Türkiyədə işgüzar səfərdə olan 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Türkiyənin nüfuzlu xəbər kanalı olan “Ulusal Kanal” Televiziyasının qonağı olub. Canlı yayımda tanınmış aparıcı Can Karadutun suallarını cavablandıran Əhməd Şahidov 16 illik tarixə malik və təkcə Azərbaycanda deyil, bütün dünyada önəmli layihələr həyata keçirən Heydər Əliyevin Fondunun fəaliyyəti barədə geniş danışıb.
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə toxunan hüquq müdafiəçisi Fondun həyata keçirdiyi layihələr və Azərbaycan cəmiyyətində Heydər Əliyev Fonduna artmaqda olan inam və sevginin təzahürü haqqında məlumat verib.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.