“Vətəndaşları aldadan turizm şirkətləri əsasən internet üzərindən fəaliyyət göstərirlər”
Yay aylarında insanlar ya ölkə daxilində istirahət etməyə üstünlük verir, ya da ölkədən kənara çıxırlar. Əksər hallarda istirahət etmək istəyən vətəndaşlar turpaketlərdən yararlanmaq istəyirlər. Turizm şirkətləri Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən, qonşu ölkələrə rahat və ucuz qiymətə, əyləncəli turlar təklif edirlər.
Turpaketlərdə qeyd olunur ki, səyahət etmək üçün ödəniləcək məbləğə yol və yemək xərcləri, müxtəlif oyunlar, fotosessiya daxildir. Lakin bu turlara gedənlərin çoxu narazı qayıdır. İstirahət zamanı ac qaldıqlarını, gəzintinin maraqsız olduğunu deyirlər.
Ancaq son zamanlar edilən şikayətlər tək ac qalmaq, gəzintinin maraqsız olması ilə bağlı deyil. Belə ki, qonşu Türkiyə və ya Gürcüstanda istirahət etmək üçün turpaket alan vətəndaş aldadıldığının şahidi olur.
Cavid Quliyev adlı şəxs mövsümi fəaliyyət göstərən turizm şirkətlərinin biri tərəfindən aldadılanlardan biridir. O qeyd edir ki, getdiyi otel otağının başqası tərəfindən bron edildiyini görüb. Geri döndükdə isə xidmətindən istifadə etdiyi turizm şirkətinin ofisini bağlı görüb, işçiləri ilə də əlaqə saxlaya bilməyib.
- Elçin Rüstəmov: “Bu şirkətlərlə əməkdaşlıq edən insanlar getdikləri yerdə onlara vəd edilən xidməti görmürlər, ən pis halda isə…”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov bildirdi ki, vətəndaşların turpaketlər tərəfindən aldadılması bununla bitmir: “Həttə bir dəfə bələdçi ərəb turisti aldadaraq 600 dollar ziyana salıb. Son zamanlar vətəndaşları aldadan turizm şirkətləri yaranmağa başlayıb. Bu tip şirkətlər əsasən internet üzərindən fəaliyyət göstərirlər. Onlar sosial şəbəkələrdə təşkil etdikləri turlarla bağlı reklamlar yerləşdirirlər, müştərilərə ucuz qiymətlər təklif edirlər. Bu şirkətlərlə əməkdaşlıq edən insanlar getdikləri yerdə onlara vəd edilən xidməti görmürlər. Ən pis halda isə getdikləri oteldə otağın onun adına bron olmadığının şahidi olurlar. Bu faktlar qeydə alınıb. Vətəndaşlar aldadılan zaman hüquq-mühafizə orqanlarına və Dövlət Turizm Agentliyinə müraciət edə bilərlər”.
Həmsöhbətimiz onu da vurğuladı ki, vətəndaşlar əvvəlcə turpaket aldıqları şirkətləri internet üzərindən araşdırsınlar. Həmçinin, turizm şirkətlərilə sövdələşmələri rəsmi qaydada aparsınlar.
Günel CƏLİLOVA