Dünya Azərbaycanlıları Konqresi mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Azərbaycanın qamətini bir qədər də şuxlaşdırdı: “Bilirsimiz ki, döyüşdə adam nə qədər güclü olsa da, gözü dəstək axtarır. Belə anda verilən dəstəyin əhəmiyyəti çox böyükdür. 40 gündür müharibə gedir, mən cəmiyyətimizin davranışından çox razıyam. Xüsusilə də xaricdəki diaspor təşkilatlarımız ortaya ciddi fədakarlıqlar qoyurlar. İndiyə qədər keçirilən aksiyaları izləyirik. Maraqlıdır ki, aksiyalardakı tələblər Ermənistanın bütün işğalçı mahiyyətini, terror törətdiyinə baxmayaraq, dünya birliyinin, əlaqədar təşkilatların bu məsələyə biganə yanaşması ilə bağlı tələbləri əhatə edir. Bir faktı da nəzərə alaq ki, biz bunu dünyada uzun illər ciddi şəkildə təşkilatlanmış, dərin kök atmış erməni diasporu ilə rəqabət şəklində edirik. Yayılan məlumatlardan görürük ki, əksər hallarda erməni diasporunun nümayəndələri bizim aksiyalarımıza maneçiliklər törətməyə can atır. Ancaq soydaşlarmız mərdliklə onların cavabını verir. Bu da o anlama gəlir ki, artıq dünyanın sakit olan ölkələrində belə bu cür aksiyalar keçirmək həm də risq və fədakarlıq tələb edir.
Başqa bir istiqamət barədə də danaışa bilərik. Bu da, Ordumuzun maddi təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki soydaşlarımızın dəstək aksiyalarında yaxından iştirak etmələridir. Bütün bu tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bunun Azərbaycanın haqq işinin tam bərqərar olmasına müstəsna şəkildə dəstəyi var”.
Bütün bunlar bir daha sübut edir ki, dünyada yaşayan bütün azərbaycanlılar bu ölkəni öz ayrılmaz parçası sayır.
Məhəmmədəli QƏRİBLİ
Boyukmillet.com