Bazar , 1 Dekabr 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: “Siyasiləşmiş bir din artıq öz dindaşının mənafeyini qorumur”

Myanmada müsəlmanlara qarşı ordunun törətdiyi dəhşətli qırğın dünyanın gündəmində yer alan əsas məsələlərdən birinə çevrilib. Təkcə son günlərdə 3 mindən çox müsəlman vəhşiliklə qətlə yetirilib. İslam ölkələrinin bu məsələdəki susqunluğu hiddətlə qarşılanır.

Qeyd edək ki, Myanmada 2016-cı ildə Nobel mükafatı laureatı Aun Sanın hakimiyyətə gəlişindən sonra müsəlmanlara qarşı törədilən qırğınlar kütləvi hal alıb. Təsadüfi deyil ki, onun hakimiyyətdə olduğu bir il ərzində 100 mindən çox müsəlman öldürülüb. Amma bütün bunlara rəğmən bir İslam ölkəsinin bu məsələyə açıq şəkildə mövqeyinin şahidi olmuruq. Doğrudur, son hadisələrdən sonra hər zaman olduğu kimi, yenə də qardaş Türkiyə faciəyə öz sərt mövqeyini nümayiş etdirib. Prezident Rəcəb Tayyib Ərdoğan qətliama bu cür mövqe bildirib: “Dünya Myanmadakı qətliam qarşısında kar və kordur. Eşitmir, görmür. Bu son olaylar daha da acınacaqlı bir hadisədir. Gələn rəqəmlər təəssüf ki, 3 minə yaxın insanın öldürülməsi yönümündədir. Əlbəttə, bu məsələni ağır, şiddətli bir şəkildə pisləyirik. Bu məsələni bütün beynəlxalq təşkilatların, BMT-nin qarşısında qaldıracağıq”.

Görünən odur ki, bir İslam ölkəsindən başqa digərləri qətliam qarşısında susurlar. Halbuki İran, Səudiyyə Ərəbistanı kimi dövlətlər özlərini müsəlman dünyasının “ağası” saysalar da, bu tipli hadisələrə mövqe bildirməkdə aciz görünürlər. Təkcə dünya siyasətinə təsir gücü olan iri müsəlman dövlətlərinin deyil, kiçik müsəlman ölkələrinin də belə hadisələrə sərt mövqe sərgiləmələri çox vacibdir. Myamadakı müsəlman qətliamı İslam ölkələri arasında birliyin olmamasını bir daha önə çıxarıb.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı ara-sıra Myanmada baş verən hadisələrdən xəbər tutduğunu söylədi: “Bu çox böyük faciədir. Oradakı xalqların milli, dini qarşıdurmalarının səbəblərini dərindən öyrənmək çox vacibdir. Amma hər halda, istər tarixi, istərsə də müasir səbəblər heç bir şəkildə insan qırğınına yol aça bilməz. Bunların qarşısı mütləq alınmalıdır. İslam dövlətlərinin bu məsələdəki susqunluğuna gəlincə, təəssüflər olsun ki, bu tipli dövlətlərin bir çoxunda İslam həmrəyliyi, təəssübkeşliyi yoxdur. Bu, sadəcə, kağız üzərində, sözdədir. Bir toplantı olanda hamısı dəbdəbə ilə gəlir, danışır, amma bu ciddi bir məsələyə çevrilmir. Qarabağ məsələsində İslam Konfransı Parlament İttifaqı bizi dəstəkləyir, Ermənistanı işğalçı kimi tanıyır, amma konkret işə gələndə irəli atılacaq bir addımın olmadığını görürük. İslam artıq bir çox ölkələrdə özünün dini dəyanətini, vicdan dəyanətini itirib, vicdanlı olmaqdan uzaqlaşıb. Din siyasətin alətinə, quluna çevrilib. Din dövlət aparatına, idarəçilik mexanizminə çevrilib. Belə olan halda siyasiləşmiş bir din artıq öz dindaşının mənafeyini qorumur, dindaşı haqqında düşünməkdənsə, öz siyasi maraqları haqqında düşünür. Belə olanda da bu cür anlaşılmazlıq, ziddiyyətlər meydana çıxır”.

S.Rüstəmxanlı Azərbaycan tipli kiçik müsəlman dövlətlərinin də belə məsələlərdəki susqunluğuna bu cür şərh verdi: “Dünyada gedən proseslər bu müsəlman, yaxud xristian ölkəsidir müstəvisini çoxdan çıxarıb. Burada ədalətdən söhbət gedirsə, insanlar öldürülürsə, bunun müsəlman, yaxud xristian olmasının önəmi qalmır, buna dərhal reaksiya verilməlidir. Bəzi dünya birlikləri var, burada BMT, Avropa Şurası kimi qurumların adlarını çəkə bilərik. Bunların hər biri bu cür qətliamlara münasibət bildirə bilərlər. Bu qurumlar ailəni xatırladır və ailənin üzvü kimi Azərbaycan kimi ölkələr də belə faciələrə münasibət bildirə bilərlər. Azərbaycan kimi torpaqları işğal olunmuş, bir milyondan artıq məcburi köçkünü olan ölkələr belə dəhşətli hadisələrdə daha sərt mövqe tuta bilərlər. Nəyə görə dünyadakı müsəlmanlara bu cür sərt münasibət var? Bunun səbəblərini həm də müsəlmanların özlərində axtarmaq lazımdır. Harada yaşamasından asılı olmayaraq, müsəlmanlar sivilizasiyaya qovuşmaq, dünyanı dərk etmək, yeni texnologiyalara sahiblənmək, demokratik cəmiyyət qurmaq, İslam cəhalətindən uzaqlaşmaq, yeni dünyanın tələblərinə uyğun həyat tərzi keçirmək üzərində düşünməlidirlər. O zaman müsəlmana qarşı dünyada olan bu soyuqluğun, ikili münasibətin qarşısı alınar. Müsəlman ilk növbədə, özünə hörmət qazanmaq, onun maraqlarının nəzərə alınması üzərində düşünməlidir. Elə yaşamalıdır ki, ona hörmət bəsləsinlər”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir