ABŞ Prezidenti Donald Tramp ölkənin Paris İqlim Sazişindən yenidən çıxması haqqında fərman imzalayıb.
Bu barədə Boyukmillet.com ABŞ mətbuatına istinadən xəbər verir.
Dövlət başçısı bunu Vaşinqtondakı “Capital One” İdman-Konsert Kompleksində tərəfdarlarının iştirakı ilə edib.
Respublikaçı qlobal istiləşmə konsepsiyasının elmi etibarlılığına dair şübhələrini dəfələrlə dilə gətirib. O, 2017-ci ildə ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb. 2020-ci ilin noyabrına qədər ölkə razılaşmadan çıxma prosesini başa çatdırıb, lakin 2021-ci ilin yanvarında ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Cozef Bayden Vaşinqtonun Paris Sazişinə qayıtması haqqında fərman imzalayıb.
Paris İqlim Sazişi 2015-ci ilin dekabrında imzalanıb, sənədə 195 ölkə imza atıb. Şərtlərə əsasən, iştirakçı ölkələr qlobal iqtisadiyyatın sənaye öncəsi inkişaf mərhələsi ilə müqayisədə orta illik temperaturun artımını 1,5 və ya 2 dərəcə Selsi səviyyəsində saxlamaq üçün yaxın onilliklərdə karbon dioksid emissiyalarını könüllü azaltmağa söz veriblər.