Ukraynanın İrpen və Azərbaycanın Laçın şəhərləri qardaşlaşa bilər və bu istiqamətdə müvafiq işlər aparılır.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev feysbuk səhifəsində məlumat verib.
“Ukraynanın Azərbaycandakı səfiri statusunda ilk regional səfərimi Qarabağa etməyi əvvəldən planlaşdırmışdım. Bu gün Azərbaycan rəhbərliyinin dəvəti ilə biz hərbi attaşemiz polkovnik Yuriy Suprunla birlikdə bu planı həyata keçiririk. Səhər Zəngilan şəhərinin yeni hava limanına gəldik və oradan mənzərəli Laçın şəhərinə yola düşdük”, – o qeyd edib.
Onun sözlərinə görə, hazırda Laçın və Ukraynanın İrpen şəhərlərinin yaxın gələcəkdə qardaş şəhərlərə çevrilməsi istiqamətində işlər aparılır:
“Şəhərlərin bərpa və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində uğurlu təcrübəsi var. Əminəm ki, belə regionlararası əməkdaşlıq Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə yönəlmiş daha bir addım olacaq”.