Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Xəzər sürətlə quruyur, dənizin səviyyəsi hər il 20–30 santimetr azalır

Bunu “Reuters”ə müsahibəsində Azərbaycan ekologiya nazirinin müavini Rauf Hacıyev deyib.  

Son dövrlər Xəzər dənizinin quruması daha da sürətlənib.

Xəzər dənizi 1990-cı illərdən etibarən qurumağa başlayıb.

Nazir müavininin sözlərinə görə, dənizin səviyyəsi son beş ildə 0,93 metr, son on ildə 1,5 metr, son otuz ildə isə 2,5 metr azalıb. Hazırda səviyyənin ildə 20–30 sm azalması proqnozlaşdırılır.

“Bu proses sahil bölgələrində limanların fəaliyyətinə təsir edir, dənizçilik və neft-logistika infrastrukturu üçün ciddi problemlər yaradır. Liman xəttinin geri çəkilməsi təbii şəraiti dəyişir, iqtisadi fəaliyyəti pozur və dayanıqlı inkişaf üçün yeni çağırışlar yaradır”, – Hacıyev belə deyib.

Xəzər dənizi Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanla həmsərhəddir və böyük neft-qaz ehtiyatlarına malikdir. Suyun səviyyəsinin azalması limanlara və dənizdəki enerji infrastrukturuna mənfi təsir göstərir. Məsələn, Azərbaycanın Dubəndi terminalında daşınan neftin həcmi 2025-ci ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Xəzərin səviyyəsinin enməsi ilə bağlı səbəblər ətrafında fikir ayrılığı var. Rusiya bu prosesi, əsasən, qlobal iqlim dəyişikliyi – yüksək temperatur, azalan yağıntılar və artan buxarlanma ilə əlaqələndirir.

Azərbaycan tərəfi isə əlavə olaraq Volqa ilə Ural çaylarının axarlarında su anbarları və hidrotexniki qurğuların tikilməsi nəticəsində Xəzərə daxil olan suyun həcminin azalmasını da əsas səbəblərdən biri kimi göstərir.

Volqa çayı Xəzər dənizinə axan suyun 80%-ni təşkil edir.

2024-cü ildə Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması ilə bağlı problemi öyrənmək məqsədilə ortaq işçi qrupu yaradıb. Qrupa hər iki ölkənin müvafiq nazirlik və elmi-tədqiqat institutlarından nümayəndələr daxildir.

“Reuters” yazır ki, hazırda iki ölkə arasında siyasi münasibətlərdə gərginlik müşahidə olunsa da, imzalanmış protokola əsasən, sentyabr ayında bu işçi qrupunun birgə monitorinq və cavab proqramı onlayn şəkildə təsdiq olunması gözlənilir.

Dəniz səviyyəsinin azalması təkcə limanlara və iqtisadi fəaliyyətə deyil, ekoloji tarazlığa da ciddi zərbə vurur.

Rauf Hacıyev bildirib ki, Xəzərin sahilindəki bataqlıqlar, qamışlıqlar və laqunlar məhv olur, bu da nadir növlərin – o cümlədən nərə balıqlarının və Xəzər suitilərinin yaşam mühitini təhlükə altına salır.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …