Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı – 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib.
Boyukmillet.com xəbər verir ki, səfər zamanı xarici qonaqlar işğaldan azad olunmuş ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırım fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar.
Eyni zamanda, Ermənistanın beynəlxalq hüquqa zidd və qeyri-insani fəaliyyəti nəticəsində vaxtilə işğal altında olan ərazilərdə ciddi mina təhlükəsinin olduğu və minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycan tərəfinə hələ də verilmədiyi, post-müharibə dövründə 200-dən artıq Azərbaycan vətəndaşının, o cümlədən uşaqların və jurnalistlərin mina qurbanları olduğu xarici diplomatların diqqətinə çatdırılıb.
Səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işləri ilə tanış olan qonaqlar aparılan fəaliyyətin həcmi və sürətini alqışlayıblar. Onlara torpaqların azad edilməsi ilə bu ərazilərin yenidən dünyanın iqtisadi, mədəni və turistik xəritəsinə geri qayıtdığı və bugünə kimi Azərbaycan hökumətinin bunun yeganə təminatçısı olduğu bildirilib.
Xarici diplomatlara işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən Şuşa şəhərinin Azərbaycan və Qafqazın ictimai-siyasi həyatında oynadığı rol haqda geniş məlumat verilib. Qarabağ xanı Pənahəli Xan tərəfindən şəhərin əsasının qoyulmasının 270 illiyini qeyd etmək və aparılan quruculuq işlərini sürətləndirmək məqsədilə 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Şuşa İli” elan edildiyi bildirilib.
Beynəlxalq səviyyədə insan kapitalının inkişafı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan proqramda 11 ölkədən (Albaniya, Burundi, Çad, Qabon, Qazaxıstan, Macarıstan, Mərakeş, Rumıniya, Paraqvay, Şri-Lanka və Konqo) 14 xarici diplomat iştirak edir. İki həftəlik builki proqram çərçivəsində iştirakçılar üçün Xarici İşlər Nazirliyini təmsil edən peşəkar diplomatlar, ADA Universitetinin mütəxəssis-müəllim heyəti, eləcə də millət vəkilləri, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ, ANAMA, Qarabağ Dirçəliş Fondu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ASAN Xidmət və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi qurumların nümayəndələri tərəfindən təqdimat və mühazirələr təşkil olunur.