Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Xalqımız Şuşa zəfəri ilə yenidən doğuldu, yeni doğuluşu ilə də bütün dünyaya öz bütövlüyünü, birliyini, iradə və əzmini nümayiş etdirdi.

Samir Adıgözəlli: “Müasir Azərbaycan tarixində müxalifətli, iqtidarlı, uşaqlı-böyüklü hamı bir araya gəldi, hamı Şuşa naminə birləşdi, bir milli birlik, həmrəylik mənzərəsi yarandı”

Şuşanın işğaldan azad ediləcəyi günü xalq olaraq 28 ildir ki, böyük həsrətlə gözlədik. Nəhayət ki, həsrətin ömrü başa çatdı, Ali Baş Komandanımız İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdı.

Şuşanın işğaldan azad edilməsi müjdəsi bütün xalqımızı birləşdirdi və xalqımızın mənəvi-psixoloji üstünlüyünu bir daha ortaya qoydu. Müxalifətli, iqtidarlı hamı Şuşa müjdəsi ətrafında birləşdi, həmrəy oldu, bu sevinci, qüruru bizə yaşadan müzəffər ordumuza və müzəffər Ali Baş Komandanımıza öz təşəkkürünü bildirdi.

Boyukmillet.com xəbər verir ki, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli baki-xeber.com-a bildirib ki, ilk növbədə, bütün dünya azərbaycanlılarını, bu günü həsrətlə gözləyənlərin hamısını ürəkdən təbrik edir. “Hesab edirəm ki, Şuşanın azadlığı bizim hər birimizi ən azı 30 il cavanlaşdırdı, bükülən qəddimizi dikəltdi. Şuşanın işğaldan azad edilməsi Vətən Müharibəsinin taleyini həll edən zəfər yürüşümüzün zirvəsi oldu. Şuşa əməliyyatında qazandığımız qələbə, zəfər dünyanın hərb tarixinə düşən bir tarixi hadisə oldu. Onu biz demirik, bütün dünya ekspertləri, qaynar nöqtələrdə döyüşə şahidlik edən xarici jurnalistlər deyirlər. Şuşa dronlarla alınmadı, Şuşanı Vətən savaşında mücadilələr verən əsgər və zabitlərimiz düşmənlə əlbəyaxa döyüşlərlə işğaldan azad etdilər. Şuşada ordumuza qarşı döyüşən düşmən əsgərləri bıçaq və  tapança yaraları ilə xəstəxanaya aparılıb. Böyük bir əməliyyat oldu. Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan möhtəşəm bir tarixi hadisədir. 8 noyabr qələbəsi tariximizdən heç zaman silinməyəcək. Təbii ki, Şuşanın işğaldan azad edilməsi xəbəri həm ölkə ictimaiyyəti, həm də  dünya azərbaycanlıları və Azərbaycanı sevən, dövlətimizin ədalətli mövqeyini dəstəkləyən insanlar tərəfindən bayrama çevrildi. Şuşanın azadlığı cəmiyyətimizdə böyük bayram ovqatı yaratdı, ictimai birliyin mənəvi və siyasi əsaslarını birmənalı olaraq daha güclü şəkildə ortaya qoydu. Xalqımızın bütün nümayəndələri, milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, Şuşanın işğaldan azad edilməsi xəbərini böyük sevinclə qarşıladılar. Müxalifətdə, yaxud iqtidarda təmsil olunmasından asılı olmayaraq, Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqını bir daha bütövləşdirdi, böyük milli birlik, həmrəylik yaratdı. Müasir Azərbaycan tarixində müxalifətli, iqtidarlı, uşaqlı-böyüklü hamı bir araya gəldi, hamı Şuşa naminə birləşdi, bir milli birlik, həmrəylik mənzərəsi yarandı. Cəmiyyətimiz bəlkə də indi olduğu kimi heç bir vaxt belə bütöv, belə həmrəy olmayıb. İnsanlar sevinc göz yaşları tökdülər. Şuşa Azərbaycanın göz bəbəyidir, mədəniyyət beşiyidir, böyük tarixi köklərə malik şəhərimizdir.

Şuşanın işğaldan azad edilməsinin hərbi-siyasi əhəmiyyəti haqqında çox danışılacaq, çox yazılacaq” – deyə S.Adıgözəlli qeyd etdi.

S.Adıgözəlli vurğuladı ki, Şuşanın işğaldan azad edilməsi xalqımıza yeni ovqat, yeni can verdi, sanki cəmiyyət, xalq olaraq yenidən doğulmuşuq. “Xalqımız Şuşa zəfəri ilə yenidən doğuldu, yeni doğuluşu ilə də bütün dünyaya öz bütövlüyünü, birliyini, iradə və əzmini nümayiş etdirdi. Şuşa zəfərinin ardınca başqa zəfərlər qazanacağıq. Bunu dünya da bilir” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …