Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Xaraba Gilan arxeoloji ekspedisiyasının uğurlu nəticələri

AMEA-nın Naxçıvan Bölməsində Ordubad rayon ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının cari ilin nəticələrinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisində arxeoloji qazıntılar zamanı əldə olunan tapıntıların tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası Ordubad rayon ərazisində 15 ildən artıqdır ki, arxeoloji qazıntılarını davam etdirir. Akademik Plovdağ, Aza, Dəlmə qalada aparılan tədqiqatların uğurlu nəticələri müxtəlif illərdə işıq üzü görən monoqrafiya və elmi məqalələrdə öz əksini tapdığını deyib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə apardığı qazıntı işlərinin yekun nəticələrini diqqətə çatdırıb. Bildirib ki, cari ildə Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kv. metr sahədə arxeoloji qazıntılarını davam etdirib. Tədqiqatlar nəticəsində 40-a qədər daş balta, Son tunc dövrünə aid gil küpün içərisində 5 ədəd tunc muncuqdan hazırlanmış boyunbağı ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib. Arxeoloq həmçinin, Plovdağ yaşayış yerində aşkar olunan keramika qalıqlarından, eləcə də dağ daşından işlənilən tikililərlə bağlı iştirakçılara məlumat verib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir Vəli Baxşəliyev və Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək Xaraba Gilan arxeoloji ekspedisiyasının nəticələrindən söz açaraq Azərbaycan arxeologiyası üçün əhəmiyyətini qeyd ediblər.

Sonra Bəhlul İbrahimli iştirakçıların çoxsaylı suallarını cavablandırılıb.

Tədbir çərçivəsində Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə aşkar etdiyi arxeoloji materiallar video görüntü vasitəsi ilə iştirakçıların diqqətinə çatdırılıb.

Naxçıvan Bölməsinin mətbuat xidməti

Boyukmillet.com

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …