2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması və bununla bağlı ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə bu gün “Tolerantlıq örnəyi Azərbaycan: gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib.
SİA-nın məlumatına görə, konfransda DQİDK və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rəhbərliyi, Milli Məclisin deputatları, qeyri-hökumət və gənclər təşkilatlarının sədrləri, eləcə də dini icma nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqidir.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov Azərbaycanda dövlət-din münasibətlərindən, tarixən formalaşmış tolerantlıq ənənələrindən və həmin ənənələrin bu gün də davam etdirilməsindən danışıb. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təkcə məscid və ziyarətgahlar deyil, kilsə və sinaqoqlar da bərpa edilib və yenidən qurulub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə 2011-ci ildə Bakı şəhərində Dağ yəhudiləri üçün yeni sinaqoq inşa edilib.
Dini icmalara dövlət tərəfindən maddi yardım göstərildiyini qeyd edən Gündüz İsmayılov bildirib ki, Azərbaycan təkcə təbii sərvətlərlə deyil, həm də multikultural zəngin mədəniyyətə sahibdir. Bu baxımdan Azərbaycan cəmiyyəti beynəlxalq aləmdə tolerantlıq modeli kimi qəbul edilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov bildirib ki, bu gün Azərbaycanda tolerantlıq, multikulturalizm və dinlərarası münasibət dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: “Dünyada baş verən hadisələr bir daha Azərbaycanın bu istiqamətdə uzaqgörən bir siyasət həyata keçirdiyini təsdiq edir. Ulu öndərin birbaşa rəhbərliyi ilə Azərbaycanda tolerantlığın bir bayram kimi qeyd edilməsi olduqca önəmli məsələdir. Həmin dövrdə həyata keçirilən siyasət nəticəsində Azərbaycanda insanlar və dini icmalar arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Əgər o dövrdə lazimi tədbirlər həyata keçirilməsəydi, bu gün başqa mənzərənin şahidi olardıq. Azərbaycanın hazırki siyasətində də bu istiqamətdə böyük işlər görülür”.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov diqqətə çatdırıb ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır: “O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Azərbaycan digər istiqamətlərdə olduğu kimi bu istiqamətdə də uğurlu inkişafını davam etdirəcək. Bunun üçün Azərbaycanda zəruri olan siyasi və sosial şərait mövcuddur”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov da çıxılarında qeyd ediblər ki, bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşıb. Bu sahəyə dövlətin böyük qayğısı əsas rol oynayır. Dəyərlərimizin təbliği sahəsində gənclərimiz bir sıra tədbirlər, layihələr həyata keçirir və ya onlara təşəbbüs göstərirlər.
Sonra tədbir diskussiya şəklində davam etdirilib.