Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ermənistan parlamenti fevralın 22-də Sumqayıt hadisələrini müzakirə etməyə hazırlaşır. Nə etməli?

“Ermənistan parlamentində bu mövzu müzakirə edilən gün xarici ölkələrdə olan diaspor təşkilatlarımız fəal olmalı, həmin ölkənin səfirlikləri önündə aksiyalar keçirməlidirlər”

İsmayıl Ağayev: “Bu qabaqlayıcı addımlarla erməni yalanlarını ifşa etmək olar”

Ermənistanın hakim partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, ölkəsinin parlamentində “Sumqayıt hadisələri” adlı dinləmələr keçiriləcək. Onun sözlərinə görə, parlamentdə aparılacaq müzakirələrə hadisələrin şahidləri, ekspertlər dəvət olunacaq. Aşotyan bildirib ki, dinləmələrin keçirilməsinin başlıca səbəbi dünya ictimaiyyətini həmin hadisələr barədə ətraflı  məlumatlandırmaqdır. Müzakirələrin fevralın 22-də baş tutacağı gözlənir.

Sumqayıt hadisələrinin necə və kimlər tərəfindən törədildiyi bəllidir. Ermənilərin parlamentdə keçirəcəyi dinləmələr təbii ki, şər-böhtan üzərində qurulacaq. Onların dünya ictimaiyyətini aldatmaq cəhdinin qarşısını almaq üçün Azərbaycan hansı addımları atmalıdır?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, biz yalnız bu məsələ ilə bağlı deyil, bütün istiqamətlər üzrə ermənilərlə informasiya savaşına hazır olmalıyıq: “BDM olaraq biz bu savaşı aparırıq. Xüsusilə də xarici ölkələrin universitetlərində erməni yalanlarını ifşa edən tədbirlər keçiririk. Həmin tədbirlərdə biz Sumqayıt hadisələrindən də çox danışıb, bu mövzu ilə bağlı əsl həqiqətlərin üzə çıxması ilə bağlı ətraflı işlər aparmışıq. 1988-ci ildə baş verən həmin hadisəni ermənilər yanlış istiqamətdə təqdim etməklə özlərini zorakılığa məruz qalan millət kimi göstərməyə çalışırlar. Məsələnin mahiyyəti belədir ki, 1988-ci il fevralın 28-də İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda qanlı hadisələr törədildi. Ermənistanın tanınmış siyasi xadimlərindən olan Ayrikyan Sumqayıt hadisələrinin Moskva tərəfindən təşkil olunduğunu etiraf edib. Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da təsdiq edib. Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməyib. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq Azərbaycan türkünün əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Ona görə də burada genişmiqyaslı iğtişaşlar törətmək mümkün oldu.

İstintaq materiallarında iğtişaşlara erməni Eduard Qriqoryanın rəhbərlik etdiyi bildirilirdi. Erməninin bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bütün bu faktları təsdiq edən rəsmi sənədlər, istintaq materialları və məhkəmə hökmləri var. Bu illər ərzində hadisə ilə bağlı reallığı əks etdirən çoxlu sayda kitab yazılıb, filmlər çəkilib. Yəni bizim əlimizdə ermənilərin yalanını sübut etmək üçün kifayət qədər dəlillər var. Ermənilərin müzakirələrə başlamasını gözləmədən, bu gündən başlayaraq, Sumqayıt hadisələrinin əsl mahiyyətini dünyaya açıqlamağa cəhd etməliyik. KİV-lər, QHT-lər, hətta fərdi qaydada vətəndaşlarımız sosial şəbəkələrdə fəal olmalıdırlar. Xüsusilə də Ermənistan parlamentində bu mövzu müzakirə edilən gün xarici ölkələrdə olan diaspor təşkilatlarımız fəal olmalı, həmin ölkənin səfirlikləri önündə aksiyalar keçirməlidirlər. Hesab edirəm ki, bu qabaqlayıcı addımlarla erməni yalanlarını ifşa etmək olar”. (“Baki Xeber”)

Məhəmmədəli QƏRİBLİ

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir