Kamran Bayramov: “Bu, xüsusən də Türkiyənin Aİ-yə qəbulu ilə bağlı danışıqları dondurmuş Brüssel üçün aydın və birmənalı bir mesajdır”
İyulun 7-8-də keçirilməsi nəzərdə tutulan NATO sammiti və onun gündəliyi artıq indidən beynəlxalq birliyin və dünya mediasının diqqət mərkəzindədir. Bu yüksək maraq təkcə qlobal məkanda müşahidə olunan ümumi turbulentliklə deyil, daha çox alyansın daxilində hökm sürən ciddi fikir ayrılıqları ilə bağlıdır”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib. Müsahimiz hesab edir ki, Şimali Atlantika Alyansı forumunun iştirakçıları diqqəti blokun müdafiə kursuna yenidən baxılmasına və geosiyasi böhranların aradan qaldırılmasına, NATO-nun Yaxın Şərq və Hind-Sakit okean regionu ölkələri ilə fəaliyyətinin koordinasiyasına, ABŞ-İsrail bloku ilə İran arasındakı qarşıdurma kontekstində təhlükəsizlik risklərinə, habelə Transatlantik birlik problemlərinə və Rusiya-Ukrayna müharibəsinin fəsadlarına yönəldəcəklər: “Ankara platformasının strateji seçimi bəyan edilmiş mövzular kontekstində bu irimiqyaslı tədbirin keçiriləcəyi məkan – Türkiyə Respublikasının paytaxtı Ankara şəhəri xüsusi əhəmiyyət kəsb edir. Bu seçim qətiyyən təsadüfi deyil və Türkiyənin hərbi blokdakı real çəkisi ilə birbaşa əlaqəlidir. Ölkənin bu statusu unikal coğrafi mövqeyi ilə (mühüm dəniz yollarına nəzarəti təmin edən strateji yerləşməsi) və hərbi qüdrəti ilə (Alyansda ikinci ən böyük nizami orduya və onun xüsusilə dron və pilotsuz uçuş aparatlarının tətbiq olunduğu münaqişələrdə qazandığı döyüş təcrübəsi) şərtlənir.
Ankaranın blokda mövcudluğu hərbi balans və çəkindirmə funksiyasını yerinə yetirir. Struktur baxımından Türkiyə Avropa, Rusiya və Yaxın Şərqin qeyri-sabit dövlətləri (İran, Suriya, İraq) arasında təbii bufer rolunu oynayır. Eyni zamanda, Montrö Konvensiyasına əsasən, Türkiyə strateji boğazlardan, yəni Bosfor və Dardaneldən hərbi gəmilərin keçidinin təbii tənzimləyicisidir. Məhz bunun sayəsində Şimali Atlantika Alyansı Qara dənizdən Aralıq dənizinə keçən hərbi donanmaları monitorinq etmək imkanı qazanır.
Xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də odur ki, Alyans daxilində açıq şəkildə etiraf edirlər ki, əgər Türkiyə hər hansı bir səbəbdən strukturu tərk etmək qərarına gələrsə, bu, Avropanın təhlükəsizliyi üçün fəlakətli nəticələrə yol açacaq. Xüsusilə də Türkiyə ərazisində NATO-nun strateji bazalarının yerləşdiyini nəzərə alsaq, bu risk daha aydın görünür”.
Deputat hesab edir ki, məsələnin iqtisadi tərəfi də blok üçün az əhəmiyyət kəsb etmir. Türkiyənin NATO-nun ümumi büdcəsindəki payı sabit şəkildə artır ki, bu da onun Avro-Atlantik müdafiə sisteminə dərindən inteqrasiya olunduğunu göstərir: ölkə Alyansın 32 üzvü arasında bu göstəriciyə görə 7-ci yeri tutur. Bundan əlavə, Ankara hərbi xərclərini rekord həddə çatdıraraq ÜDM-in 2 faizi olan cari NATO normativini yerinə yetirib və hətta onu üstələyib. Həmçinin, növbəti onillikdə müdafiə xərclərinin hədəf göstəricisinin ÜDM-in 5%-nə qədər artırılması barədə müttəfiqlərin razılaşmasını dəstəkləyib:”Türkiyənin NATO üçün dəyişməz əhəmiyyətini növbəti fakt da bariz şəkildə sübut edir: ABŞ administrasiyasının Avropa müttəfiqlərinin İranla münaqişədə Vaşinqtonu birbaşa dəstəkləməkdən imtina etməsi səbəbindən Alyansdan çıxa biləcəyi barədə bəyanatlarına baxmayaraq, Birləşmiş Ştatlar Ankaradakı sammitdə iştirakdan imtina etməyib. Əksinə, forumda ABŞ-ı şəxsən Donald Tramp təmsil edəcək. Bu məlumatı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da təsdiqləyib: “ABŞ Prezidenti Donald Trampın sammitdə şəxsən iştirak edəcəyini elan etməsi Alyansın birliyi nöqteyi-nəzərindən mühüm addımdır. Biz hazırlıqları sürətləndirmişik ki, bu sammit NATO tarixində əlamətdar bir hadisəyə çevrilsin”.
K.Bayramovun sözlərinə görə, Ağ Ev rəhbərinin bu qərarı bir neçə ciddi səbəblə bağlıdır: ” Donald Tramp dəfələrlə Rəcəb Tayyib Ərdoğanı özünün “yaxın dostu” adlandırıb. “O, mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. O, möhtəşəm lider və çox güclü şəxsiyyətdir. O mənə hörmət edir, mən də ona hörmət edirəm. Bundan əlavə, bizi yaxşı dostluq münasibətləri bağlayır”, – deyə Tramp bu yaxınlarda jurnalistlərə bildirib.
Digər səbəb ondan ibarətdir ki, Ankara Vaşinqton üçün Yaxın Şərqdə və Avrasiyada mühüm strateji müttəfiqdir. Türkiyə ərazisində “İncirlik” aviabazası yerləşir və ölkə özünün balanslaşdırılmış xarici siyasəti sayəsində dünyanın bir sıra regionlarında münaqişə gərginliyini azaltmaq imkanlarına malikdir. ABŞ administrasiyası bəzi geosiyasi məsələlərdə tərəflər arasında fikir ayrılıqlarının olmasına rəğmən bu mövqeyi qoruyub saxlayır. Beləliklə, Şimali Atlantika Alyansı sammitinin Ankarada keçirilməsi və ABŞ Prezidenti Donald Trampın burada şəxsən iştirakı Türkiyə Respublikasının müasir geosiyasi sistemdəki yüksək nüfuzunun növbəti əyani sübutudur. Bu hadisə, eyni zamanda, mövcud reallığı hələ də tam dərk edə bilməyən dairələr, xüsusən də Türkiyənin Aİ-yə qəbulu ilə bağlı danışıqları dondurmuş Brüssel üçün aydın və birmənalı bir mesajdır”.
Cavanşir Abbaslı
Boyukmillet.com Biz yanmasaq vətən yanar
