Parlament seçkilərinin növbəti və mühüm sayılan mərhələsinə start verilib. Bu ab-hava özünü ilk olaraq və kütləvi şəkildə sosial şəbəkələrdə göstərməyə başladı. Ayın 16-dan 17-nə keçən gecə, yəni saat 24-dən bir dəqiqə keçdiyi andan sosial şəbəkələri təbliğat posterləri, şüarları bürüməyə başladı. Namizədlərin çoxluğu ilk andan nəzərə çarpır.
MSK sədri Məzahir Pənahov da dedi ki, bu seçkilərdə rekord sayda namizəd qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, seçki marafonu maraqlı və gərgin rəqabət şəraitində keçəcək. Biz də “Bakı-Xəbər” qəzeti olaraq prosesi yaxından izləyib, rəqabətin daha ciddi gedəcəyi dairələrlə bağlı təhlillərimizi aparacağıq.
Mərkəzi Seçki Komissiyasının (MSK) informasiya bazasında təqdim olunan məlumatlardan görünür ki, qeydə alınan namizədlərin sayının çox olduğu dairələrdən biri də 15 saylı Yasamal Birinci Seçki Dairəsidir. Həmin dairədəki namizədlərin təhlili göstərir ki, təbliğat-təşviqat mərhələsində sözügedən dairədə, sözün əsl mənasında, savaş gedəcək. Ölkənin radikal mövqeli iki müxalif siyasi partiyasının rəhbəri məhz həmin dairədə bir-birinə qarşı rəqibdir. Namizədlər sırasında Müsavat başqanı Arif Hacılı və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun da adının olması onu deməyə əsas verir ki, seçki dairəsində müxalifətin səsləri ciddi şəkildə parçalanacaq.
Məhz buna görə hətta seçki prosesi başlamadan iki partiya sədri bir-birini niyə məhz bu dairəni seçmələri ilə bağlı ittiham etməyə başladı. Ancaq son nəticədə heç biri digərinə güzəştə getmədi.
Müxalifətin irəli sürdüyü namizədlərin sayı bu iki nəfərlə bitmir. Namizədliyi qeydə alınanların sırasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin də adı var. Adlarını əvvəl qeyd etdiyimiz iki şəxs bu dairədən əvvəl namizəd olmayıb, ancaq Elşən Mustafayev bundan əvvəlki seçkilərdə də 15 saylıdan gücünü sınayıb və onun həmin dairənin ərazisində anadan olduğu, hazırda yaşadığı bildirilir. Hakim Yeni Azərbaycan Partiyasının bu dairədən çox da tanınmış bir namizədlə çıxış etməməsi ilk andan belə təəssürat yarada bilərdi ki, seçki marafonu məhz müxalifət partiyasının nümayəndələri arasında aparılacaq. Xatırladaq ki, YAP-ın dairədəki namizədi Azərbaycan Tibb Universitetinin müəllimi Nağıyev Rauf Nəriman oğludur. Ancaq siyahıya ətraflı göz gəzdirdikdə, seçkiyə bitərəf kimi qatılan Quliyev Ülvi Zahid oğlunun adı diqqəti çəkir. Ülvi Quliyev məhz bu dairədən 5-ci çağırış AR Milli Məclisinin deputatı olub. Hazırda seçkinin əsas favoritlərindən biri kimi onun da adı qeyd edilir. Ancaq müşahidələr göstərir ki, Ülvi Quliyev üçün bu seçki prosesi digərlərindən çətin olacaq. Çünki tanınmış idmançı olan Ülvi Quliyev bundan əvvəl üç çağırış millət vəkili olub. Ardıcıl olaraq eyni yerdən deyil, müxtəlif dairələrdən seçilib. Yalnız bu dəfə Ülvi Quliyev 15 saylı Yasamal Birinci Seçki Dairəsindən ikinci dəfə deputat seçilmək qənaətinə gəlib. Nəzərə alaq ki, belə hal həm də seçicilər qarşısında hesabatlıq məsuliyyətini daha da artırmış olur, onda Ülvi Quliyevin yenidən mandat qazanması üçün daha aktiv təbliğat aparmaq zərurəti ortaya çıxır. Qeydə alınmışların 22 nəfərlik siyahısındakı digər şəxslərin adlarına baxdıqda, onların yuxarıda qeyd etdiyimiz tanınmış personalar qarşısında parlaq qələbə qazana biləcəyini elə də inandırıcı etmir. Məlumdur ki, seçkidə son sözü seçici deyir və hansısa sürpriz namizədin qalib gələcəyini də bu amil şərtləndirə bilər. Növbəti dairələrin analizinə qədər, görüşmək ümidilə…
Məhəmmədəli QƏRİBLİ