Cümə , 22 Noyabr 2024
Drone Cameras

VHP-nin son günlərdə baş verən olaylarla bağlı bəyanatı

Vətəndaş Həmrəyliyi Partiyasının bəyantında deyilir: “Son dönəmdə Azərbaycan üzərində baş verən olaylar dövlət müstəqilliyimiz və suverenliyimizdən ciddi narahatçılıq keçirməyə əsas verir. Gürcüstanla sərhəddə Keşikçidağ qalmaqalı, Azərbaycan səmasında məhv edilən hərbi təyyarəmiz, Ermənistan hakimiyyətinin son Qarabağ şousu, Cənub və Qərb dövlət sərhədlərimizdə intensivləşən silahlı toqquşmalar heç də xoş olmayan bir geopolitik durumdan xəbər verir. Bütün bunların fonunda cəmiyyətin laqeyidliyi, hadisələrə nə ictimai-siyasi qüvvələr, nə vətəndaş cəmiyyətləri, nə də sadə toplum tərəfindən reaksiya verilməməsi ikiqat narahatçılıq və təşviş doğurur. Sanki Azərbaycan daxilində hər kəsin milli maraqlar hissini məhv edərək, ölü bir mühit yaradılıb və gələcək daha böyük fəlakətlərdən öncə bu ölülüyü yoxlamaq üçün hansısa qüvvələr məşq edirlər. Belə bir durumda isə ölkənin əksqütblü siyasi qüvvələrinin bir birinə qarşı xüsusi aqressiya göstərməsi, bir tərəfdən əxlaqa uyğun olmayan təhqirlərin səslənməsi, digər tərəfdən qüvvələrin daxili müxalifətə qarşı səfərbər olunmasına çağırış edilməsi yalnız və yalnız Azərbaycana qarşı yönələn qara planların icrasına yardım etmiş olur.

Bu gün milli birlik və vətəndaş həmrəyliyi Azərbaycan üçün heç vaxt olmayacaq qədər vacibdir. Siyasi, dini baxışından, sosial durumundan, ictimai mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının istiqlal və ərazi bütövlüyü uğrunda bir cəbhədə olması tək zamanın tələbi yox, həm də yeganə qurtuluş yolumuzdur. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan üzərində qurulan planların ciddi təhlil edilərək baş verənlərə ümummilli etiraz gücünün ortaya qoyulmasını vacib sayır. Unutmayaq ki, iqtidar və müxalifətin, varlı və kasıbın, ziyalı və sadə vətəndaşın varlığı ilk növbədə Azərbaycanın varlığına bağlıdır”.

boyukmillet.com

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …