Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Vətən müharibəsi ilə bağlı bədii-sənədli filmlərin çəkilməsi olduqca vacib və əhəmiyyətlidir”

Cəlil Xəlilov: “Mədəniyyət Nazirliyinin bu məsələyə diqqət yetirməsini təqdirəlayiq hesab edirəm”“8 noyabr zəfəri və bu zəfərə aparan yolun mədəniyyət və incəsənətin bütün sahələrində öz əksini tapması mütləqdir”

Yaxın vaxtlarda Azərbaycanın Vətən Müharibəsində tarixi qələbəsinə həsr olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmlərinin layihələri üzrə müsabiqəsi elan ediləcək.

Bu barədə Trend-ə müsahibəsində Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov bildirib.

Rüfət Həsənov qeyd edib ki, dövlətin dəstəyi ilə həyata keçiriləcək Qarabağ müharibəsi ilə bağlı bir sıra bədii, sənədli film layihələri hazırlanma və reallaşdırılma mərhələsindədir.

Moderator.az-a açıqlamasında Vətən müharibəsi ilə bağlı bədii-sənədli filmlərin çəkilməsinə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bu istiqamətdə ciddi addımların atılmasının zəruriliyinə diqqət çəkdi:

“Təbii ki, Vətən müharibəsi ilə bağlı bədii-sənədli filmlərin çəkiməsi bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bu, həm qəhrəımanlarımızın tanıdılması, onların göstərdiyi igidliklərin təbliğ edilməsi, həm də hərbçilərimizin 44 günlük Vətən Müharibəsində göstərdiyi bütün bu fədakarlıqların əbədiləşdirilməsi baxımından son dərəcə vacibdir. Bu baxımdan Mədəniyyət Nazirliyinin bu məsələyə diqqət yetirməsi, Vətən Müharibəsi və işğaldan azad edilən torpaqlara qayıdışla bağlı filmlər çəkməyi planlaşdırması təqdirəlayiqdir. İnanıram ki, yeni mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi altında Mədəniyyət Nazirliyi bu çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gələcək.

Vətən müharibəsində göstərilən qəhrəmanlıqların filmlərdə yer alması, ekranlaşdırılması gənc və eləcə də gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da önəmli addımlardan biridir. Dünya təcrübəsi sübut edir ki, bu gün kino, tarixin öyrənilməsi və təbliği baxımından ən universal vasitədir. Bizim də öz qəhrəmanlıq tariximizi təbliğ etmək baxımından filmlərin imkanından istifadə etməyimiz vacibdir.

Ümumiyyətlə, şanlı 8 noyabr zəfərinin, bu zəfərə aparan şərəfli yolun sadəcə filmlərdə deyil, ədəbiyyatda, musiqidə, mədəniyyət və incəsənətin bütün sahələrində öz əksini tapması mütləqdir. Hesab edirəm ki, bütün əlaqədar qurumlar, o cümlədən şairlərimiz, yazıçılarımız, mədəniyyət və incəsənət xadimlərimiz  bu məsələni diqqətdə saxlamalı, hər kəs bu məsələyə bacarığı və istedadı çərçivəsində öz töhfəsini verməlidir”.

Seymur ƏLİYEV

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …