IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, ağaclar və fəsillər mövzusuna həsr edilən sentyabr təlimi uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədi daşıyıb. Təlim zamanı uşaqlara ilin fəsilləri və xüsusiyyətləri barədə geniş məlumat verilib. Həmçinin uşaqlar ağacların ilin fəsillərinə uyğun dəyişməsi və inkişafı prosesi ilə tanış olublar.
Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edərək müxtəlif materiallardan kiçik “sənət əsərləri” düzəldiblər. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə onlarla birgə güllər əkilib, ağaclara qulluq göstərilib.
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə əməkdaşlığı ilə keçirilən sentyabr təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onlara ağacların planetimiz üçün çox mühüm əhəmiyyətə malik olduğunu dərk etmələri baxımından mühüm töhfə verib.
Təlim IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində keçirilib. “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.