Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vilayət Eyvazovu “Ramiz Mehdiyev kartı” ilə gözdən salmaq niyyəti – “söyüş mühacirlərinin” yeni taktikası, bəs həqiqət…

Şəmsəddin Əliyev: “İnam və etibar olan yerdə adama belə mühüm vəzifəni tapşırırlar”

Son vaxtlar Azərbaycan hakimiyyətinin və xüsusilə də hüquq-mühafizə orqanlarının xaricdə fəaliyyət göstərən  “söyüş makinaları” sayılan yutuberlərə qarşı qanuni əsaslara söykənərək tədbirlər görməsi həmin təbəqəni lap özündən çıxarıb. 

Bu dəfə onlar ölkənin dayaqları sayılan sahələrə rəhbərlik edən şəxslər barədə olmazın iftralar uydururlar. Ən əsası da, həmin şəxsləri açıq şantaja məruz qoyurlar. Belə əsassız ittihamlara tuş gələnlərdən biri də DİN rəhbəri Vilayət Eyvazovdur. Biz şahidi oluruq ki, son illər ərzində polisdə ciddi islahatlar aparılır. Məhz bu islahatları həzm edə bilməyənlər polisin işinə əngəl törətmək üçün əllərindən gələn təxribatı törətməyə can atırlar. Xüsusilə də pandemiya kimi çətin dönəmdə sosial şəbəkələrdə polisin barəsində dövriyyəyə buraxmadıqları yalan və təxribat xarakterli məlumat qalmadı. Təbii, bunların heç biri öz effektini vermədi. Çünki cəmiyyətin gözü tərəzidir. Hamı polisin son dönəmlərdə necə təşəkkül yolu keçdiyini canlı olaraq görür. Bundan əlləri üzülən həmin “söyüş makinaları” indi də nazir Vilayət Eyvazovu hakimiyyətdən uzaqlaşdırılan bəzi şəxslərə bağlamağa can atırlar. Məsələn, belə əsassız iddialardan birində deyilir ki, güya Vilayət Eyvazovla AMEA-nın indiki rəhbəri Ramiz Mehdiyev qohumdur. Bunu da hər ikisinin əslən Naxçıvandan olması ilə izah etməyə çalışırlar. Münasibətlər sistemində qohumluq paltarda olan yamağa bənzəyir. Onu nə qədər gizlətsən də, hardansa özünü göstərəcək. Bundan əlavə, kiminsə kiminləsə qohum olmağı da heç bir qanuni məsuliyyət yaradan hal sayılmır. Əslən Naxçıvandan olan şəsxlər yaxşı bilir ki, Ramiz Mehdiyevin kəndi ilə Vilayət Eyvazovun təmsil olunduğu kənd arasında azı iki-üç rayon var. Yəni eyni regionun təmsilçisi olmaq heç də hamının bir-birinə qohum olması anlamına gəlmir. Bundan başqa, maraqlıdır, belə qohumluq əlaqəsi barədə həmin blogerlərdə məlumat vardısa, niyə indiyə kimi bu barədə xəbər vermirdilər?

Aydındır ki, burda məqsəd Vilayət Eyvazovun daxili işlər naziri kimi fəaliyyətinə kölgə salmağa və hakimiyyət komandasının ona olan etimadını sarsıtmağa hesablanıb.  Ancaq Azərbaycan hakimiyyəti də kimin-kim olduğunu gözəl bilir və hansısa “söyüş makinasının” sözü ilə nazirinə olan münasibətini dəyişən deyil.

Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu yalnız və yalnız polisin dünənki, bugünkü və gələcək fəaliyyətinə kölgə salmaq niyyətindən xəbər verir: “ Vilayət Eyvazov birmənalı olaraq ölkə rəhbərliyinə sadiq adam kimi tanınır.  Cinayətkarlıqla mübarizədə prinsipialdır, məsələlərin həllində obyektivdir. Humanizm prinsiplərinə uyğun davranma ortaya qoyur. Bütün bunların fövqündə onun adını kiminləsə hallandırmaq cəhdi uğur gətirən deyil.  Vəzifədə kimin olmasından asılı olmayaraq, Vilayət Eyvazov öz işinin öhdəsindən layiqincə gələn, ona verilən tapşırıqları nöqsansız yerinə yetirən generaldır. Ölkənin hüdudlarından kənardakı şəxslərin bu cəhdləri tam yersizdir. Dövlət başçısı Vilayət Eyvazovu çox yaxşı tanıyır. Ona böyük etimad göstərilib. İnam və etibar olan yerdə adama belə mühüm vəzifəni tapşırırlar.  Heç kimin də şübhəsi olmasın ki, Vilayət Eyvazov cinayətkarlıqla mübarizədə mövqeyini, prinsipiallığını sona qədər  qoruyacaq. Mən ölkə rəhbərliyinin Vilayət Eyvazovun simasında çoxminlik DİN kontingentinə göstərdiyi etimadı dəstəkləyirəm. Hesab edirəm ki, xaricdəki həmin adamların məsuliyyətsiz fikirlərinə  o qədər də əhəmiyyət vermək lazım deyil. DİN rəhbərliyi bundan sonra da öz öhdəsinə düşən işi layiqincə yerinə yetirib, ölkəmizdə asayişin qorunmasını təmin edəcək”.

Bəllidir ki, həmin bloger kontingentinin bütün fəaliyyəti söyüş və böhtan üzərində qurulub.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …