Mayın 19-da Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günüdür.
Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, builki bayram tədbirləri koronavirusa görə fərqli keçirilir.
Qurtuluşa atılan addımın 102-ci ildönümünün ilk tədbiri Mustafa Kamal Atatürkün Anit məqbərəsində keçiriləcək. Gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu Türkiyə prezidentinin müavini Fuat Oktay və nümayəndə heyəti ilə birlikdə mavzoleyi ziyarət edəcək.
Qeyd edək ki, 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk milli mücadiləni Samsuna çıxışla başlayıb. Ona görə də bu gün yerli vaxtla saat 19:19-da bütün şəhərlərdə evlərin balkon və pəncərələrindən Türkiyənin dövlət himni oxunacaq.
Xatırladaq ki, bu tədbir 1938-ci il 19 may tarixindәn etibarәn milli bayram olaraq qeyd olunur. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Əli Rza oğlu Atatürk 1881-ci il mayın 19-da indiki Yunanıstan ərazisindəki Selaniki şəhərində doğulub. Birinci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət göstərərək general rütbəsi – paşa titulu alan Mustafa Kamal 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan “kamalçılar” hərəkatına başçılıq edib. Həmin tarix qurtuluşa atılan addım sayılır. O, 1920-ci ildə Türkiyə Böyük Millət Məclisini yaradıb, eyni zamanda məclisin və təşkil etdiyi hökumətin sədri seçilib. Atatürkün təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da “Hakimiyyət qeyd-şərtsiz millətindir” və “Yurdda sülh, cahanda sülh” şüarı əsasında Türkiyə Cümhuriyyətini yaradıb. O, 1923-1938-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik edib. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ona Atatürk adı verilib. Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbuldakı Dolmabaxça sarayında vəfat edib.