ABŞ-ın Vaşinqton şəhərində Azərbaycanın, Bəhreyn və İsrailin ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi təşkil olunub.
Boyukmillet.com xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, o cümlədən Ağ Ev, Dövlət Departamenti, Nəqliyyat Departamenti və Kənd Təsərrüfatı Departamentinin rəsmiləri, ABŞ Konqresinin üzvləri, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Serbiya, Bolqarıstan və Qırğızıstan səfirləri, Türkiyə və İordaniyanın ABŞ-dakı səfirliklərinin diplomatları, ictimai və siyasi xadimlər, həmçinin Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, yerli beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bildirib ki, ölkəmizdə çoxsaylı dini icmalar arasında qarşılıqlı hörmət və tolerantlığın çoxəsrlik tarixi var. Diplomat qeyd edib ki, Ramazan ayı dünyanın hər guşəsində yaşayan müsəlmanların imkansızlara əl tutmaq niyyətinə sadiqliyini nümayiş etdirmək fürsəti verir. X.İbrahim, həmçinin bu günün tarixi əhəmiyyətini xüsusi qeyd edib: “Bu gün Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılışı baş tutub və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsraildə rəsmi səfərdədir. Bizi tarix boyu birləşdirən bağlar bu gün daha da qüvvətləndi. Diləyimiz odur ki, bu müqəddəs ay ölkələrimizə firavanlıq gətirsin”.
Mərasimdə çıxış edən İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq Azərbaycan, Bəhreyn və İsrail xalqlarının yaxın dostluq bağlarından danışıb.
Diplomat bildirib ki, müqəddəs Ramazan ayında bir yerə toplaşmaq təkcə mübarək ənənənin yerinə yetirilməsi deyil, həm də dinlərarası, icmalararası və regionlararası körpülərin qurulmasıdır: “Builki iftar üç ölkə arasında inkişaf edən regional və dinlərarası təşəbbüsləri əhatə edən və dərinləşən əməkdaşlığı gücləndirdi”.
İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.