İsa peyğəmbərin mövludu günü – Milad bayramı Qəbələ rayonunun Nic qəsəbəsində udilər tərəfindən də qeyd edilib.
Boyukmillet.com xəbər verir ki, qəsəbədə yaşayan udilər bayramdan bir gün əvvəl evlərində müxtəlif yeməklər və şirniyyatlar bişiriblər. Bayram günü səhər saatlarında böyükdən kiçiyə hər kəs qəsəbə ərazisində olan “Cotari” kilsəsində təşkil edilən bayram mərasiminə toplaşıblar.
Alban-Udi xristian dini icmasının sədr müavini və kilsənin keşişi Rafiq Danakari Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün Azərbaycanda yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıb.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin bayram təbriki səsləndirilib. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.
Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər.
Qəsəbə sakini Atari Qenuliya Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa gözəl nümunə olduğunu qeyd edərək deyib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır.
Xatırladaq ki, altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3500-dən çox udi var. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udi yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qəsəbədə üç kilsə və iki məscid var.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …