ilk dram əsəridir. Onun nəşr edilən ikinci dram əsəri “Əndəlisin son günləri, yaxud Orenadanın təslimi” adlı 4 pərdəli faciədir. Əsər 1914-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində kitab halında çap olunub, ədəbi mühitdə geniş   əks-səda doğurub.

Birinci dünya müharibəsi illərində Ordubadi “Teymurləng və İldırım Bəyazid” pyesini qələmə alıb. Bu əsərdə də sənətkarın işğalçı müharibələrə kəskin münasibəti aydın nəzərə çarpır. Pyesdə müəllif iki hökmdarın – Teymurləng və Bəyazidin simasında müharibə törədənlərə etirazını bildirib, bu ideya ilə bağlı Bəyazidin oğlu Musa ilə Teymurləngin qızı Zərifə arasındakı sevgi xəttini qabardıb. Onlar müharibəyə nifrət bəsləyir, səmimi, saf məhəbbəti hər şeydən üstün tuturlar yazıb.

Məmməd Səid Ordubadi 1920-ci illərdə C.Məmmədquluzadə ilə birlikdə “Molla Nəsrəddin” jurnalında fəaliyyətini davam etdirir, digər mətbuat orqanlarında da fəal iştirak edir, cəmiyyətə zidd mənfi halları, beynəlxalq imperializmi kəskin tənqid atəşinə tutur. Bütün bunlarla yanaşı, Məmməd Səid tarixi mövzuda əsərlər yazmaq üçün ciddi hazırlıq görür, vətənpərvərlik ruhunda çoxlu məqalələr yazır.

Yazıçının arxivində olan qeydlərdən və başqa avtoqraflardan məlum olur ki, o, ən qədim dövrlərdən başlayaraq müasir həyatımıza qədər Azərbaycan tarixinin mühüm mərhələlərini müxtəlif janrlarda əks etdirmək istəyib. Böyük yazıçıya görə, tarixi romanda xalqın həyatı, xalqın ruhu, xalqın mübarizəsi göstərilməli, onun bədii obrazı yaradılmalıdır. Onun fikrincə yazıçı “…Xalqının çətinliklər qarşısında boyun əymədiyini, eyni zamanda, bu mətanətli xalqın mərhəmətlə coşan bir qəlbə, təmiz və ülvi bir vicdana malik olduğunu… göstərməlidir.”

Məmməd Səid Ordubadi öz tarixi romanlarını yazarkən bir sıra çətinliklərlə qarşılaşıb. Bunlardan ən başlıcası o illərdə Azərbaycan tarixinə aid dolğun elmi əsərlərin azlığı idi. Azərbaycan ədəbiyyatında bu janrda izlənməli, istifadə edilməli nümunələr olmadığından o, janrın nəzəri-estetik prinsipləri barədə düşünməyi və öz sözünü deməyi də lazım bilib. Ədib tarixə yalnız olmuş hadisələr toplusu kimi baxmayıb, gələcək naminə müraciət edib, keçmişdən ibrət dərsi götürməyi vacib sayıb.

Məmməd Səid Ordubadinin ilk tarixi romanı “Dumanlı Təbriz” əsəridir. Romanda XX əsrin əvvəllərində Cənubi Azərbaycanda Səttar xanın rəhbərliyi ilə baş verən azadlıq hərəkatı və onun məğlubiyyətindən sonra xalqın İran şahlığına və xarici imperialist dövlətlərin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsinin onillik dövrü qələmə alınıb. 1933-1948-ci illərdə çap olunan romanda İranda və Cənubi Azərbaycanda başlanan milli-azadlıq hərəkatının, hər şeydən əvvəl, ölkənin öz daxili ziddiyyətlərindən doğduğu və inkişaf etdiyi ideyası aydın olur. İranda mülkədar-kəndli münasibətinin dözülməz şəkil alması, şahlıq üsulunun çürüməsi, imperialist dövlətlərin müstəmləkəçilik siyasəti xalqın vəziyyətini daha da ağırlaşdırır və o, tədricən kortəbii olaraq mübarizəyə başlayır. Bu mübarizə getdikcə mütəşəkkil forma alıb xalq hərəkatına çevrilir.

 “Dumanlı Təbriz” romanı yazıçının yaradıcılıq üslubunu və sənətkarlıq məharətini araşdırmaq üçün də zəngin material verir. Roman rus dilinə tərcümə olunduqdan sonra müəllifin ünvanına saysız məktub göndərilməsi onun oxucular tərəfindən maraqla qarşılandığını göstərir.

Məmməd Səid Ordubadinin son tarix romanı “Qılınc və Qələm” əsəridir. Ədib bu romanı yazmadan əvvəl qələmə alacağı dövrü ətraflı araşdırıb, qədim əlyazmaları ilə tanış olub, bir sıra məqalə yazıb və çap etdirib. İki hissədən ibarət olan bu iri həcmli roman müəllifin Nizami dövrünə marağının və böyük şairin yaradıcılığına olan dərin məhəbbətin ifadəsi idi. O, XII əsrin mürəkkəb ictimai siyasi hadisələri fonunda qüdrətli şairin yaradıcılıq yolunu işıqlandırmağa müvəffəq olub. Nizami sənəti Ordubadi üçün əsl məktəb idi. O, “Ədəbiyyatımız və tənqidimiz haqqında” məqaləsində yazırdı: “Nizami müharibələrdən yazmaq istədiyi zaman bir hərb mütəxəssisi kimi fəthi və qələbəni qazandıra biləcək vasitələri böyük məharətlə təyin edir”.

Romanda qılıncla qələmin, ağılla gücün ittifaqından söz açılır. Nizaminin dililə deyilən “…Biliksiz və siyasi düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir” sözləri müəllif qayəsini mənalandırır. Məmməd Səid Ordubadinin əvvəlki tarixi romanları kimi, bu roman da rus dilinə tərcümə edilərək müəllifinə böyük şöhrət qazandırıb.

Bütün yaradıcılığı boyu xalqın mədəni inkişafında mətbuatın roluna yüksək qiymət verən ədibin “Azərbaycan xalqının qəhrəman keçmişindən” başlığı ilə çap etdirdiyi silsilə məqalələri isə onun elmi publisistikasında seçimli örnəklərdəndir. Onun “Böyük dövlət adamları” məqaləsində Atabəylər dövləti tarixində Qızıl Arslanın siyasi rolundan, başqa görkəmli şəxsiyyətlərin fəaliyyətindən danışılır. Müəllifin arxivində onun Babək, Şah İsmayıl, Səttar xan və b. haqqında məqalələri də saxlanır. Onun Xətib Təbrizi, Şəmsəddin Təbrizi, Nizami, Füzuli, Ağaməsih Şirvani, Vidadi, Vaqif, Sidqi, Sabir və başqa söz sənətkarları barədə yazdığı məqalələr çoxəsirlik ədəbiyyat tariximizin öyrənilməsi işində qiymətli bir mənbədir. Məmməd Səid Ordubadinin yaradıcılığı milli mədəniyyətimizi zənginləşdirib, onun inkişafında müsbət rol oynayıb.

Azərbaycan xalqının həyatında böyük iz qoyan ustad sənətkar 1950-ci il may ayının 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. (Bakı Xəbər)

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir