“Bildiyim qədər, onun Türkiyə və Azərbaycana gözəl münasibəti var”
Britaniya parlamentinin millət vəkili Boris Conson Mühafizəkarlar Partiyasının yeni sədri və bununla da Birləşmiş Krallığın yeni Baş naziri seçilib. Partiyanın 92153 nəfər üzvü onun lehinə səs verib. Beləliklə, o həm partiya sədri, həm də Baş nazir postunda Tereza Meyi əvəzləyəcək.
Mey iyun ayının 7-də istefa qərarını bəyan etmişdi. Bunun səbəbi Böyük Britaniyanın Avropa İttifaqından çıxışı prosesi ilə bağlı yaranan siyasi böhran olub. Boris Conson İngiltərənin Avropa İttifaqından çıxmasının qatı tərəfdarıdır və “Breksit” layihəsinin əsas müəllifidir. O bu yaxınlarda müsəlmanlara qarşı xoşagəlməz sözlər söylədikdən sonra özünün ulu babasının da müsəlman türk olduğunu söyləyərək üzrxahlıq etmişdi.
Baş nazir vəzifəsinə seçkilər ərəfəsində keçmiş xarici işlər naziri Boris Conson bundan əvvəl müsəlman qadınların əleyhinə söylədiyi çirkin bənzətməyə görə üzr istəmiş, bu sözləri dediyinə görə kədərləndiyini və peşman olduğunu söyləmişdi. Conson çarşablı müsəlman qadınları poçt qutusuna bənzətmişdi.
Boris Conson dörd nəfər başqa namizədlə birlikdə iştirak etdiyi verilişdə islama qarşı olmadığını göstərmək üçün ulu babasının da türk müsəlman olduğunu xatırlatmışdı: “Mənim müsəlman ulu babam 1912-ci ildə bu ölkəyə gəldi, çünki buranın comərd və insanları xoş qarşılayacaq bir uğur qapısı olduğunu bilirdi”. Conson Osmanlı imperatorluğunun son daxili işlər naziri Ali Kemalın nəvəsi Stenli Consonun oğludur.
Maraqlıdır ki, Boris Conson təkcə nazir olmaqda babasına oxşamayıb. Conson da, Ali Kemal da ictimai fəaliyyətə jurnalist kimi başlayıblar.
Ahmet Teflik paşanın hökumətində daxili işlər naziri vəzifəsində çalışmış Ali Kemal həm də Osmanlı imperiyasının sonuncu böyük vəziri olub. Türk kökənli yeni Baş nazirin dönəmində Böyük Britaniyanın Azərbaycan və Türkiyə ilə münasibətləri necə inkişaf edəcək?
- Qabil Hüseynli: “Onun baş nazirliyi dövründə Azərbaycan – Böyük Britaniya münasibətləri normal və yüksələn xətt üzrə inkişaf edəcək”
Politoloq Qabil Hüseynli bu seçimi alqışladı. Onun sözlərinə görə, Conson çox praqmatik, hər cür komplekslərdən uzaq olan siyasətçidir: “Bu persona bundan əvvəl tutduğu postlarda özünü təsdiqləyib. Türklərə münasibətini isə açıq formada ifadə edib. Bu kökdən olduğunu etiraf edib. Boris Conson, həmçinin, Böyük Britaniya iqtisadiyyatını yaxşı bilir. Böyük Britaniyanın dünya siyasətində oynadığı, oynamalı olduğu rolu da gözəl başa düşür. Zənnimcə, onun dövründə çox böyük ehtimalla ola bilər ki, “Breksit” təxirə düşsün, yaxud yenidən referendum keçirilsin. Çünki o yaxşı başa düşür ki, indiki dövrdə siyasi inteqrasiyaya, xüsusilə Avropanın inteqrasiya proseslərinin getməsinə və sıx sıralarla addımlamasına çox böyük ehtiyac var. Ona görə də mən cəsarətlə deyə bilərəm ki, Boris Conson namizədlər içərisində ən layiqlisi idi. Çox yaxşı haldır ki, Böyük Britaniya özünə ən layiqli insanı Baş nazir seçdi. Mənim bildiyim qədər, onun Türkiyə və Azərbaycana gözəl münasibəti var. Türkdilli respublikalara münasibəti yaxşıdır. Zənnimcə, onun baş nazirliyi dövründə Azərbaycan-Böyük Britaniya münasibətləri normal və yüksələn xətt üzrə inkişaf edəcək. Bizim həmin ölkə ilə münasibətlərimizdə ciddi problem yaşanmır. Ancaq Conson faktoru bunu daha da yaxşı etməyə qadirdir”.
Məhəmmədəli QƏRİBLİ