“Kəpəz”in sabiq futbolçusu, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Talıb Rzayev Gəncə təmsilçisində işləyəcək.
Boyukmillet.com xəbər verir ki, İdarə Heyətinin sədri İlqar Nadiri döyüşçü ilə görüşərək, onun 9 yaşlılardan ibarət komandaya məşqçi təyin edildiyini bildirib. O əlavə edib ki, yaxın günlərdə gənc mütəxəssisin AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirakı da mümkün olacaq. Artıq bu istəklə quruma müraciət olunub.
Hələ müharibə dövründə yaralı olan Rzayevə baş çəkən klub rəhbərliyi səhhətinin imkan verəcəyi halda gələcəkdə komandada məşqçi işləməsi və müvafiq kurslarda təhsil alması üçün şərait yaradılacağını bildirmişdi.
Qeyd edək ki, Gəncə futbolunun yetirməsi olan Talıb Rzayev “Kəpəz”in aşağı yaş qrupları ilə yanaşı, əsas komandasında da çıxış edib. O, “Cəsur döyüşçü”, “Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə” medalları ilə təltif edilib.