Azərbaycan gəncləri Tbilisidə BMT-nın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə qətnamələrinin yerinə yetirilməməsinə etiraz bildiriblər.
Boyukmillet.com xəbər verir ki, Namiq Əsgərov və Namiq Əhmədov adlı iki gənc BMT-nin 75 illiyinə həsr olunan tədbirin keçirlidiyi konfrans zalına daxil olublar.
Çiyinlərində Azərbaycan bayrağı olan gənclər əllərində “BMT qətnamələri yalnız kağız parçalarıdırmı?”, “BMT, Ermənistanı Azərbaycana qarşı işğal siyasətinə son qoymağa məcbur et!” sözlərinin yazıldığı plakatlar tutublar. Onlar zaldan çıxarılsa da, səssiz aksiya hotelin foyesində davam etdirilib.
Aksiya BMT-nin tədbirini işıqlandıran Gürcüstanın aparıcı televiziya kanallarının müxbirlərinin diqqətini cəlb edib. Onlar aksiyanın məqsədi barədə maraqlanıblar.
Azərbaycanlı gənclər bildiriblər ki, Ermənistan BMT-nin münaqişənin həlli ilə bağlı 4 qətnaməsini 30 ilə yaxındır yerinə yetirmir. Onlar bildiriblər ki, Azərbaycan sentyabrın 27-dən başlayaraq beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa edir və dünya birliyi Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinə etirazını bildirməlidir.
Qeyd edək ki, N.Əhmədov Azərbaycanın bu yaxınlarda işğaldan azad olunan Cəbrayıl rayonundandır. O, Tbilisidə ali təhsil alır.