Bazar , 24 Noyabr 2024
Drone Cameras

Xanhüseyn Kazımlının oğlu evsizləri yenə evsiz qoyur

2019-cu ildə ölkə Prezidenti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq edib. Bu, olduqca humanist və ölkə əhalisinin şəxsi mənzilinin olması ilə bağlı mühüm qərardır. Təbii ki, Prezident bununla dövlətin sosialyönmlü siyasətinin ardıcıl və vətəndaşların istəyinə uyğun olduğunu bir daha göstərdi. 

Beləliklə də, Azərbaycanda kirayə mənzillər mexanizminin yaradılması Prezidentin Fərmanı ilə İpoteka və Kredit Zəmanət Fonduna həvalə olundu. Nəhayət, 2020-ci il yanvarın 22-də kirayə yolu ilə mənzil alanların elektron müraciətlərinin qəbuluna başlanıldı. Xüsusən aztəminatlı insanların bu sosial layihəyə ümidləri böyük idi. İpoteka və Kredit Zəmanət Fondu isə hökumətin bu siyasətini uğurlu icra edə bilmədi. Öncə onu qeyd edək ki, qiymətlərin yüksək olması demək olar ki, bu layihəyə olan ümidləri doğrultmadı. İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda 297 manatdan başlayacaq. Bu isə layihənin sosial mahiyyətini itirdiyini və aztəminatlı ailələr üçün əlverişli olmadığını təsdiq edir.

Hesablamalar göstərir ki, Bakı şəhərində mənzilin bir kvadratmetri 2126 manat, Xırdalanda 1708 manat, Sumqayıtda isə 2152 manat olacaq. 

Əksər ekspertlərin fikrincə, qiymətlər çox yüksək olduğu üçün aztəminatlı ailələrin gəlirlərinə uyğunlaşdırılmayıb. Hətta ipoteka krediti ilə alınan mənzillərin qiyməti “kirayə mənzil”dən daha ucuz başa gəlir. Ayda 411 manat kirayə ödəməklə həmin mənzilin yaşayan şəxsə qalmasına baxmayaraq, Azərbaycandakı ailələrin əksəriyyətinin orta aylıq gəlirinə və minimum istehlak meyarına uyğun gəlmir. 

Hazırda Bakı və Xırdalan şəhərlərdəki mənzillərdə müvəqqəti yaşayan şəxslərin bir çoxunun bölgələrdən gəlmiş, günəmuzd işləyən və ya daimi iş yeri olmayanlar, ailə başçısı işləyən və ailə üzvləri işsiz olan vətəndaşlar, həmçinin tələbələr olduğunu nəzərə alsaq, Kirayə Mənzil Fondunun təklif etdiyi mənzillərə tələbatın yüksək olacağı şübhə doğurur. 

Görünür,  İpoteka və Kredit Zəmanət Fondu bu kateqoriyadan olan şəxsləri, xüsusilə də azətminatlı və evsiz şəxsləri nəzərə almayıb. Bu isə layihə şərtlərinə yenidən baxılmasını gündəmə gətirə bilər. “Kirayə mənzil mexanizmi”nin tək narahatlığı qiymətlərin açıqlanması ilə məhdudlaşmadı. Belə ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi fəaliyyətinin ilk günündə “kirayə mənzillərin” alışının elektron sistemi işə başlamamış çökdü. Fondun rəhbəri neçə illik deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımovdur. Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu “Elektron ipoteka” sisteminin yaradılması üçün “CyberNet” şirkətinə təxminən 6 000 000 manat, sistemin təkmilləşməsi üçün “GT Solution” şirkətinə isə təxminən 3 000 000 manat vəsait xərcləyib.

Ümumilikdə 9 milyon manata başa gələn sistemin çökməsi ictimaiyyəti narazı saldı. İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz iddia edib ki, bəzi qurumlar qabaqcadan sistemin bu formada işə salınmasında ciddi risklər ola biləcəyinə dair İpoteka və Kredit Zəmanət Fonduna tövsiyələr verib:

“Xəbərdarlıq edilib ki, risklər yüksəkdir və sistem bu formada işə salınsa, yüklənməyə tab gətirməyəcək və çökə də bilər. Təklif olunub ki, testlər keçirilsin və qüsurlar aradan qaldırılsın. 

“CyberNet” və “GT Solutions” İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyini əmin ediblər ki, hər şey qaydasındadır və sistemi işə salmaq olar. Fond rəhbərliyi də, güman ki, ortada bəlli bir məcburi hüquqi prosedurlar olmadığından, layihəyə daha tez başlamaq üçün dövlət qurumlarının deyil, sistemi hazırlayan İT şirkətlərin rəylərinə üstünlük verib. Bu cür yanaşmanın nəticəsi isə artıq məlumdur. Düşünürəm ki, səlahiyyətli qurumlar baş verənlərdən bir daha ibrət dərsi götürməlidir. Təqsirkarlar, cavabdeh şəxslər müəyyən olunmalıdır və onların məsuliyyəti məsələsinə baxılmalıdır. Fikrimcə, təcili olaraq bu sahədə hüquqi məsələlər təkmilləşdirilməli və sərtləşdirilməlidir. İctimai əhəmiyyət kəsb edən dövlət informasiya resurslarının auditi məcburi olmalıdır”.

İpoteka və Kredit Zəmanət Fondu növbəti açıqlama yayaraq “Elektron ipoteka və kredit zəmanət” sisteminin çökməsi fikri ilə razılaşmayıb. Fondun açıqlamasında qeyd olunub ki, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar olub:

“Yekun olaraq, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən baş vermiş texniki problemlə bağlı məsələyə anlayışla yanaşılmasını xahiş edir və bildiririk ki, ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq”. 

Ancaq açıqlama da özlüyündə problemin olmadığını sübut etmir, əvəzində bahalı evlərin “şoku”na bir də çökən bahalı sistem əlavə olunub. Əgər ortada, hətta Fondun iddia etdiyi kimi çökmə yox, texniki problem varsa belə, bu, milyonlarla manat xərclənın layihənin müvafiq qurum tərəfindən icrasındakı uğursuzluqdur. 

Vəzifəsinin öhdəsindən gələ bilməyən və ya gəlmək istəməyən məmurların bu fəaliyyəti dövlətin öz vətəndaşlarına yönəlik, əslində olduqca xoş niyyətə hesablanmış layihəsini də kölgə altına almaq cəhdi kimi dəyərləndirilə bilər.

(Cebhe.info)

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …