Bazar , 22 Dekabr 2024
Drone Cameras

Türk dünyası necə çökdürülür? – Böyük plan

Güntay Gəncalpla dialoqumuzun davamı

II silsilə. 8-ci məktub

Dəyərli Güntay!

Dialoqumuz yekunlaşmaq üzrə olarkən son iki yüz ildə keçdiyimiz yola bir daha göz yetirməyi vacib sayıram.

Çıxış, müqayisə və ya istinad nöqtəsi böyük alimimiz Yaşar Qarayevin sözləriylə desək, “ictimai-tarixi, ədəbi-mədəni həyatımızda… ayrıca bir mərhələni təşkil edən, öz dövrünün nəinki universiteti, həm də teatrı və akademiyası, milli ensiklopediyası, ədəbiyyat və fəlsəfi institutu” olan Mirzə Fətəli Axundzadənin fikirləridir.

Milli ideologiyamızın və dövlətçiliyimizin əsasında dayanan və bayrağımızda əksini tapmış üç prinsip Əli bəy Hüseynzadə tərəfindən irəli sürülsə də, türkçülük, Avropa dəyərlərinə və çağdaş sivilizasiyaya qovuşmaq, despotizmdən, feodal münasibətlər məngənəsindən qopub demokratik idarəçilik sistemi qurmaq, nəhayət, dində islahat zərurəti Mirzə Fətəli Axundzadəni də dərindən düşündürmüş, onun fəlsəfi məktublarında geniş təhlil olunmuş və ondan sonra da bizim günlərə qədər, demək olar ki, bütün fikir adamlarımızın əsas mövzularından biri olmuşdur. Bu üç siyasi və mənəvi dayaq bölgədə öz azadlığı uğrunda mübarizə aparan başqa türk-müsəlman xalqlarının da yoluna işıq salmışdır. Bu o deməkdir ki, həmin prinsiplərin qorunması və gəlişdirilməsi gələcəyimiz baxımından da son dərəcə əhəmiyyətlidir və düzgün yol seçməyimizdə, mübarizəmizin əsas hədəflərini bəlirləməkdə indi də bizə yardım edə bilər. Edə bilirmi?

TÜRKÇÜLÜK

Şərqin bir sıra alimləri təxminən yüz əlli il öncəyədək bölgənin inkişafı məsələsində əsas mühərrik rolunu İran millətinin oynayacağını düşünürdülər; İranda milli kimliklə etnik kimlik arasında fərq yox idi. Hətta XX yüzilin başlanğıcına qədər bir sıra xadimlərimiz irançılıq məfkurəsindən qopa bilməmişdilər. Çünki Azərbaycan adında müstəqil bir dövlət yox idi və min il İranda hakimiyyət sürmüş türklər İranı haqlı olaraq öz dövlətləri sayırdılar və əllibeş illik ugursuz Pəhləvi rejimi farsçılığı önə çıxartsa da, milyonlarla İran türkünün vətən duyğusu dəyişilməmişdir. Buna baxmayaraq, məhz Mirzə Fətəli İranın gələcək inkişafında farslarla tüklərin yolunun ayrıldığını dolayı yolla olsa da, İran şahzadəsinin dili ilə açıqlamışdır: “Aya, səlatini fürs və milləti fürs məcus deyil idilər? Aya, olar deyildi ki, analarını, bacılarını və qızlarını və əmmələrini, xalalarını nikah edərdilər”.

Mirzə Fətəli Avropa teatr sənətinin və mədəniyyətinin bölgəmizə məhz türkcə gəlməsini istəmiş və bunu etmişdi. Türk dilinin imla qaydalarını arayanlara “mənim pyeslərimə baxın” deyir və bundan əlavə türkcə yazma prinsiplərini müəyyənləşdirirdi.

XX yüzilin əvvəllərindən başlayaraq islam dünyasının xilası yolunu və xilaskarını axtaranlar çoxalmış və bunların demək olar ki, hamısı xilaskar qismində türkləri görmüşlər.

Bu dövrün düşünürləri türkçülüyün ruslaşdırma və farslaşdırmanın qarşısında yeganə xilas yolu hesab edirdilər.

Üstündən xeyli vaxt keçməyinə baxmayaraq, Azərbaycanda hələ də türkçülük, azərbaycançılıq, islam birliyi tərəfdarları arasında mübahisələr davam etməkdədir. Xilas yolunu Şərqlə Qərbin sintezində arayanlar da var… Azərbaycan respublikasında azərbaycançılıq, az qala, türkçülüyü inkar səviyyəsinə gətirilmişdir. Yəni öz qınını bəyənməmək xəstəliyi başlamışdır.

Görünən budur ki, proses islam birliyindən türk birliyinə, ordan da azərbaycançılığa doğru bir yol keçmişdir. Məsələn, Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu Osmanlı mərkəzli türk birliyinin ideoloqları olduqları halda, Cəlil Məmmədquluzadə və Məmməd Əmin Rəsulzadə daha çox azərbaycançılıq tərəfdarları idilər. Bir tərəfdə ümumtürk millət anlayışı qəbul edilərkən və bundan ötrü Osmanlı türkcəsi türk dünyasının ümumi ədəbi dili kimi təqdim olunarkən digər tərəfdə Cəlil Məmmədquluzadə yerli xalqın başa düşəcəyi bir dili təbliğ edir, millət anlayışını daha lokal çərçivədə görürdü. Rəsulzadə isə bu məsələni siyasi müstəviyə qaldıraraq, Azərbaycan milləti və dövlətinin ideya rəhbəri oldu. Azərbaycançılıq da onun düşüncəsinin məhsulu idi.

İdeoloji xətt daralmağa doğru gedir və ona xidmət edir: İslam birliyi fikrindən türk birliyinə, ordan da azərbaycançılığa. Türk birliyi ideyası bu gün də müstəqil türk dövlətləri tərəfindən inkişaf etdirilir, lakin ortada ardıcıl siyasi iradə görünmür. Üstəlik, bu dövlətlərin hər birində lokal və ayrımçı bir “yerli” ideoloji xətt də qabardılır: özbəkçilik, türkmənçilik, azərbaycançılıq. Lakin enən xətt burda da dayanmır, gəlib multikulturalizm nəzəriyyəsinə dirənir. Halbuki, Azərbaycandakı müxtəlif xalqları və etnik qrupları birləşdirən və vahid gücə çevirən məhz hamıya doğma olan Ümumazərbaycan mədəniyyəti və Azərbaycan dilidir. Bu mövqedən yanaşanda multikulturalizm azərbaycançılığa qarşıdır. Bu ideya dünya səviyyəsində normal görünsə də, tolerantlığın hökm sürdüyü balaca bir ölkədə əlavə problemlər yaratmaqdan başqa heç nəyə xidmət etməz.

ÇAĞDAŞLIQ – AVROPALILAŞMA

Azərbaycan Şərqin ilk demokratik cümhuriyyəti seçimini və gələcək inkişaf yolunu dəqiq və qətiyyətli bir şəkildə müəyyənləşdirmişdi. Çağdaş dünyaya inteqrasiya və onun bir parçası olmaq, dinlə dövləti ayırmaq, islam dünyasının inkişafına mane olan xurafat, məzhəbçilik ənənələrindən xilas olmaq, yeni elmlərə və yeni texnologiyaya yiyələnmək, zülmdən, despotizmdən uzaq, normal bir dövlət qurmaq, vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək və s. Təbii ki, bu, o qədər də asan iş deyildi. Ətraf düşmənlə sarılmışdı. Bundan əlavə, keçmişdən qopmaq bir çoxlarını qorxudurdu.

Əslində, ziyalılarımızın şəxsi həyatları da daim iki qütb arasında keçmişdir. Kök Şərqə bağlı olsa da, düşüncə, ağıl, yeni texnologiyalara meyl baxımından onlar avropalı idilər. Haqqında söhbət gedən dövrdə ziyalılarımızın böyük əksəriyyəti radikal dəyişikliklər istəmişlər və dəfələrlə vurğulamışlar ki, Avropa yaşam tərzi bütövlüklə qəbul edilə, demokratik dövlət qurulmasa, vətəndaş azadlığına və hüquqlarına qovuşmasa, şəxsiyyət özgürləşməsə, insan öz layiqli yerini almasa, bir sözlə, ölkədə sevgi, düzgünlük, fədakarlıq, ədalət bərqərar olmasa, heç bir inkişafdan söhbət gedə bilməz. Azərbaycan ziyalıları qurduqları demokratik respublikada azad seçkini, insan haqlarına sayğını, söz və mətbuat azadlığını, milli maraqların qorunmasını, hakimiyyətə yox, xalqa sədaqəti prinsipini… inkişafın əsas şərti hesab edirdilər.

Mirzə Fətəli də “Kəmalüddövlə məktubları”nda öncə hüquq bərabərliyindən, mal bərabərliyindən söz açır. Yüz əlli il sonra insanlıq yenə həmin məsələlərin həyata keçirməsi üstündə baş sındırır. O yazırdı: ”Beləliklə bəşəriyyətin xoşbəxtlik və səadəti o vaxt mümkün olacaqdır ki, istər Asiyada , istərsə də Avropada insan ağlı əbədi zindanlardan tamamilə xilas edilib, işlər və fikirlərdə nəql deyil, yalnız insan əqli sənəd və dəlil hesab edilib hakimi mütləq olacaqdır”.

Bu gün bir sıra Şərq ölkələrindəki despotik və zorakı rejimlərlə Mirzə Fətəlinin sözlərini müqayisə edirəm: “Despot – ibarətdir bir padşahdan ki, öz əmalında heç bir qanuna… müqəyyəd olmaya və xalqın mal və canına bihəddü inhisar təsəllütü ola və həmişə öz həvayi-nəfsinlə rəftar edə və xalq onun təxt-səltənətində əbdü-dəni və rəzil olub azadiyyət və bəşəriyyət hüququndan bilkülliyyə məhrum ola”(“despotizm” sözü ərəb dilində olan “istibdad” kəlməsi ilə çox düzgün ifadə oluna bilər. Ərəblərdə hətta belə bir misal da vardır ki: “hər kəs öz rəyində müstəbid olarsa, mütləq həlak olar”).

Göründüyü kimi, M.F.Axundzadə despotizmin uzun müddət yaşaya bilməyəcəyinə inanırdı. O yazırdı: “Tam azadlıq iki növ azadlıqdan ibarətdir. Biri ruhani azadlıqdır, o biri cismani azadlıqdır.

Bizim ruhani azadlığımızı islam dininin başçıları əlimizdən almış, bizi bütün ruhani işlərdə tamamilə öz əmr və nəhylərinə tabe və alçaq kölə etmişlər…

Bizim cismani azadlığımızı isə despot hökmdarlar əlimizdən almış, … bizi öz nəfslərinin istəklərinə görə cürbəcür ağır yüklərin və təkliflərin hambalı etmişlər”.

Böyük mütəfəkkirin XIX yüzilin ortalarında dediyi sözlər bu gün də Şərqdə aktual səslənir və demokratiyanın, azad cəmiyyətlərin, ədalətli dövlətlərin gözəl nümunələri göz önündə ola-ola despotizm yenə cövlan edir və dünyanın bir sıra şərəfli xalqları hələ də despotik rejimlərdə çürüməyə məhkumdurlar.

İSLAM

Özümdən asılı olmadan bu gün Bakıda ərəb ölkələrindən gələn turistlərin çoxalması ilə bağlı gedən yazıları və söz-söhbəti “Kəmalüddövlə məktubları”nın bəzi parçaları ilə müqayisə edir və yüz əlli ildə, bəlkə də min ildə ərəblər haqqında rəylərin dəyişimədiyinə heyrət edirəm. Ancaq indi bu məsələ bizim müzakirə dairəmizə aid deyil.

Əsas məsələ millətin düşdüyü ağır vəziyyətdən xilasıdır və insanı ağrıdan odur ki, bu məsələdə də biz Mirzə Fətəli dövründən çox irəli getməmişik. Çünki hələ də yollar ayrıcındayıq, mövqeyimiz və yerimiz aydın deyil. Bir yandan Avropaya can atır, o biri tərəfdən Avropanın çürüməsi haqqında danışırıq. Bu gün Qərbin yaşam tərzi və texnolojisi inkişaf etsə də, mənəvi baxımdan çökdüyü barədə Şərqdə yayılan təsəlliverici fikirləri, özümdən asılı olmadan, yenə Mirzə Fətəlinin aydın mövqeyi ilə müqayisə edirəm. O, qəhrəmanının dili ilə yazırdı: “Mükərrər Təbriz xalqından eşidirəm ki, deyirlər, firənglər vaqiən ülumi-suriyyədə, yəni dünyəviyədə, tərəqqiyi-külli edibdirlər, çifayda ülumi mənəviyyədə, yəni diniviyyədə, qəflətdə və zülmətdədirlər. Biçarələrin bu işdibahlarına səbəb zalım molla və vaizdir”.

Yeri gəlmişkən deyim ki, “Kəmalüddövlə məktubları”nda əsərin qəhrəmanının külli-ədyanı puç və əfsanə sayılması, peyğəmbərin və islamın öndə gedənlərinin əxlaqını təndiq etməsi, şiə əhlinin min iki yüz il öncə (Axundzadənin vaxtından sayanda) baş vermiş ərəb tayfa davalarına görə başına, sinəsinə döyüb, “Ya Hüseyn”, deyib küçələrə tökülməsini nadanlıq sayması böyük mütəfəkkirə qarşı yanlış fikir formalaşdırmışdır. Mirzə Fətəli öz münasibətinə özü aydınlıq gətirir: “Bir də müəllif istəmir ki, xalq ateist olsun, dinsiz və imansız olsun. Bəlkə müəllifin məqsədi islam dininin əsr və zəmanəyə müvafiq olaraq protestantizmə (islahata – S.R.) möhtac olduğunu göstərməkdir. Elə kamil bir protestantizmə ki, o, tərəqqi və sivilizasyon şərtlərinə müvafiq olsun, bəşərin hər iki cinsinin azadlıq və hüquq bərabərliyinə qərar versin, … bütün islam tayfasının savadlı olmasını vacib etsin”.

Yəni Mirzə Fətəlinin dərdi milləti gerilikdən xilas edib inkişaf etmiş xalqlar səviyyəsinə çıxarmaq idi. Buna mane olan nə varsa, rədd edirdi.

Təəssüf ki, islam aləmində sonradan yaranmış doqmaları dağıdan, gərəksiz mərasim və ayinlərin qarşısını alan, müsəlmanların yükünü yüngülləşdirən heç bir addım atılmadı və bu fikri səsləndirən adamlara da kafir və ya ateist damğası vuruldu. Halbuki on dörd əsrdən sonra istənilən müqəddəs mətnin meydana çıxdığı şəraitin təzyiqi ilə məruz qaldığı siyasi motivlərdən və günlük maraqlardan arınması və ya ibadətlərin, ayinlərin sadələşdirilməsi dinin ömrünü uzadar, onu daha da cazibədar edər.

Dünyada dinə tapınan insanların çox az qismi öz dinlərinin hökmlərini axıra kimi yerinə yetirə bilirlər. Bu fikri islam aləminə də aid etmək olar. “Şükür, müsəlmanıq” deyirlər, lakin müsəlman kimi yaşamırlar.

Mən imanlı adamam, Allaha inanıram, müsəlmanam. Lakin yaşadığım şərait ardıcıl ibadətə imkan vermir. Bundan narahatlıq da keçirmirəm. Çünki bütün ömrüm boyu düz və halal yaşamış, imanlı-inamlı həyat sürmüş və saysız-hesabsız insanlara əl tutmuş, yaxşılıq etmişəm. Hansı daha vacibdir? İmansızların ibadəti, yoxsa ibadətsizlərin imanı? Xoş əməl, yoxsa pisliklərini dualarla təmizləmək ümidi?

Cəmalləddin Əfqani islam dünyasını yaralı halda üç qitəyə sərilmiş və can çəkişən bir qartala bənzədirdi. O vaxtdan bəri yaranan yeni meyillər, təriqətlər islamın durumunu daha da ağırlaşdırmışdır.

İranda İslam vicdan işi olmaqdan çıxıb, siyasət alətinə çevrilmişdir, din despotik bir dövlətçilik vasitəsi olmuşdur; Türkiyə sürətlə böyük Atatürkün layiqlik və demokratiya prinsipindən uzaqlaşdırılıb geriyə sürüklənir.

Mən on beş il İslam dövlətləri Parlament İttifaqının üzvü oldum. Təəssüf ki, orda müsəlman həmrəyliyi ancaq kağızın üstündədir. 1992-ci ildən başlayaraq islam ölkələrinin nazirlərinin və islam dövlətləri parlamentinin yığıncaqlarında dəfələrlə çıxışlar etdim. Lakin oralarda səslənən təkliflər, qəbul edilən qərarlar yalnız kağız üzərində qaldı. Çünki islam birliklərinin qərarları daha çox görüntü üçündür, bu birliklərin ciddi təsir mexanizmi yoxdur.

Allahla insan arasındakı üləma ordusu və ərəblərin çoxunun Qarabağ faciəsindən xəbərləri olmadığı bir halda bizim hələ də 1400 il öncəki şəhidlər üçün göz yaşı töküb baş yarmağımız, mollaların apardığı məclislərdə millətimizin dərdlərini unudub, yəhudi-fars mifologiyasından mənasız nağıllar söyləməsi, Quranın və duaların ana dilində oxunmaması, İranda yetişən dindarların islam dinindən çox, fars şeirini və tarixini təbliğ etməsi, bəzi təriqətlərin insanı insan cildindən çıxartması – islamın mahiyyətinə, böyük fəlsəfəsinə ziddir və nüfuzunu sarsıdır. Ancaq bunlardan daha böyük bəla islam ölkələri arasında birliyin olmaması və bu ölkələrin çoxunun üzdə islam birliyindən dəm vursalar da, arxada Qərbin islam düşməni olan böyük güclərinin quluna çevrilməsidir. İslam əxlaqını bir çox əxlaqsızlıqların pərdəsinə çeviriblər.

Mənim düşüncəmə görə, Allah böyüdükcə din adına sığınanlar kiçiləcək və adiləşəcək.

Əslində, dinlərin problemləri bir-birinə çox bənzəyir Bir həqiqət etiraf olunmalıdır ki, bu gün bütün dinlər böhran içindədir. Dinlər arasında dialoqun başqa bir üzü də vardır: önə çıxmaq yarışı, rəqabət və düşmənçilik.

Xristian dünyasının texnologiya və elmi inkişafı, islamla aradakı təzadı və bunun davamı kimi ziddiyyəti artırır.

Xristian dünyası kosmosa addım atır, Türkiyə kimi gəlişmiş bir müsəlman ölkəsinin televiziyaları isə hələ də cinlərdən və kafirlərin ölümə məhkumluğundan danışır. Düşüncə tərzindəki, əməldəki fərqlər, qeyri-bərabərlik artdıqca islam dünyasının çatışmazlıqları daha aydın görünəcək, Qərbin islama təzyiqi artacaq, uyğun və sivil dildə cavab verə bilməyən müsəlman dünyası Qərbə qarşı radikallaşacaq.

Roma Papası bu yaxınlarda verdiyi bəyanatların birində katolik aləmini yerindən oynadan açıqlamalarını yaymışdır. Açıqlamanın tam mətni məndə yoxdur, ancaq mətbuatda gedən çıxarışlardan yetərincə cəsarətli bir mövqedən danışdığı bəlli olur. Məsələn, onun fikrincə, Allah da insanlarla bir yerdə inkişaf edir. Başqa bir cümləsində xristianlığın dini kitablarında köhnəlmiş, əhəmiyyəti olmayan, artıq parçaların olduğunu və həmin kitablardan bu parçaların çıxarılmasını təklif edir.

Bu gün ən böyük böhranı Bibliya və onun törəməsi olan kitablar yaşayır. Bibliyanın Musa peyğəmbərdən min il sonra bir yəhudi komandası tərəfindən Şumer mifologiyasının təsiri altında yazıldığı və bir çox sujetlərin ordan götürüldüyü haqqında araşdırmaların sayı artır. Bibliyadan sonrakı müqəddəs kitabların çoxunda həmin sujetlər təkrar olunur. Belə çıxır ki, dünyanın səmavi kitabları göydən gələn vəhylər əsasında yox, Şumerin gil lövhələrindəki mifik mətnlər əsasında yazılıbmış. Bu həqiqət ortaya çıxanda İraq savaşında beş yüz minə yaxın gil lövhənin dağıdılması, məhv edilməsi, arxeologiya muzeyinin talanması həm də uzaq bir plagiatçılığın izlərini itirmək təsiri bağışlayır. Gil lövhələrin günahı nə idi? Orda hansı sirlər yatırdı? ABŞ və İngiltərə 50-ci illərdə müharibə vaxtı tarixi abidələri dağıtmamaq haqqında konvensiyaya niyə qoşulmadılar? Bütün bunlarla Roma Papasının sonuncu bəyanatı arasında bir əlaqə varmı? Ciddi suallardır.

Amma getdikcə aydınlaşan bir həqiqət var. Bibliya yəhudilərin əsir alınaraq Babilistana gətirilməsindən sonra yaranmışdır. Əsir düşənlərin qisasını almağın bu yolunu çox müdrik şəkildə düşünüb tapıblar. Şumer kültürü, xatirələri, mif və inancları ilə tanış olan bir dəstə yəhudi, bu bilgiləri bir ilahi sehrə bürüyərək, səmavi kitab adına ortaya çıxarmış və beləliklə bəşəriyyətin gələcəyi üçün dönüş nöqtəsi sayıla biləcək bir addım atmışlar. Yəqin ki, teoloqlar və şumeroloqlar dinlərin mifoloji köklərini araşdırmaqla səma kitabları anlayışına bir aydınlıq gətirəcəklər. Hərdən düşünürəm ki, bəlkə min il öncəki Səlib yürüşünün bir niyyəti də yəhudilik və xristianlığın kökünü göstərən o ilk mənbələri tapıb, məhv etmək olmuşdur. Qoy insanlığın əbədi aldanışı davam etsin. Nəhayət, həmin niyyət XXI yüzildə həyata keçirilir. Gil lövhələrin çoxu oxunmamışdır, bəziləri də yanlış oxunmuşdur.

Dinlər dünyada nizam yaratmaq üçündür; müqəddəslik cildində anayasalar insanlığa böyük xidmət göstərib. Lakin dinlərin başlatdığı savaşlarda qırılan milyonlarla insanın acı taleyini, axıdılan çay-çay qanı düşünəndə cəmiyyətdə dinin mövqeyini müəyyənləşdirmək. onu dövlətdən və siyasətdən ayırmaq istəyən müdrikləri daha yaxşı başa düşürük…

NƏTİCƏ

Türkçülük siyasi iradənin zəifliyi üzündən qol-qanad aça bilmir, Stalinin türkləri parçalama siyasəti başqa qüvvələr tərəfindən bu gün də davam etdirilir, hakimiyyətlərin maraqlarına xidmət edən qapalı, “regional”, məhdud, elmi əsası olmayan ideoloji meyillərlə üz-üzə qoyulur.

Avropaya yaxınlaşma Avropanın ikili standartları, islam dünyasına yad münasibəti, böyük güclərin təsiri, Avropa mərkəzçiliyi iddiası və xristian eqoizmi üzündən ləngiyir.

İslam da bütün dinlər kimi böhran içindədir.

Məktublarımın birində yazdığım kimi, bu gün dünyada bizim qədər acınacaqlı vəziyyətdə olan az xalq tapılar. Azərbaycan türklərinin yüzillər boyu sahib olduqları ərazilərin böyük bir kəsimi əlimizdən çıxmışdır və param-parça halda neçə dövlətin əlində qalmışıq. İrəvan xanlığında, indi deyildiyi kimi, Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti qurulmuş və ordan sonuncu türk də çıxarılmışdır. Üstəlik, Azərbaycan Respublikasının 14 rayonu, yəni yüzdə iyirmisi Rusiyadan yardım alan Ermənistan qoşunları tərəfindən işğal edilmişdir. “Nə savaş, nə barış!” prinsipinə söykənən və dünyanın Azərbaycana açıq-aşkar həqarət və saymazlığından başqa bir şey olmayan anormal atəşkəs rejimi şəraitində erməniləri Qarabağda möhkəmlətməyə çalışırlar. Dağlıq Qarabağ bir yana, onun çevrəsindəki heç vaxt tək bir erməninin yaşamadığı yeddi rayonun işğal edilməsi – beynəlxalq hüquqa tüpürməkdir, buna baxmayaraq, cəzalandırılmır və dünyanın böyük gücləri 65 min ermənini qoruduğu halda, bir milyondan artıq azərbaycanlı qaçqının faciəsinə biganədir.

Dərbənd türkləri tədricən köklərindən qoparılır və oranın Azərbaycanla bağlı tarixi izləri yox edilir.

Borçalı hələ ki, sağlam bir şəkildə ayaqda olsa da, gürcü millətçiliyinin ikiüzlü siyasəti gizli şəkildə davam edir və soydaşlqrımızın imkan və hüquqları ildən-ilə məhdudlaşdırılır.

Kərküklü qardaşlarımız Türkiyə və Azərbaycandan əllərini üzüb qeyri-bərabər bir savaşda acı taleyin ümidinə buraxılmışlar.

İranda əhalinin cəmi 35%-ni təşkil edən farslar şiə birliyi hiyləsiylə İranı fars milli dövlətinə çevirmək siyasətlərini davam etdirir və sayı farslardan artıq olan İran türklərini ulusal kimlik duyğusundan məhrum etmək və farslaşdırmaq kimi neofaşist təzyiqlərini gücləndirirlər.

Nəhayət, dünyaya səpələnmiş soydaşlarımız barədə. Onların sayı ildən-ilə artır və təəssüf ki, milli coğrafiyadakı ayrılıqlar orda da aradan qalxmır və ən pisi bir-iki nəsildən sonra ana dili unudulur, milli kimlik yalnız ekzotik bir bağlılığa çevrilir.

Bu gün sayı 50 milyon civarında olan Azərbaycan türklərinin öz dillini, mədəniyyətini inkişaf etdirmək, Azərbaycanın dövlətçilik ənənələrini yaşatmaq imkanı olan yeganə yeri Azərbaycan Respublikasıdır. Lakin müharibə Azərbaycan Respublikasının əlini-qolunu bağlayıb, dövlətimizin bütün azərbaycanlıların cazibə mərkəzinə çevrilməsinə imkan vermir.

Öz cümhuriyyət ənənələrimizi bərpa etmək bizi problemlərdən azad etməmişdir. 26 illik müstəqilliyin gətirə biləcəyi maddi və mənəvi üstünlüklərin və qazancın ən azı yarısını müharibə və Ermənistanın işğalçılığı əlimizdən almışdır. Müstəqilliyin sevincini doyunca yaşaya bilmədik və onun verdiyi imkanlar ürəyimizcə reallaşdırılmadı. Müstəqillik öncəsi (SSRİ-nin dağılma ərəfəsində) və müstəqilliyin ilk illərində yetişmiş tarixi şəraiti gərəyincə dəyərləndirə bilmədilər, ilk illərdə dövlət başçılarımızın təcrübəsizliyi və acizliyi bizi bir quyuya saldı.

Müharibə həm də ölkənin digər sahələrinin inkişafını əngəlləyən ciddi bir maneə oldu. Qətiyyətli bir müharibə bütün problemləri həll edər və ölkəni bu otuz ilə yaxın davam edən qeyri-müəyyənlikdən qurtarardı. Lakin böyük güclər savaş hüququnu da əlimizdən alıblar. Durumumuz belədir. Nə etmək? ( ardı var )

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir