Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir. Türkiyənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb. Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. Türkiyə Böyük Millət Məclisi Azərbaycan üçün xüsusi gün olan – 17 noyabr Milli Dirçəliş Günü münasibətilə sənədi təsdiq edəcək.
Bununla bağlı Konkret.az-la fikirlərini bölüşən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, dünən Türkiyə Böyük Millət Məclisinə türk ordusunun Azərbaycana gəlməsi ilə bağlı qanun layihəsi təqdim edildi. Yəni türk Ordusuna Azərbaycana gəlməsi və Qarabağ ərazisində yerləşməsi ilə bağlı icazənin verilməsi şübhəsizdir. Türkiyənin bu münaqişədə bizim yanımızda olması Azərbaycanın təminatı deməkdir. Rusiyaya və sülhməramlılarına güvənməməyi yüz illərdir ki, öyrənmişik. Çünki bir neçə dəfə onlardan ağzımız yanıb. Bu gün də Qarabağda Rusiya sülhməramlıları ilə bağlı baş verən məsələ göstərir ki, yenə də o müəyyən oyunların içində ola bilər. Çünki son dövrlər Putin Xankəndində Rusiyanın bütün dövlət orqanlarının yerləşdirilməsi ilə bağlı sərəncam və fərmanlar imzalayır. Hətta Xarici İşlər Nazirliyinin Xankəndində nümayəndəliyini yerləşdirir. Bunlar heç biri sülhməramlıların gəlməsi ilə bağlı anlaşmada yoxdur”.
Firudin Məmmədov vurğulayıb ki, Rusiya başqa arzulara düşə bilər: “Ona görə də Türkiyə Ordusunun Qarabağda olması əhəmiyyətli məsələdir. Çünki Rusiyanın qarşısında güclü dövlətin olması vacibdir ki, şeytana uymasın. Bu baxımdan Türkiyənin bu məsələdə iştirakı bizim üçün çox əhəmiyyətlidir. Neçə gündür ki, prosesləri izləyirəm və məndə narahatlıq yaranıb. Rusiya, deyəsən, Xankəndinin timsalında Abxasiya yaratmağa çalışır. Amma Rusiya xalqı unutmamalıdır ki, 90-cı ilin əvvələrində Rusiya hərbi hissəslərini tarimar edib, bütün hərbi texnikalarını götürüb ermənilərlə mübarizədə biz istifadə etmişik. O vaxt belə hadisələr çox olub. Rusiya nəyəsə arxayın olub səhv addım atmamalıdır. Hansı missiyanı icra etməyə gəlibsə, onu da icra etməlidir. Əks təqdirdə Azərbaycan xalqının iradəsini, Qarabağdakı türk ordusunu və qardaş Türkiyəni qarşılarında görəcək”.