Günəbaxan çubuğundan düzəltdiyi “atını” yolun toz-torpağında sürüyə-sürüyə səbirsizlənirdi ki, bircə axşam düşsəydi “Tarzan” filminə baxardı. Bəzən də içini qaranlıq alırdı ki, birdən işıqlar yanmaz, ya da başqa nəsə baş verər baxa bilməz, o zaman təmiz dilxorçuluq olar…
Ertəsi gün səhər tezdən hamı baxdı ki, Fərzəli həyətlərindəki qollu-budaqlı, qocaman tut ağacından yoğun bir kəndir asıb, budaqdan-budağa tullanaraq tarzanlıq edir. Və tarzanlığı da təkcə tullanmaqla bitmirdi, həm də tarzansayağı qışqır-bağır salıb qonşuların baş-beynini aparırdı. Artıq hamıya aydın idi ki, axşam “Tarzan” filmini izləyənlərdən biri də Fərzəli olub. Onun bu hərəkətləri atası Haxverdiyə xüsusilə ləzzət edirdi. Çünki, Fərzəli nə edirdisə Haxverdi düşünürdü ki, bunu heç kim bacarmaz və onun oğlundan heç yer üzündə yoxdu, ondan birdənədi. Lovğalığı, yalan-palan sözləri, riyakarlığı ilə Çeşməli kəndində ad çıxaran Haxverdi barədə həm də onu deyirdilər ki, bu adam yaltaqlığı hörmətdən salıb. Kəndin çayxanasında oturub danışanda o qədər özündən hörələyirdi ki, tanış-biliş pıçıltı ilə “Haxverdiyə yenə dərzi lazımdı”,- deyərək gülüşürdü…
…Ala danalarının kəndirini ağaca bağlayıb elə dana kimi də böyürən oğlunu görəndə Haqverdi adəti üzrə yenə də ləzzət çəkdi. “Oğuldu yee, oğul, o boyda ağacın başına necə çıxıb ə bu?! – deyə astadan dilləndi. Çox çəkmədi ki, Fərzəlini yanına çağırıb kürəyinə asta-asta vuraraq dedi:
- Əəə, bə sən ora necə çıxıbsan?!
- Tezdənnən ordayam, dədə…
- Halaldı, mənim oğlum belə də olmalıdı… Məndən sənə məsləhət: Ucalmaq, yüksəlmək üçün bundan sonra da nə lazımdırsa elə… Lap ən aşağı bildiyin adamın da qabağında ikiqat əyil, qapısında süpürgə ol, əynində qaloş ol, çarıq ol, ancaq səni həmişə bu günkü kimi ucalarda görüm…
Ana gəzən ağacları balası budaq-budaq gəzər məsəli kimi, həmin gündən Haqxverdi nə tökürdüsə Fərzəli də onu yığışdırırdı. Seçilmək, ucalmaq üçün hər şeyi edirdi, ancaq lazım olan heç nəyi etmirdi: Dərslərini oxumurdu, zəhmətə qatlaşmırdı, evə heç bir kömək etmirdi, bədii kitab üzü açmırdı, özünü mənəvi baxımdan zənginləşdirmirdi… Əvəzində isə sinifdə, idman dərslərində, məhəllə oyunlarında uşaqları bir birinə qarşı qızışdırır, fiziki cəhətdən daha qüvvətli gənclərə yaltaqlanır, onların sağına-soluna keçir, ayaqqabılarını cütləyir, üst-başalarını təmizləyir, sinifdə yaxşı oxuyan uşaqları müəllimlərin gözündən salmaq üçün hər variantı sınaqdan çıxarırdı.
Gün gəldi, məqam yetişdi, Fərzəlinin də ali məktəblərə qəbul imtahanının vaxtı çatdı. Səhvləri o qədər çox oldu ki, bir-iki düzünü də vurub apardı. Və beləliklə, o, imtahanlarda sıfırın altında bal topladı. Kənddə hamı rişxənd və məzəylə deyirdi ki, Fərzəli imtahanlarda dövlətə borclu qalıb.
Sora əsgərlik dövrü başladı. Bir dəfə nümunəvi xidməti ilə ad-san qazanmış əsgər yoldaşı Zamiqin fərdi silahının darağını oğurlayıb postun yaxınlığındakı meşəlik ərazidə gizlətdi. Zamiq tabeliyindəki texniki vasitələrlə ehtiyatsız davrandığına görə ciddi cəza aldı. Fərzəli isə bir neçə gündən sonra darağı “tapan” əsgər kimi komandirin gözünə girə bildi. Haqq-ədalət yerini tapıb, hər şey ortaya çıxanda isə adəti üzrə yenə də itdəndüşmüş oldu. Ancaq xidmət müddətində bu cür oyunlar qurmağın da peşəkarına çevrildi.
Haxverdi də artıq öz növbəsində bütün “imkanlarını” işə salıb Fərzəliyə iş düzüb-qoşmaqla məşğul idi ki, əsgərlikdən qayıdanda boş qalmasın. Ona görə də, mərkəzi şəhərlərin birində özəl şirkətlər birliyinin rəhbəri olan uzaq qohumları Firdovsinin evinə kənd qatığı, bal, kənd yumurtası daşımaqdan yesir olmuşdu. Qabağında ikiqat qalmaqdan az qala beli əyilmişdi…
Bir müddət sonra artıq Fərzəli həmin şirkətin təsərrüfat işlərini idarə edirdi. Tez-tez də yalan, hiylə, kəm-kəsir, işçilərlə tərbiyəsiz rəftarı ilə gündəmə gəlirdi. Haxverdi də kənddə hey deyirdi ki, Firdovsi bütün işini Fərzəliyə tapşırıb, şirkəti Fərzəli idarə edir. Bu gün sabah öz şirkətini açacaq, onda görəssiz mənim oğlum kimdir…
Əvvəllər özünü işgüzar, öz rəhbərinə sədaqətli göstərərək xüsusi yaltaqlanmaq bacarığı ilə dərin etibar qazanan Fərzəli yavaş-yavaş bu etibarı özünün şəxsi maraqları naminə istifadə etməyə başladı. Çox keçmədi ki, şirkət kəsirləri, iqtisadi tənəzzülü ilə gündəmə gəldi. Firdovsi baxdı ki, nəinki irəliləyir, hətta günü-gündən batır. Fərzəli çörək yediyi qaba tüpürdükcə tüpürür: Oğurlayır, başqa adamların adına vəsaitləri yönəldərək nağdlaşdırmaqla mənimsəyir, bir-sözlə, çapıb-talayır, oğurladıqlarının da böyük bir qismini eyş-işrətə xərcləyir. Nəhayət, işin axırı məhkəmədə bitdi və Fərzəli 10 il həbs cəzası aldı. Haxverdinin ürəyi həbsxanaya yol döyməyə 7 il tab gətirdi. Arvadı Nubar da ondan 1 il sonra ağır xəstəlikdən həyatla vidalaşdı.
…15 il sonra Fərzəli öz doğma kəndlərinə qayıdanda darvazalarının ağzında uca otlar göyərmişdi. Paslı məftillə bağlanmış taxta darvazanı açıb həyətə girdi. Tövlə də, samanlıq da, evləri də sanki kiçilib bir balaca olmuşdu. Qocaman tut ağacı da yerində idi, amma artıq əldən düşdüyü hiss olunurdu. Evə girib bir vaxt “Tarzan” filmini izlədiyi ağ-qara televizoru yandırdı. Efirdə Azərbaycanın görkəmli təbiətşünas alimi Həsən bəy Zərdabi barədə film yayımlanırdı. Filmdə Həsən bəyin bu fikirləri onu silkələdi, sanki ildırım kimi vurdu: “Ucalmaq üçün uca ağacların başına çıxmaq lazım deyil, körpə fidanlar əkmək lazımdır”…
Evdən çölə çıxıb qocaman tut ağacının altında var-gəl edib qara-qara fikrə getmişdi. Axı, atası bir vaxtlar uca ağacların başına çıxdığına görə onunla fəxr etmişdi… Amma ona körpə fidanlar, balaca tinglər əkməklə ucalmağı öyrətməmişdi. Əgər öyrətsəydi, indi Fərzəli də uca insanlardan biri idi… Türmədən yenicə qayıtmış işsiz-gücsüz, hörmətsiz bir avara yox…